Əmlakın icbari sığortası kreditlə ödənilməlidir - TƏKLİF | Banco.az

Əmlakın icbari sığortası kreditlə ödənilməlidir - TƏKLİF

Sığorta mütəxəssisləri bölgələrdə əhalinin əmlakın icbari sığortasına marağını artırmaq üçün sığorta haqlarının hissə-hissə ödənilməsini təklif edirlər.

Artıq iki ilə yaxındır tətbiq olunmasına baxmayaraq Azərbaycan vətəndaşları ev və mənzillərini sığortalamaq üçün icbari sığortaya maraq göstərmirlər. Hətta rəsmi məlumatlara görə, Azərbaycanda daşınmaz əmlakın icbari sığortasına maraq nəinki artmır, hətta azalır - İcbari Sığorta Bürosunun məlumatına görə, 2013-cü ilin yanvar-noyabr ayları ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 98 765 müqavilə bağlanıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə  təqribən 12% azdır. Bu müqavilələrin böyük hissəsi - yarıdan çoxu - Bakı və Sumqayıtın payına düşür.

 

Notariuslar və bankların tələbi ilə sığorta

Bölgələrdə əmlakın icbari sığortasına maraq daha azdır. Burada əmlakını sığortalayanlar bunu ya bankların, ya da sığorta şirkətlərinin tələbi ilə edirlər. "Son iki il ərzində bu bölgədə cəmi 1 şəxs könüllü surətdə əmlakını icbari sığorta etdirmək istəyib. Qalanları ya evini alqı-satqı prosesində notariusun tələbi ilə sığortalayır, ya da bankdan kredit alanda girov qoyulan əmlakı onun tələbi ilə sığortalayır"-deyə "Atasığorta" şirkətinin Gəncə-Qazax zonasını əhatə edən "Qərb" bürosunun rəhbəri Natalya Qayday fins.az-a açıqlamasında bildirib.

Hətta "Qərb" bürosunun özünün filialın yerləşdiyi Şəmkir rayonunda da əmlakını könüllü olaraq icbari sığortalatmaq istəyənlər demək olar ki yoxdur.

Baxmayaraq ki, Şəmkir əhalisi ənənəvi olaraq iqtisadi cəhətən aktivdir: burada sahibkarlıqla məşğul olanların sayı çoxdur, rayon əhalisinin bir hissəsinin başqa ölkələrlə, o cümlədən Rusiya ilə əlaqələri olduğuna görə, əhalinin iqtisadii bilikləri də nisbətən yüksəkdir. Amma bütün bunlar əmlakın icbari sığortasına marağı artırmayıb. N.Qaydayın sözlərinə görə, hər 10 nəfər sığortalanandan 7-si bankın, 2-si notariusun tələbi ilə gəlir: "Hər 10 nəfərdən cəmi 1-i əmlakını özü sığortalayır".

AXA Mbask sığorta şirkətinin Sumqayıt-Qusar bölgələrini əhatə edən Şimal bölgəsi filialının müdiri Ələkbər Ələkbərov da sığortalananların motivləri ilə bağlı təqribən eyni fikirdədir: "Hər 10 nəfərdən 5-i bankın, 3-ü notariusun tələbi ilə, yalnız 2-si özü gələnlərdir".

 

Əhalinin marağının az olmasının səbəbi

Şirkət nümayəndələri bildirir ki, ümumiyyətlə əhalinin təqribən 85%-i icbari sığortaya maraq göstərmir. Bunun əsas səbəbi kimi, bu barədə sosial reklamın kifayət olmamasıdır: "Nə televiziyalarda, nə saytlarda bu barədə heç də danışılmır. Bəzi reklam lövhələrində avtomobillərin icbari sığortası xatırlaır, amma əmlakın icbari sığortası ilə bağlı heç bir təbliğat materialı yoxdur. Hətta mənim fikrimcə, çoxları belə qanunun olduğundan belə xəbərdar deyil"-deyə N.Qayday vəziyyəti izah edir.

Əhalinin bu mövzu ilə bağlı məlumatı o qədər azdır ki, hətta əmlakını bankın tələbi ilə olsa da sığorta etdirənlər bəzi hallarda pulu nə məqsədlə ödədiklərini bilmirlər: "Bizdə belə hal baş vermişdi - sənədləri qaydasına salmaq üçün müştərilərdən birinə zəng edib onun sığorta şəhadətnaməsini gətirməyi xahiş edəndə, məlum oldu ki, o ümumiyətlə, söhbətin nədən getdiyini bilmir. Bilmir ki, bu 30 manatı (sığorta haqqını) nə üçün ödəyib. Bax belə hallar baş verir".

 

Özü sığortalananlar da var

Doğrudur, əmlakını könüllü olaraq icbari sığortaladanlar da var. Bəzi sakinlər bu sığortanın faydasını başqalarının misalında gördükdə özləri də faydalanmaq istəyirlər. Ə.Ələkbərovun sözlərinə görə, belələrinin bir hissəsi vaxtilə xaricdə yaşayanlardır: Onlar xaricdə yaşayanda sığortadan geniş istifadə ediblər və adət elədikləri üçün burda da evlərini sığortalayırlar.

Ən sərfəli kredit üçün müraciət et

Amma ümumilikdə bizdə bu vərdişlər hələ o həddə çatmayıb".

İcbari sığortalananların digər hissəsi isə sığortanın faydaları barədə müxtəlif qeyri-rəsmi mənbələrdən eşidənlərdir. Məsələn ötən il Şəki-Zaqatala bölgəsində baş verən zəlzələ zamanı əmlakını sığortalamış əmlak sahibləri ödəniş aldığına görə, bunu eşidən şimal bölgəsinin sakinləri də əmlakını sığortalamağa başlayıblar: "Orda ödənişin olduvğunu görüb öz əmlaklarını da sığortalamağı qərara alıblar".

 

1 razı müştəri - 4 yeni müştəri deməkdir

Yeri gəlmişkən, maraqlı cəhət ondadır ki, əmlakını notariusun və ya bankın tələbi ilə məcburi sığortalayanlar, sonradan hadisə baş verəndə şirkətə gəlib ödəniş tələb edirlər: "Sığortalayanda bildirirlər ki, onsuz da bundan heç nə gözləmirlər, amma hadisə baş verən kimi gəlirlər ki, ödəniş verin. Bu da təbiidir".

Bundan başqa, sığorta hadisəsi ilə rastlaşan ödəniş alan müştəri də avtomatik olaraq əmlakını yenidən sığortalayır. Üstəlik özü ilə başqa müştərilər də - qonşusunu, dostunu və s.: "Orda hesabla hər razı müştəri özü ilə 4 yeni müştəri gətirir. Satış mütəxəssisi yaxşı olsa, bu zaman əmlakı könüllü sığorta etdirmək də mümkündür".

 

Əmlakın sığortalanması prosesi

Qeyd edək ki, "İcbarı sığorta haqqında" qanuna əsasən yaşayış evləri və mənzillər üçün sığorta tarifi sığorta məbləğinin 0,2%-i həcmində müəyyən edilib. Belə ki, Bakı şəhərində sığortanın miqdarı 25 min manat, ilkin ödənişin məbləği isə 50 manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində sığortanın miqdarı 20 min manat, ilkin ödənişin məbləği 40 manat, digər yaşayış məntəqələri və bölgələrdə isə sığortanın miqdarı 15 min manat, ilkin ödənişin məbləği 30 manatdır.

Bölgələrdə evlər və mənzillər əsasən Daşınmaz Əmlakın Reyestr Xidmətindən verilən çıxarış (yəni "kupça") əsasında, digər hallarda isə rayon icra hakimiyyətinin evin tikilməsi barədə sərəncamı əsasında sığortalanır. Belə sənədləri olmayan köhnə kənd evlərinin sığortası zamanı isə kənd icra nümayəndəliyindən verilən arayış əsas götürülür: "Amma əsas sənəd çıxarışdır".


Maddi vəziyyətlə bağlı problemlər       

Əhalinin sığortaya marağının az olmasının əsas səbəblərindən biri də sığorta haqqıdır. İlk baxışdan qəribə görünə bilər. Amma Bakı sakinləri üçün o qədər də böyük hesab olunmayan bu məbləğ rayon sakinləri üçün nisbətən ciddi vəsait sayılır: "Maddi vəziyyətlə əlaqədar olaraq insanlar sığortaya bu qədər pul dəmək istəmirlər. Onlar fikirləşirlər ki, 30 manatı sığortaya verməkdənsə, bu pula başqa nəsə almaq olar".

 

Marağın artması üçün

Sığorta mütəxəssislərinin fikrincə, əhalinin sığortaya marağının artması üçün insanlar baş verən sığorta hadisələrinə görə ödənişlərin edildiyini görməli, bu barədə məlumat almalıdırlar: "Televiziyada və ya saytlarda bu barədə məlumatlar olsa insanlar sığortanın faydasını real olaraq görərlər".

 

30 manatı 3 aya ödəmək

Amma ən maraqlı yanaşma sığorta haqqının ödənilməsi ilə bağlıdır. Mütəxəssislər bildirir ki, ödənişin formasını dəyişsə, ona maraq artacaq. Çünki əhalinin əksəriyyəti kredit ödəyir və onlar nəyinsə pulunu hissə-hissə ödəməyə vərdiş edib: "Məsələn, 30 manatlıq məbləği 3 ay ərzində 10 manatdan ödəmək imkanı olsa, sakinlər buna maraq göstərərlər. Çünki çoxları avtomobilin icbari sığortası ilə maraqlananda soruşur ki, bunu hissə-hissə ödəmək olarmı?" Sığorta mütəxəssisləri bildirir ki, hətta əşalinin 30 manatı ödəmək imkanı olduğu ərazilərdə də bu pulun hissə-hissə ödənilməsi sığortalananların sayını qat-qat artıra bilər. 

fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et