"Google" haqqında 10 maraqlı fakt | Banco.az

"Google" haqqında 10 maraqlı fakt

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Google" texnologiya dünyasında mühüm yer tutur. 1998-ci ildən axtarış sistemi olaraq gündəlik fəaliyyətimizin bir hissəsi olan "Google"un internetdə nəsə axtarmaq istədiyimiz zaman ilk dayanacağımız olduğu danılmaz bir həqiqətdir. Hazırda bir çox sektorda fəaliyyət göstərən şirkətlə bağlı bilinməyən detallar da var. Bu məqalədə həmin detallardan bəziləri barədə məlumat verəcəyik.

1. "Google" ilk vaxtlar "BackRub" adlanırdı

"Google"un həmtəsisçiləri Larri Peyc və Sergey Brin 1996-cı ildə onun adını "BackRub" qoyublar. Şirkətin indiki adına isə daha sonra qərar verilib.

2. "Google"un adı quqoldan (googol) irəli gəlir 

"Google" adını riyaziyyatda ən böyük rəqəmlərdən biri olan quqoldan (10¹⁰⁰) götürüb. Şirkətin təsisçiləri axtarış sistemləri tərəfindən təhlil edilən böyük həcmli məlumatların əks olunması kimi bundan ilham alıblar. Hətta "Google" quqolun yazı səhvi kimi qəbul edilir.

3. 2013-cü ildəki "Google"un çöküşü zamanı internetdən istifadə 40 faiz azalıb

16 avqust 2013-cü ildə bütün "Google" xidmətlərinə və tətbiqlərinə təsir edən elektrik kəsilməsi baş verib. "GoSquared" veb-analitika şirkətinin məlumatına görə, beş dəqiqəlik fasilə zamanı dünya üzrə internetdən istifadə 40 faiz azalıb.

4. "Yahoo" "Google"u almaqdan imtina edib

1997-ci ildə "Google" hələ o qədər də tanınmayan vaxtlar Larri Peyc və Sergey Brin şirkəti "Yahoo"ya 1 milyon dollara satmağı təklif ediblər. "Yahoo" isə şirkətin o qədər də dəyərli olmayacağını düşünərək təklifi rədd edib. 2002-ci ildə artıq populyarlaşmağa başlayandan sonra "Yahoo" "Google"u 3 milyard dollara almaq istəyirdi. Lakin bu dəfə təklif Peyc və Brin tərəfindən qəbul edilməyib.

5. "Google"un axtarış alqoritmi patenti Stenford Universitetinə məxsusdur

"Google"un həmtəsisçiləri Stenford Universitetində tələbə olarkən "PageRank" alqoritmi üçün patent almaq üçün müraciət etmişdilər. Alqoritm veb səhifənin əhəmiyyətini müəyyən etməyə kömək edir və "Google"un axtarış nəticələrini necə sıraladığının bir hissəsini təşkil edir. Lakin bu patent Stanford Universitetinə məxsusdur. Bu səbəblə sözügedən alqoritmdən istifadə etmək üçün universitetdən 1,8 milyon səhm üçün lisenziya alınıb.

6. "Google"da şəkillərin səbəbi Cennifer Lopez olub

"Google" ilk qurulduğu zaman istifadəçilərə indiki qədər geniş axtarış variantları təklif edə bilmirdi. Bu vəziyyət Cennifer Lopezin 2000-ci ildə "Grammy" mükafatlandırma mərasimində geyindiyi paltarla bir daha gözə çarpdı.

Ən sərfəli kredit üçün müraciət et

İnsanlar məşhur sənətçinin geyindiyi paltarı axtarmaq üçün internetə axışıb və sözügedən paltar hətta "Google"da ən çox axtarılan terminlərdən birinə çevrilib. Ancaq qəribəsi odur ki, o zaman platformada şəkillər bölməsi yox idi. Belə ki, axtarışda yalnız mətn yönümlü nəticələr görünürdü. "Google" daha sonra bu cür vəziyyətlərdə olan insanlar üçün işləri xeyli asanlaşdıracaq şəkillər seçimini təqdim etdi.

7. Hər gün edilən axtarışların 15 faizi yeni və unikaldır

"Google" internetə giriş qapısıdır. Ona görə də, istədiyimiz termini axtararaq istədiyimiz internet saytına gedə bilərik. Araşdırmalara görə, "Google"da hər gün edilən axtarışların 15 faizi əvvəllər heç vaxt axtarılmayan unikal terminlərdən ibarətdir.

8. "Google" "YouTube"u fəstfud restoranında satın alıb

2006-cı ildə "Google" məşhur video paylaşma platforması "YouTube"u 1,65 milyard dollara satın aldı. "YouTube"un həmtəsisçisi Steven Chen 2011-ci ildə verdiyi açıqlamada Palo Altoda "Denny's" fəstfud restoranında "Google" rəhbərləri ilə görüşdüyünü və razılaşmanın orada edildiyini bildirmişdi.

9. "Google" sözü 2006-cı ildə rəsmi olaraq feil kimi qəbul edilib

"Google" 1997-ci ildən bəri özünü gündən-günə təkmilləşdirir və hazırda internetin ən böyük alətlərindən biridir. Bu kontekstdə "Google" sözü 2006-cı ildə "Oxford English Dictionary" və "Merriam-Webster Collegiate Dictionary" tərəfindən rəsmi olaraq feil kimi tanınıb.

10. "Google"da ilk dudl (doodle) 1998-ci ildə ortaya çıxıb

"Google"un bayramları, mühüm hadisələri, nailiyyətləri qeyd etmək üçün müvəqqəti olaraq loqoda etdiyi xüsusi dəyişikliklər olan dudl ilk dəfə 1998-ci ildə "Burning Man" Festivalı zamanı yaranıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et