Bu yazıda yeməyin tərtibatçısı yox, dəvətli mövqeyində olub, bir sıra ip uclarından, əslində bilindiyi zənn edilən lakin tam aydın olmayan yazılmamış qaydalardan bəhs olunur. Çoxda dərinə enməyib (yeməkdə menudan hansı yeməklərin sifarişi daha etik görünər, təqdim olunan salfetka, müxtəlif ölçülü çəngəllərdən istifadə qaydaları və s.) situasiyalar üzərində ümumi məsləhət xarakterli fikirlərimi bölüşürəm.
- Ümumi dəvətə nəzərən xüsusi dəvətli “İşgüzar Yemək” prioritetimizdir. Daha çox önəmsənir və hazırlıqlı davranış sərgilənir.
- Geyimimiz “İşgüzar Yemək” konseptində olmalıdır - ciddi lakin, qarşı tərəfin təşəbbüsünə və səmimiyyət dərəcəsinə görə çox kiçik frazalarla dəyişə bilər. Yəni, geyim, kostyum (kişi, qadın) və ya biraz daha gündəliyə yaxın geyimlərdən seçilə bilər. Lakin geyimin bədəndə duruşu, səliqə və dəqiqliyi tərənnüm etməlidir (Ütülü ).
- Məkanda dəvət edəndən öncə oturmaq, sifariş etmək biraz xoş görülməsə də, faciə də deyil.
- Görüşə azacıq tox gəlmək hər zaman faydalıdır. Aclıq hissi huşunuzu itirilməsinə və ya söhbət əsnasında diqqətinizi toplamağınıza mane ola bilər. Yemək servisi zamanı sizdən asılı olmayaraq həmin an üçün yeməklərə olan arzunuz ortaya çıxa bilər ki, bu da qarşı tərəfin diqqətindən qaçmaz.
- Gecikmək vəya görüş yerinə getmək üçün yola ayrılan zamanın təxmini hesablanması kimi məsələlərdən uzun danışmırıq. Çünki dəqiqlik hər zaman prestijdir.
- Əsas hədəfimiz faydalı söhbət və başlıca məsələlərin həllinə yönəlməlidir. Bununla əlaqədar başlıqlara əvvəlcədən hazırlıqlı olmaqda fayda var.
- Qısaca aşağıdakı şəkildən masadakı yemək ləvazimatlarının funksiyalarını təqdim edirəm:
- Mobil telefon, avtomobilin açarı və s. kimi əşyalar masanın üstünə qoyulmamalıdır.
- İşgüzar Yemək olduğuna baxmayaraq ehtiyac olmadıqca oxumaq, yazmaq, qeydlər aparmaq yaxşı deyil.
- Ofisiant ilə alçaq səslə danışılmalı, çağrılarkən geniş əl hərəkətlərindən və qüvvətli ədatlardan istifadə olunmamalıdır. Masadan düşən hər hansı parça üçün rica etməli, özünüz bunun ilə məşğul olmamalısınız.
- Dəvət edənin idarəedici mövqeydə olduğu unudulmamalıdır. Hesab istəmək, ödəməyə israrla çalışmaq (bəlkə təklif, amma israr yox) və s. doğru davranışlar deyil.
- Yeməkdən sonra sıxılan əllər, xoş gülümsəmə, təşəkkürdən əlavə minnətdarlıq notunun göndərilməsi, peşəkarcasına olacaqdır.
Fuad VAHABZADƏ, banco.az