Fərid Məhərrəmli: “Məndən heç vaxt işçi olmaz” | Banco.az

Fərid Məhərrəmli: “Məndən heç vaxt işçi olmaz”

Problem yox həll yolu axtaran biridir. Deyir ki, biznesdə bu çox önəmlidir. Əgər bunu bacarmasan biznesdən gəlir əldə edə bilməyəcəksən. Bununla yanaşı işə yanaşma tərzi tamamilə fərqlidir. Deyir ki, saat 9-dan axşam 6-a kimi sevmədiyin işdə olmağın heç kimə faydası yoxdur.  Daha çox çalışıb daha çox qazanmağın tərəfdarıdır. Müsahibim “Webinno agency”nin təsisçisi, marketinq üzrə mütəxəssis Fərid Məhərrəmlidir. Qeyd edim ki, Fərid 1994-cü ildə Qazaxda dünyaya gəlib. Orta məktəbi kənd məktəbində bitirdikdən sonra Fərid Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olur. Həmsöhbətim deyir ki,  Bakıya gəlmək onun ən böyük arzularından biri olub: “Uşaq vaxtı metroya minmək ən böyük arzularımdan biri idi. Çünki metronun özünəməxsus qoxusunu çox sevirdim. Kənddə yaşayan biri kimi Bakı mənim üçün böyük fürsətlər və imkanlar şəhəri idi. Amma Bakıya bir qədər gec, yalnız universitetə qəbul olduqdan sonra gələ bildim”.

- Tələbə olarkən gənclər ancaq gəzmək, əylənmək istəyir. Siz isə öz işinizi  qurmusunuz. Maraq necə yarandı?

- Universitetləri ancaq televiziya kanallarında görən biri kimi o dövrdə mən böyük ali məktəbləri öz gözümdə çox böyüdürdüm və çətin olacağını düşünürdüm. Amma təhsil aldığım müddət ərzində çalışqan idim deyə bu mənə heç də çətin gəlmədi. Hətta dərslərdən əlavə xeyli boş vaxtım qalırdı. Beləcə həmin boş vaxtlarımı dəyərləndirmək qərarına gəldim və müxtəlif ictimai işlərlə məşğul olmağa başladım. Bir çox layihə və tədbirlərdə iştirak etməklə özümə yaxşı çevrə qazandım. Son iki kursda isə qərara gəldim ki, biznesə atılım. Müxtəlif təhsil layihələri təşkil etdim. Həmin ərəfədə   bazarın 40 faizdən çox pay sahibi olan “xariceget.com” adlı şirkət yaratdım. Gənclərə dil, xarici ölkələrdə təcrübə və ixtisas artırma kursları, könüllülük proqramları təqdim edirdik.

-Yəqin ki, rayondan gələn və təcrübəsi olmayan biri üçün heç də asan olmayıb?

- Adətən rayondan Bakıya gələn uşaqlar məcburiyyət qarşısında qalaraq tək yaşamalı olurlar. Bunun əslində həm yaxşı həm pis tərəfləri var. Yaxşı tərəfi odur ki, tək qaldıqda insan öz başının çarəsinə baxmağı öyrənir. Bir dəfə bir günə 4500 dollar pul qazanmışdıq və bu bizi çox sevindirmişdi. Komanda yoldaşlarım bilmirdi ki, bu pulu necə idarə etmək olar. Mən iqtisadçı olduğuma görə qazandığım pulu faydalı sahələrə xərcləməyi bilirdim. Bizdə adətən qazanılan pulu mala-mülkə xərcləməyi sevirlər. Bahalı həyat tərzinə meyl edənlərin sayı çoxdur. Düşünürük ki, biznesmenin bahalı maşını, evi olmalıdır. Mən bir az bu düşüncəyə yad bir insanam. Mənə görə biznesdən qazandığın pulu yenidən biznesə yatırmalısan ki, bu sahədə davamlı ola biləsən.

- Bəs necə oldu ki, marketinq sahəsi diqqətinizi çəkdi?

-Bizdə filankəs “fürsətcil insandır” deyəndə bir qədər yanlış anlaşılır. Amma düşünürəm ki, hər bir insan öz qarşısına çıxan fürsətlərdən maksimum şəkildə  dəyərləndirməyi bacarmalıdır. Mən universiteti bitirdikdən sonra Ankarada yerləşən  “Hacettepe” universitetində magistr təhsili almaq şansı qazanmışdım. Universitetə qəbul çox uzun mərhələli proses idi və beş dəfə imtahan verib qəbul olmuşdum. Amma qəbul aldıqdan sonra fikirləşdim ki, yaxşı təhsil almaq üçün əvvəlcə yaxşı təcrübə qazanmalıyam. Beləcə magistr oxumaqdan imtina etdim. Həmin ərəfədə Türkiyədə yaşayan bir nəfər özünün startap layihəsi üçün Bakıya gəlmişdi. O məni internetdə axtarıb tapmışdı və beləcə tanışlıq əlaqələrimiz quruldu. Həmin ərəfədə marketinqə marağım yavaş-yavaş yaranmağa başlayırdı və araşdırmalar etməyə başlamışdım. Mənim rəqəmlərlə aram o qədər də yaxşı deyil. Daha çox araşdırmaları sevirəm və sosial insanam. Digər tərəfdən saat 9-da işə gəlib axşam 6-da işdən çıxmağı sevən biri deyiləm. Bir neçə dəfə cəhd etsəm də başa düşdüm ki, məndən işçi olmaz. Mən komandanı yığa, insanları nəyəsə inandıra bilirəm. Başa düşdüm ki, mən idarəetməni sevən  insanam. Zamanla hər şey öz axarına düşməyə başladı. Əvvəlcə pulsuz xidmətlərə verməyə başladım. Bu insanlar tərəfindən böyük rəğbətlə qarşılandı və başa düşdüm ki,  bu məndə yaxşı alınır. Beləcə komanda yaratdıq və işə başladıq. “Tedbirli.com” startap layihəsinə başladıq və bu bizi marektinq cameəsində tanıtdırdı. İT sahəsinə olan marağım məni rəqəmsal marketinq sahəsində daha da irəli getməyimə səbəb oldu. Bu gün bizim şirkətin gəlirlərinin 60 faizini xarici tərəfdaşlarımızın üzərinə düşür. Beynəlxalq əlaqələrimizin olması marketinqə fərqli aspektdən yanaşmağımıza gətirib çıxardı.

- Əvvəllər demək olar ki marketinq termini istifadə edilmirdi. Son illər bu sahə xeyli inkişaf edib. Bu nə ilə bağlıdır? Necə oldu ki, tələb artdı?

- Əslində Azərbaycanda bu sahənin inkişafı dünya ölkələri ilə müqayisədə qaneedici deyil. Amma marketinqin son illərdə xeyli populyarlıq qazandığı aşkar məsələdir. Bu da onunla bağlıdır ki, gənclər marketinqə rahat pul qazanmaq yeri kimi baxır. Bizdə marketinq inkişaf etmiş ölkələrin marketinq anlayışından xeyli geridədir. Əslində marketinq özlüyündə geniş sahədir. Amma bizim marketinq anlayışımız sosial media menecerliyindən o yana keçmir. Bunun üçün hansısa təhsil müəssisəsi olmadığına görə hər kəs özünü SMM hesab edir. Hətta bizim SMM anlayışımız da “facebook” və “instaqram”la məhdudlaşır. Düzdür, son illər marketinqlə bağlı xeyli tədbirlər keçirilir və çoxlu agentliklər fəaliyyətə başlayıb. Bu da şirkətlərin marketinqə olan  tələbinin son bir neçə ildə artması ilə bağlıdır.  Neftin qiyməti aşağı düşdükdən sonra gəlirlərimiz azaldı. Devalvasiyadan sonra şirkətlər marketinqin vacib olduğunu daha dərindən dərk etdi. Artıq şirkətlər marketinqə xərc kimi deyil, investisiya kimi yanaşmağa başladılar.

Ən sərfəli kredit üçün müraciət et

- Bir az da “Webinno” haqda danışaq? Necə oldu ki, agentlik haqda düşündünüz?

- 2016-cı ilin oktyabr ayında “Webinno” –nu yaratdıq. İdeya həmişəki kimi bu dəfə də məndən gəldi. Həmin vaxt maddi çətinliyimiz var idi. Komandadakı uşaqlara təklif etdim ki, biz öz xidmətlərimizi müştərilərə sata bilərik. İlk dəfə bir  sayt hazırlayaraq şirkətə satdıq. Sonra bunu davamlı şəkildə etməyə başladıq.  Zamanla  İT sahəsi ilə bağlı müəyyən təcrübə toplamağa başladım. Bu mənim gələcəkdə rəqəmsal marketinq sahəsində biliklərimin artmasında önəmli rol oynadı. Sonradan fikirləşdik ki, bunu pərakəndə şəkildə etməkdənsə, şirkət açaq. Türkiyədə yaşayan bir dostum bizə dizayn məsələlərində köməklik etdi. Sonradan müəyyən səbəblərə görə komandamızın bəzi üzvləri bizdən ayrıldı. Amma buna baxmayaraq biz fəaliyyətimizə yeni xidmətlər əlavə etdik. Hal-hazırda şirkətimizin  4 ölkədə – Yaponiya, Gürcüstan, Almaniya və Türkiyədə müştəriləri var.

- Agentlik olaraq müştərilərə hansı xidmətləri təklif edirsiniz?

- Müştərilərimizə şirkət olaraq ilk növbədə İT həllər paketi təklif edirik. Bu nə sayt, nə də aplikasiyadır. Bundan başqa böyük şirkətlər üçün HR, anbar, rezervasiya sistemləri təklif edirik. Bu bizim əsas biznes modelimizdir. Bundan başqa müştərilərə mobil tətbiqlər və saytlar, rəqəmsal marketinq həlləri, müxtəlif brend, loqoların hazırlanması  və dizayn xidmətləri təqdim edirik. Xidmətlərimiz arasında ən sonuncu yerdə SMM dayanır. Şirkətin ümumi gəlirlərinin 60 faizi xarici bazarın payına düşür. Yerdə qalan 40 faiz isə bizim buradakı daimi müştərilərimizdir. Əsas üstünlüyümüz bir çox şirkətlərin və agentliklərin təqdim etmədiyi xidmətlərin yalnız bizdə olmasıdır.

- Komandanızda neçə nəfər çalışır?

- Mən özüm komanda ilə işləməyi sevən insanam və hazırda 11 nəfərlik komanda ilə çalışırıq. Çalışdığım müddətdə xeyli uğurlu və uğursuz təcrübələrim olub. Mənim üçün komanda anlayışı çox fərqlidir. Məsələn, şirkətimizin əsas qaydalarından biri odur ki, burada xanımlar çalışa bilməz. Çünki komandanın əsas hissəsi bəylərdən ibarətdir və biz çox sərbəst rejimdə çalışırıq. Bundan başqa bizim işin konkret vaxt müddəti yoxdur. İşimizi 9-da başlayıb 6-da bitirmirik. İş vaxtını adətən bir gün əvvəldən müəyyən edirik. Həmçinin, mən özüm də daxil olmaqla heç birimizin standart maaşı yoxdur. Düşünürəm ki, bu şirkətin ən böyük dəyərlərindəndir. Daha çox işləyib, daha çox qazanmalısan.

- Sektordakı rəqiblərinizlə münasibətləriniz necədir?

- Əksəri ilə münasibətlərimiz normal qaydadadır. Mən ümumiyyətlə, mübahisəni sevən insan deyiləm. Yaxın dost olduğumuz rəqib agentliklər var. Amma mən onlara heç vaxt rəqib kimi yanaşmamışam. Çünki onların öz fəaliyyət istiqaməti və müştəriləri var. Daha çox tədbirlərdə görüşmək imkanımız olur.

- Bəs işiniz sosial həyatınıza mane olurmu?

Mən işləməyi sevən insanam. Amma bəzən iş şəxsi həyatıma mənfi təsir göstərir. Məsələn, ailəmlə istədiyim qədər vaxt keçirə bilmirəm. Ayda bir dəfə gün təyin edib valideynlərimlə vaxt keçirirəm. Bəzən buna görə dostlarım da məndən inciyir. İş həyatımda nə qədər uğurlu olsam da, şəxsi münasibətlərdə heç vaxt qızıl ortamı tuta bilmirəm. Həyatda o insanlar xoşbəxtdir ki, işdə və sevgidə bəxti gətirir. Amma mən o insanlardan deyiləm. Hərdən görürəm ki, hansısa  oğlan bir xanıma yaxınlaşıb tanışlıq təklif edir və razılıq alır. Hərdən fikirləşirəm ki, kaş onda olan cəsarətin bir faizi məndə də olardı. 

-Sosial şəbəkədən tanıdığım qədərilə həm də səyyahsınız. Bir az da bu haqda...

Hələ “xariceget” layihəsini işləyərkən xarici ölkələrə səyahət sevgim yaranmışdı. Həmin ərəfədə xeyli ölkə gəzdim və yaxşı dostlar qazandım. Amma səyahəti sırf turist kimi yəni, gəzmək üçün etmirəm. Adətən getdiyim ölkələrdə müxtəlif layihələrə və biznes tədbirlərinə qatılıram. Sosial mediada səyahətlərin əyləncəli tərəflərini paylaşıram. Düşünürəm ki, mənim nə iş gördüyüm insanlar üçün maraqlı deyil. Onlar üçün biznes, yaxud marketinq maraqlı olmaya bilər. Çalışıram getdiyim şəhərlərin gözəl hissələrini onlara çatdırım. Ümumiyyətlə, yaxşı düşünmək və fərqli bucaqlardan baxmaq üçün səyahət etmək mütləqdir. Çünki hər bir ölkə özlüyündə ayrı bir mədəniyyətdir. Bahalı paltarlara, telefonlara pul xərcləməkdənsə, hansısa Avropa ölkəsinə səyahət etmək lazımdır.

Şəbnəm Mehdizadə, banco.az