Əyləndirən, unutduran, zövq verən… | Banco.az

Əyləndirən, unutduran, zövq verən…

Hobbi (sevimli məşğuliyyət) zövq və yaşdan asılı olaraq, müxtəlif olur. Hobbi, adamın gündəlik həyatında öhdəliklərindən başqa zövq alması üçün icra etdiyi məşğuliyyətdir. Sevimli məşğuliyyət olan hobbi insanın əsəblərini sakitləşdirir, insana özünü daha yaxşı tanımağa kömək edir. Statistikaya görə, insanların 38%-i hobbi ilə məşğul olanlara nisbətən özünü daha bədbəxt hiss edir. Psixoloqların fikrincə, hobbi insanı əyləndirir, məşğul edir, problemlərini unutdurur və zövq verir.

Sevimli məşğuliyyət özünə güvəni artırır, sakitləşdirir, vaxtı daha faydalı keçirməyə kömək edir, bəzən gəlir mənbəyinə də çevrilir. Daim hər hansısa bir işlə məşğul olmaq bu sahədə professionallığı artırır ki, həmin işdən pul da qazanmaq olur. Misal üçün, foto və ya rəsm çəkmək, bəzək əşyaları düzəltmək kimi hobbilər sahibinə gəlir gətirə bilər. Tikişlə məşğul olanlar da öz işlərini sata bilərlər. Hobbinin gəlir mənbəyinə çevrilməyinin üstün cəhətləri də var. Belə ki, bu tip işlər çox vaxt insanı yormur, onu stressdən uzaqlaşdırır, rahatlıq gətirir. Bununla yanaşı işin ustalıqla görülməsi daha çox uğur qazandıra bilər.

Hobbi insana, həqiqətən də, zövq verən, onu cəlb edən, sevindirən bir məşğuliyyət olmalıdır. Psixoloq qeyd edir ki, hobbilər insanın aktivliyini yüksəldir, sağlamlığına müsbət təsir edir: "Geniş yayılmış hobbilərdən biri də açıqca, marka, daş, zinət əşyaları, qəpiklər, qədimi əşyalar yığmaqdır. Hörgü, naxış, taxta oyma kimi əl bacarığı tələb edən işlər də hobbi ola bilər. Eyni hobbiyə maraq göstərənlər bəzən dərnək və ya klub da açırlar".

Boş vaxtlarda hobbi ilə məşğul olmaq əsas işdən dincəlməyə kömək edir. Gündəlik həyatın stressindən uzaqlaşmaq üçün hobbinin olması yaxşı haldır. Hobbi dünyagörüşünü artırır. Eyni hobbisi olanlar bir-biri ilə tanış olur, hobbiləri ilə bağlı söhbətlər edirlər. Hobbi yeni dostlar tapmağa da kömək edir. Eləcə də hobbi insanın əhvalını yüksəldir, həyatını daha da maraqlı edir. Sevimli işlə məşğul olmaq insanda müsbət emosiyalar yaradır. Bəzi hallarda hobbiyə aludəlik ciddiləşir. Bu sahədə bacarıq və biliklər o səviyyəyə çatır ki, hobbi əsas iş növünə də çevrilə bilir.

Psixoloqun dediyinə görə, hobbilər fərqli olur. Tikmək, toxumaq kimi məşğuliyyətlər əl işləri kimi hobbilərə aiddir. Bu növ məşğuliyyət çox vaxt tələb etsə də, diqqət tələb etdiyindən insanı mənfi fikirlərdən ayırır, əsəblərini sakitləşdirir.

Müsahibim nəzərə çatdırır ki, hobbilər şənləndirir, insanları darıxmağa qoymur: "Xüsusilə də darıxdığı, nəyisə gözlədiyi vaxtlarda insanlar vaxtı necə qısaltmaq barədə düşünür. İnsan fikirləşir ki, boş vaxtda nə ilə məşğul osun ki, problemlərini unutsun. Hobbi elə bir məşğuliyyətdir ki, insanın diqqətini tam alır. Onu problemlərindən uzaqlaşdırır, əsəblərini sakitləşdirir. Hobbi ilə məşğul olan adam zövq alır, onda müsbət emosiyalar yaranır".

Hobbi həyatı daha maraqlı etsə də, mənfi tərəfləri də az deyil. Bəzən insanlar hobbilərə elə aludə olurlar ki, gerçəkliyi unudurlar. Hobbi insana gerçəkliyi əvəz etməyə başlayır. Yaxınlara, ailəyə işə vaxt ayırmaq əvəzinə insan bütün vaxtını sevimli məşğuliyyətinə sərf edir. Bu səbəbdən də psixoloqlar hobbi ilə məşğul olmağı məsləhət görsələr də, bunu həyatlarının mənasına çevirməməyə çağırırlar. 

Ekspress.az 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et