Gəlin, dünyanı dəyişdirən 10 qadını tanıyaq! | Banco.az

Gəlin, dünyanı dəyişdirən 10 qadını tanıyaq!

Tarix boyunca dünyanın hər yerində, fərqli mədəniyyətlərdə cəsur və güclü qadınlar cəmiyyəti irəliyə apararaq insanları daha böyük düşünməyə, irəliləməyə və yeniliklərə təşviq ediblər. Bugünkü məqalədə adı çəkilən qadınlar da hüdudsuz marağın, təqdirəlayiq cəsarətin və dünyanı dəyişdirə biləcək öncəgörücülüyün necə möhtəşəm hadisələrə səbəb ola biləcəyinin sübutudur. Onların hər birinə təşəkkür borcluyuq, çünki bu qadınlar sayəsində dünyadakı digər həmcinsləri daha azad həyata sahibdirlər, sərhədləri keçir və daha böyük xəyallar quraraq dünyaya öz töhfələrini verirlər.

Həmçinin oxu: Dünyanın ən varlı qadınlarını tanıyırsınızmı?

1. Anne Sullivan

Bu qadın Helen Keller-ə, görmə və eşitmə qüsuru ilə dünyaya gəlmiş bir uşağa necə ünsiyyət qura biləcəyini öyrədib. 20 yaşında olan Anne Sullivan Keller-ə danışıq təhsili verib, ona Brayl (Braille) əlifbasını öyrədib və hətta təməl yazı vərdişlərini də uşaqda formalaşdırıb. Anne Sullivan-ın fikrincə, uşaqlar bir müəllimdən daha çox onları yönləndirən və onlara simpatiya bəsləyən bir insana ehtiyac duyurlar.

Qeyd: Brayl əlifbası 1821-ci ildə Luis Brayl tərəfindən ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifbadır.

2. Florence Nightingale

Florence Nightingale-in təxəllüsü “Lampa Qadın” idi. O, tibb bacılığı sahəsində yenilik etmiş, 19 – cu və 20 – ci əsrlərin səhiyyə və tibbi qulluq sahəsindəki strategiyaların təkmilləşməsində böyük rol oynamışdır. Tutduğu dəftərlərdən götürülən qeydlər dünya miqyasında səhiyyə və tibbi qulluq islahatına yol açmış, səhiyyə ilə maraqlanan milyonlara ilham olmuşdur. Nightingale və həmkarları olan digər tibb bacılarından ibarət komanda müharibələr dövründə işlədikləri İngilis xəstəxanalarındakı qeyri-gigiyenik mühiti dəyişdirmiş, demək olar ki, gigiyena sahəsində inqilab eləmişdi. Təbii ki, onun bu səyləri minlərlə insanın həyatını xilas etmişdi.

“Mənim uğurumun tək bir səbəbi var: heç zaman bəhanə etməməklə yanaşı heç bir bəhanəni də qəbul eləməmişəm.” – Florence Nightingale

3. Katherine Johnson

Kosmos səfərlərində riyaziyyatın rolunu heç düşünmüsünüzmü? Katherine Johnson dünyanın ən ağıllı ziyaziyyatçılarından biri idi, 1969 – cu ildə Apollo 11 kosmik gəmisinin fəzaya buraxılması üçün lazımi hesablamaları xətasız icra edən də məhz o idi.

“Əlbəttə ki, yaratdığımız bəzi şeylər zaman ərzində cəmiyyətin nəzərində əvvəlki dəyərini itirəcək və silinib gedəcək, ancaq elm, mühəndislik və texnologiya hər zaman həyatımızda olacaq. Riyaziyyat isə zamanın sonuna qədər burada, bizimlə birlikdə, daima yanımızda qalacaq.” – Katherine Johnson

4. Marie Curie

Mariya Küri (Marie Curie) Nobel mükafatına layiq görülən ilk qadın idi. Bununla yanaşı o, həm də bu mükafatı ikinci dəfə qazanan ilk insan idi. Hətta dünyada ondan başqa iki fərqli elm sahəsi üzrə Nobel mükafatına layiq görülən başqa bir elm insanı yoxdur. O, həm fizika, həm də kimya sahəsində qazandığı mükafatlarla tarixə adını yazdırmışdır.

“Elmdə digər məfhumlarla məşğul oluruq, insanlarla deyil.” – Marie Curie

5. Margaret Hamilton

Ən sərfəli kredit üçün müraciət et

Margaret Hamilton insan oğlunu Aya aparan şəxsdir. Nasa 1969 – cu ildə Apollo 11 kosmik gəmisinin Ayın səthinə təhlükəsiz şəkildə enməsini bu qadına borcludur, çünki eniş komandasını idarə edən proqramları tərtib edən mühəndis məhz Hamilton idi. Onu da qeyd edək ki, proqram mühəndisliyi termini də ilk dəfə məhz Margeret Hamilton tərəfindən qəbul edilmişdi. Hamilton Apollo 11 kosmik gəmisinin böyük uğuru səbəbilə Amerika prezidenti tərəfindən Azadlıq Medalı ilə təltif olunmuşdu.

“Geriyə baxdığım zaman necə şanslı olduğumuzu görürəm. Təşəbbüsçü olmaqdan başqa şansımız yox idi, səhv etmək seçiminə sahib deyildik.” – Margaret H.Hamilton

6. Ada Lovelace

Fotoqrafiya

Ada Lavleysin 1800 – ci illərin ortalarında ilk kompüter proqramının ixtirası üçün lazımi addımları bir-bir yazdığı deyilir. Təəssüflər olsun ki, onun işləri 1950 – ci ilə qədər gizli qalmış, ancaq həmin tarixdə BV Bowden tərəfindən kəşf edilmişdi. Bowden Lavleysin çalışmalarına yer verdiyi əsəri ilə illər sonra Lovleysə layiq olduğu məşhurluğu qazandırdı.

“Mənim beynim ölümlü bir məhfumdan daha artıqdır, vaxt bunu sizə göstərəcəkdir.” – Ada Lovelace

7. Katharine Hepburn

Ketrin Hepbern öz istədiyini edən, müstəqil bir aktrisa olaraq Hollivuddakı səltənətini 60 il ərzində davam etdirdi. Komediya janrından drama qədər bir çox fərqli janrlarda filmlərə çəkilən Hepbern ən yaxşı aktrisa laureatı üzrə 4 adda mükafata layiq görülərək dünya rekorduna imza atmışdır.

“Əgər bütün qaydalara riayət etsəniz, o halda əyləncədən məhrum olacaqsınız deməkdir.” – Katharine Hepburn

8. Dorothy Parker

Young Dorothy Parker.jpg

Dorothy Parker Amerika ədəbiyyatına öz töhfəsini vermiş bir qadındır. O, həm yazıçı, həm də tənqidçi idi. Hətta karyerasının müəyyən dövrlərində Hollivud filmləri üçün ssenari belə yazmış, bu əsərləri ilə iki dəfə akademik mükafatlara namizəd göstərilmişdir.

“Darıxdırıcılığın müalicəsi maraqdır. Marağın isə müalicəsi yoxdur.” – Dorothy Parker

9. Lorraine Hansberry

Lorraine Hansberry Broadway tamaşalarının mətnlərini qələmə alan bir senarist idi. Qara dərili insanların təcrid olunduğu bir vaxtda uğur pillələrini sürətlə addımlayan Hansberry yazdığı bir tamaşa ilə Nyu York tənqidçilər assosiyasiyası tərəfindən mükafatlandırılan ilk qara dərili qadın və ən gənc Amerikalı olmuşdur.

10. Ellen Ochoa

Ochoa ilk latın amerikalı qadın kosmonavtdır. O, eyni zamanda optik sistemlər üzərində işləmiş, üç fərqli çalışması patent hüququ qazanmışdı. Hazırda o, Johnson Kosmik Mərkəzinin idarəçisidir.

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et