Faizlər insaflı dərəcəyə endirilməlidir | Banco.az

Faizlər insaflı dərəcəyə endirilməlidir

"Kredit faiz dərəcələrinin insaflı dərəcəyə endirilməsi lazımdır ki, "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsindəki model işləsin".

Deputat Əli Məsimli "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bugünkü iclasında müzakirəsi zamanı bildirib.

"Qanun kiçik və orta sahibkarlığın (KOS), aztəminatlı təbəqənin maliyyəyə çıxışının yaxşılaşdırılması məqsədi daşıyır. Qanun sadələşdirilməlidir. Bəzi sözlərin açıqlanması verilməlidir. Məsələn, "yüklülüyün 3-cü şəxs üçün açıqlaması nə deməkdir?" bunu hər kəs başa düşmür. Qanunun məqsədinə aydınlıq gətirmək lazımdır və məqsədini göstərən maddə əlavə edilməlidir. Məqsəd daşınar əmlakı girov qoymaqla kredit əldə etmək imkanlarını genişləndirmək, KOS-ların və aztəminatlı ailələrin maliyyəyə çıxışını artırmaqla maliyyə dövriyyəsini və iqtisadi fəallığı artımaqdır", - deyə deputat qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Millət vəkili bildirib ki, əhalinin gəlirləri 5-6% artır, inflyasiya 12-13%-dir, güzəran pisləşir: "İkinci əl bazarı genişlənir. Belə vaxtda insanlar həmin əşyaları kredit götürmək üçün istifadə etmək əvəzində, bazarda satacaq".

Onun sözlərinə görə, Ailə Məcəlləsinə görə, girov qoyulursa ər-arvadın buna razılığı olmalıdır:" Bu məqam da diqqətə alınmalıdır ki, sonra problemlər yaranmasın".

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et