Elektron ticarətin inkişafını ləngidən səbəblər | Banco.az

Elektron ticarətin inkişafını ləngidən səbəblər

Elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət növüdür. Elektron ticarət anlayışı 1980-ci illərdə meydana gəlsə də ilk dəfə internet vasitəsilə alqı-satqı 1995-ci ilə təsadüf edib.

Elektron ticarətin ən böyük üstünlüyü, zamandan və məkandan asılı olmayaraq müştərilərə alış-veriş etmək imkanı yaratması, istifadəçilərin məhsul və xidmətləriniz haqqında daha asan və sürətli məlumat əldə etməsini təmin etməsidir.

Dünyada geniş yayılmış elektron üsulla ticarət Azərbaycandan da yan keçməyib. Lakin ölkəmizdə e-ticarət dövriyyəsi pərakəndə ticarət dövriyyəsindən aşağıdır, əhali isə nağd şəkildə xərcləmək vərdişindən imtina etmək istəmir. Bu səbəbdən ölkəmizdə elektron ticarətin inkişafı da gecikir.

Elektron Ticarət İctimai Birliyinin İdarə Heyətinin üzvü Nicat Manafovla Azərbaycanda elektron ticarətin inkişafını ləngidən səbəbləri müzakirə etdik. Onun sözlərinə görə, ölkəmizdə 2018-ci il üçün elektron ticarətin dövriyyəsi 40 milyon azn olub ki, buraya internet üzərindən kommunal ödənişlər də daxil edilib. Hal-hazırda bütün qonşu ölkələrin, o cümlədən Gürcüstan və Türkiyənin e-ticarətdən istifadə faizi və adam başına düşən dövriyyələri bizdən çoxdur. 

Azərbaycanda e-ticarət üzrə ən son qanun 2005-ci ildə qəbul edilib. Müsahibimiz qeyd edir ki, bu inkişafı ləngidən başlıca səbəbdir. “Kartla ödəmələrin və e-ticarətin inkişafına kömək edə biləcək dövlət qurumları hələ də faydalı ola biləcək addımlar atmayıb. E-ticarət üçün inkişaf etmiş qanunvericilik yoxdur, ən son qanun 2005-də qəbul olunub. Azərpoçtun inhisarında olan keyfiyyətsiz lojistika sistemi, kartla ödəmələr üçün yerli VPOS-ların inkişaf etməmiş texniki imkanları və funksiyasız sistemləri, dövlət tərəfindən e-ticarət inkişafı üçün heç bir təşviqin olmaması, bu sahənin inkişafını ciddi şəkildə ləngidir. İnkişafdan qalma, nəticə olaraq həm sahibkarlıq mühitinə, həm də dövlət büdcəsinə zərərlər verməyə davam edir”.

Ən sərfəli kredit üçün müraciət et

O vurğuladı ki. vətəndaşların plastik kartla ödəniş etməkdə maraqlı olmaları üçün faizlər endirilməlidir. Nağdsız ödənişlərin payının artırılması bizə “kölgə iqtisadiyyatından” müəyyən qədər qurtulmağa imkan verə bilər. 

Azərbaycanın ən nəhəng elektron ticarət platformalarını özündə birləşdirən e-ticarət / Elektron Ticarət İctimai birliyi fəaliyyətinə 2016-cı ildən başlayıb. Əsas məqsəd elektron ticarətin Azərbaycanda yayılmasına öz töhvəsini verməkdir. Hal-hazırda birliyə 41 elektron ticarət mağazası daxildir. N.Manafov qeyd edir ki, hal-hazırda həm ənənəvi, həm də elektron ticarətlə məşğul olan bəzi şirkətlər öz fəaliyyətlərində xüsusi endirimlər təklif edirlər ki. bu da insanların e-ticarətə marağını artırır. Bunlara Megamart.az, Aldım.az, Maxi.az kimi şirkətləri misal göstərə bilərəm. 

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç