Əsrlərin sınağından çıxmış qazanc üsulu – BİZNES TARİXİ | Banco.az

Əsrlərin sınağından çıxmış qazanc üsulu – BİZNES TARİXİ

Borcu təsdiqləyən alətlərin, o cümlədən istiqrazların tarixi çox qədimdir və bir neçə min il əvvələ gedib çıxır. Amma onların bizim adət etdiyimiz formada və məqsədlərlə buraxılmasına təqribən min il əvvəl başlanıb. İlk dövrlərdə dövlətlər istiqrazları müharibə üçün maliyyə vəsaiti əldə etmək məqsədilə buraxırdılar. İstiqraz sahibləri üçün bunun elə bir fərqi yoxdur – onlar min il əvvəl olduğu kimi indi, də istiqrazlardan qazanmaqda davam etməkdədirlər.

«Müharibə istiqrazları»

Bəzi mənbələrə görə, ilk istiqraz buraxılışları o vaxtın maliyyə mərkəzi sayılan Venesiyadan başlanıb. Hazırda dünyanın qiymətli kağızlar bazarının əsasını təşkil edən istiqrazlar heç də həmişə dinc məqsədlər üçün buraxılmayıb.  1100-cü illərdə Venesiya apardığı müharibələri maliyyələşdirmək üçün “presiti” kimi tanınan dövlət istiqrazlarını buraxmağa başlayır. İstiqrazların üzərində onun nə vaxt ödəniləcəyi, puldan istifadəyə görə əlavə ödənişin məbləği (yəni, istiqrazı alan tərəfin illik gəliri) və digər şərtlər ətraflı yazılırdı. Şəhər öz istiqraz bazarını 14-cü əsrə kimi inkişaf etdirdi. Həmin vaxtadək Venesiya sakinləri istiqrazlara öyrəşmişdi, onlar bu istiqrazları alıb-sata bilir və istirqaz sahibləri müəyyən edilmiş illik qazanc əldə edirdilər.

Kilsənin təqibindən qurtulmaq üsulu

Maraqlıdır ki, istiqrazların yaranmasının bir səbəbi də kilsə tərəfindən sələmçilərə qadağa qoyulması idi. 16-cı əsrdə Fransada və Hollandiyada kilsə sələmçilərə və onların faizlərinə qarşı əsl müharibə elan etmişdi.  Sələmçilər vəziyyətdən çıxmaq üçün istiqraz formasını fikirləşib tapdılar. Əslində hər şey olduğu kimi qalmışdı, yeganə fərq ondan ibarət idi ki, istiqrazın üzərində borc faizi əvəzinə «gəlirdən faiz» sözü yazılmışdı. Bu ifadə imkan verirdi ki, istiqraz üçün ödənilən faiz gəlirin bölüşdürülməsi sayılsın. Bunu isə kilsə qadağan etmirdi və borc verən tərəf  kilsənin təqibindən yaxa qurtarırdı.

İstiqrazların dili fransızca idi

Hollandiyada ilk istiqrazlar 16-cı əsrdə buraxılmağa başlayır. İlk istiqrazlar 1517-ci ildə İspanya ilə müharibədə istifadə etmək məqsədilə buraxılmışdı. Həmin istiqrazı alanların illik qazancı orta hesabla 20% təşkil edirdi. Bu istiqrazlar veksel şərtləri ilə buraxılır, üstündəki yazılar isə fransızca idi. Ümumiyyətlə, 20-ci əsrə kimi buraxılan istiqrazların çoxunun üstündəki yazılar fransızca idi, həmin vaxt fransız dili maliyyə dili kimi qəbul edilirdi.

İngiltərə-Fransa müharibəsinin istiqrazları

Dünya tarixində ən uzun sürən müharibə də istiqrazlarsız baş tuta bilməzdi - 1663-cü ildə İngiltərədə “Bank of England” tərəfindən istiqrazlar buraxılıb və cəlb edilən pullar Fransa ilə müharibədə istifadə edilib. Həmin istiqrazlar tarixdə ilk rəsmi dövlət istiqrazları kimi tanınır. Onlar həm illik qazanc gətirir, həm lotoreya kimi də qeydiyyatdan keçirilirdi.

Bundan sonra digər ölkələr də müharibəyə pul tapmaq üçün istiqraz buraxmağa başladılar. 18-ci əsrdə Amerika Birləşmiş Ştatları da istirqaz bazarına daxil oldu. İlk istiqrazlar inqilab zamanı buraxıldı. Onların buraxılışından cəlb olunan pullar vətəndaş müharibəsində istifadə olunurdu. Təkcə fiziki şəxslər bu müharibə üçün buraxılan 27 milyon dollarlıq istiqraz almışdılar.

Sülh və inkişaf istiqrazları

Dünyada istiqraz bazarları, daha dəqiqi dinc məqsədlər üçün istiqraz buraxılışları əsasən 1815-ci ildən sonra sürətlə inkişaf etməyə başladı. Bu dövrdə İngiltərə bir çox yerlərdə dəmiryollarına və kanallara investisiya qoymaqda, Latın Amerika ölkələrinə və İngiltərənin müstəmləkələrinə maliyyə vəsaiti ayırmaqda idi. Bu da özlüyündə müxtəlif ölkələrdə istiqraz bazarlarıının inkişafına təkan verdi. Bundan başqa, 1815-1914-cü illər arasında İngiltərədə yaşanan iqtisadi canlanma öz növbəsində istiqraz faizlərini 4%-ə qədər aşağı saldı. Bu müddət ərzində ABŞ, Almaniya, Fransa və digər başqa ölkələr də illik 3% gəlirliliklə dövlət istiqrazları satışa buraxırdılar.

Ən sərfəli kredit üçün müraciət et

Napoleon və istiqrazlar

İstiqrazların buraxılmasından keçən 700 il ərzində dünya istiqraz bazarında faiz nisbətlərində azalma müşahidə edilir. Belə ki, 1285-1600-cü illər arasında dövlət istiqrazlarının illik gəlirliyi 6% - 10% arasında dəyişir, bəzi hallarda hətta 20%-ə qalxırdı. Amma XVIII əsrin əvvəllərindən etibarən Londonda və Nyu Yorkda yaranan istiqraz bazarları istiqraz faizlərinin azalmasına səbəb oldu və istiqrazların gəlirliliyi 3%-ə qədər düşdü. İstiqraz bazarına və onların gəlirliliyinə Napoleon müharibələri də təsirini göstərib. Napoleonun başlatdığı müharibələrin təsiri ilə İngiltərənin xarici borcu sürətlə artaraq, ÜDM-nin 200%-ni təşkil etdi ki, bu da ölkədə iqtisadi riskləri artırdığına görə, İngiltərə bankının buraxdığı istiqrazların faizlərinin 6%-ə qədər çıxmasına səbəb oldu.

Çar Rusiyasının istiqrazları

Rusiyadada ilk istiqrazlar  II Yekaterinanın dövründə, 1769-cu ildə  buraxılmağa başlanır. İstiqrazın buraxılışından əldə olunan vəsaitlər Rusiyaya Krımın işğalı zamanı əldə edilən borcları ödəmək üçün lazım idi. Bəzi səbəblərə görə Rusiya bu istiqrazları özü buraxa bilmədi və istiqraz buraxılışını vasitəçilərinin – əsasən holland bankirlərinin köməyi ilə həyata keçirdi. İllik 5% gəlirliklə buraxılan istiqrazların alıcıları da xaricilər - İngiltərə və Almaniya bankları idi.

Rusiyada istiqraz bazarının inkişafı təhkimçiliyin ləğvindən – 1861-ci ildən sonra başladı. Ölkə ilk növbədə dəmir yollarının  tikintisi üçün lazım olan vəsaitləri istiqrazlar buraxaraq yığırdı. İstiqrazların çoxu illik 4% gəlir gətirirdi və 5 – 50 il müddətinə buraxılırdı.

1917-ci ildə Çar Rusiyasının bütün istiqrazları qeyri-qanuni elan edildi və bununla da istiqraz sahiblərinin qoyduqları bütün vəsaitlər batdı. 20-ci illərdən etibarən artıq Sovet İttifaqının istiqrazları buraxılmağa başlanır. Bu istiqrazlar uduşlu idi.

10 illik “Azadlıq İstiqrazları”

İlk dəfə 10 illik dövlət istiqrazları isə ABŞ tərəfindən XX əsrin əvvəllərində “Azadlıq İstiqrazları” adı altında buraxılıb. Bu istiqrazlar Birinci dünya müharibəsi zamanı yenə də müharibəyə maliyyə dəstəyi üçün buraxılmışdı. 1917-ci ildə ABŞ-ın Almaniyaya müharibə elan etməsindən 3 həftə sonra parlament ABŞ-a illik 3,5% gəlirliliklə 5 milyard dollarlıq istiqraz buraxmağa icazə verdi.

Yüz ildən artıq tarixi əhatə edən ABŞ istiqraz bazarında bu müddət ərzində kəskin eniş və çıxışlar yaşanıb. Xüsusi ilə dövlət istiqrazlarının qiyməti və bundan asılı olaraq da faizləri, iqtisadi mühitdəki dəyişmələr nəticəsində ciddi dalğalanmalar göstərib.

Belə ki, 1902-1920-ci illər aralığında istiqrazların faiz nisbətləri müharibə və inflyasiya risklərinə qarşı 2,82%-dən 5,67%-ə yüksəlib. 1921-1945-ci illər arasında isə faizlər deflyasiya və iqtisadi dəyişikliklər nəticəsində 5,67%-dən 1,55%-ə düşüb. Ancaq 1970-cil illərin ortalarından başlayaraq, kapitalist ölkə iqtisadiyyatlarında yaşanan inflyasiya və iqtisadi durğunluq nəticəsində faizlər təkrar artmağa başlayıb və faiz hədləri təqribən 10 dəfə artaraq, 1,55 %-dən 15,84%-ə çıxıb. Bu göstərici ABŞ istiqraz tarixində ən böyük göstərici hesab olunmaqdadır. 1981-ci ildən sonra isə faizlər azalmağa başlamış, nəticədə 2011-ci ildə 1,46%-ə düşüb. Hal-hazırda isə ABŞ-da 10 illik dövlət istiqrazlarının faiz nisbəti orta hesabla 2,58% təşkil etməkdədir.

100 trilyon dollarlıq bazar 

Hazırda istiqrazlar dünyanın, demək olar ki, bütün dövlətləri və iri şirkətləri tərəfindən buraxılır. Dünya istiqraz bazarının həcmi 100 000 000 000 000 (yüz trilyon) dollardan artıqdır. Hər gün birjalarda 700 milyard dollarlıq istiqraz alınıb – satılır və sahiblərinə sabit qazanc gətirir. İstiqraz bazarının inkişafının və onlara marağın böyük olmasının əsas səbəbi onların daha likvid yatırım aləti olması, risksiz olması və gəlirliliyin əvvəlcədən bilinməsidir. 

Ən sərfəli krediti almaq üçün müraciət et