Fərdi evlərin sənədləşdirilməsində hansı çətinliklər yaranıb? | Banco.az

Fərdi evlərin sənədləşdirilməsində hansı çətinliklər yaranıb?

Prezident İlham Əliyevin sənədsiz fərdi yaşayış evlərinin özəlləşdirilməsi ilə bağlı sərəncamının icrası məqsədilə yaradılan komissiya fəaliyyətini gücləndirib.

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi sənədsiz inşa edilən tikililərin sənədləşdirilməsi ilə bağlı təkliflər paketini Azərbaycan hökumətinə təqdim edib: "Təklif etdiyimiz mexanizmlə bağlı son vaxtlar bu işə məsul dövlət qurumlarında görüş və müzakirələrimiz olub. Əvvəlla, bizim təkliflərimiz "Əmlak amnistiyası"nı nəzərdə tutur. Bu baxımdan, yaxın zamanlarda sənədsiz əmlaka amnistiya verilməsi məqsədəuyğun olardı".

İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin yaxınlığında olan evlərdir. V.Bayramov bildirib ki, elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkün olan sahələrdə evlərə toxunulmaması təklif edilib. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarıla bilər: "Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa, ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilməlidir. Bizim konsepsiyada daha çox Rusiyada tətbiq edilən praktikadan istifadə olunub. Burada söhbət dövlət tərəfindən müəyyənləşdirilən kiçik tariflərə uyğun olaraq məsələnin həllindən gedir. Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var. Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər. Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır. Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır. Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və "kupça" ilə təmin olunması prosesi başlanmalıdır".

Ən sərfəli kredit üçün müraciət et

Ekspert fərdi yaşayış evlərinin sənədləşdirilməsinin, əslində, dövlət üçün də əhəmiyyətli olduğunu vurğulayıb. Bir tərəfdən ev sahiblərinin mülkiyyət hüquqları təmin edilir, digər tərəfdən də əmlak vergiyə cəlb olunur. Ona görə də V.Bayramov hesab edir ki, problemin həlli dövlət qurumlarının özünün marağında olmalıdır və onlar qısa zamanda məsələnin aradan qaldırılmasına çalışmalıdırlar.

Onu da deyək ki, daha çox Bakıətrafı qəsəbələrdə yerləşən sənədsiz evlərin bir qisminin köçürülməsi və ya sökülməsi ilə bağlı artıq məhkəmə qərarları verilib. Bu məsələyə münasibət bildirən ekspert qeyd edib ki, hələlik bununla bağlı mexanizm hazırlanır. Ona görə də detallar bəlli deyil: "Biz təklif edirik ki, həmin ərazilərdə olan ev sahiblərinə kompensasiya ödənilsin və daha yaxın ərazidə torpaq sahəsi verilsin. Çünki ev sahibi sənəd ala bilməsə də evin tikilməsinə vəsait xərcləyib. Yerli icra hakimiyyətləri də müəyyən səbəblərdən prosesə göz yumublar. Ona görə də məhkəmədə olan işlərin geri qaytarılmasını təklif edirik. Kifayət qədər təhlükəli zonadırsa, köçürülməsinə ehtiyac varsa, həmin şəxslərə kompensasiya verilərək köçürülməsini təmin etmək lazımdır. Bununla bir tərəfdən mülkiyyət hüquqları qorunur, digər tərəfdən insanların təhlükəli olan ərazilərdən çıxarılması təmin edilir".

Qeyd edək ki, sənədsiz evlərdə yaşayan vətəndaşların bir çoxu hər il əmlak vergisi ödəyirlər. Ancaq evlərinin sökülməsi ilə bağlı məhkəmələrdə iddia qaldırıldıqda onlar həmin vergi ödənişlərini dayandırırlar. Bu da bələdiyyə büdcələrinə ciddi zərbə vurur.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et