Dünyanın ən qeyri-adi ofisləri | Banco.az

Dünyanın ən qeyri-adi ofisləri

İnsanların çoxunun gündəlik həyatlarının əksər hissəsini keçirdikləri iş yeri ofislərdir. Bu səbəblə də ofis üçün seçilən məkanların istifadəyə yararlı, rahat və kofortlu olması, hətta estetik cəhətdən göz oxşaması mühüm əhəmiyyətə malikdir. Xüsusilə də qlobal şirkətlərdə ofislərin dizaynına böyük diqqət ayrılır. Son illərdə ABŞ – ın texnologiya şirkətləri həyata keçirdikləri işlərlə yanaşı iş yerlərinin özünəməxsus dizaynı ilə də gündəmə gəlirlər. Bu şirkətlərin başında təbii ki, qərargahında işçilərin əylənərək işləməsi üçün sürüşkən belə mövcud olan “Google” gəlir.

Belə böyük şirkətlər işçilərinə rahat iş mühiti yaratmaq üçün ofislərindəki ən kiçik nüansa belə diqqət yetirirlər. Bununla yanaşı, bəzi şirkətlər də bu meyarları yerinə yetirməklə bərabər həmçinin çox qeyri-adi ofis dizaynlarına da üstünlük verə bilirlər. İndi isə gəlin, ən maraqlı və qeyri-adi dizayn edilmiş ofislərdən beşi ilə tanış olaq:

Selgascano Memarlıq Ofisi

İspaniyanın memarlıq şirkəti “Selgascano” – nun olduqca minimal dizayna sahib olan ofisi tamamilə təbiət qoynunda yerləşir. Hətta meşənin içərisində yerləşən ofisdə təbiətin rahat şəkildə seyr edilə bilməsi üçün ofis binasının böyük bir qismi şüşədən hazırlanmışdır. “Selgascano” – nun təbiətlə iç-içə olan bu ofisi işçilərin mümkün olduqca şəhərin stressindən uzaqda rahat şəkildə işləməklərinə şərait yaradır.

Google Sürix

“Google”  qərargahı ilə yanaşı dünyanın digər şəhərlərində yerləşən ofislərinin də dizaynına xüsusi diqqət göstərir. Lakin, texnologiya şirkətinin çox saylı ofislərinin içərisində bəziləri öz qeyri-adiliyi ilə seçilir.

“Google” – un İsveçrənin Sürix şəhərində yerləşən ofisində də eynilə  “Selgascano” – nun memarlıq ofisində olduğu kimi təbiət dostu bir mühit yaradılmağa çalışılmışdır. Lakin, “Google” Sürix “Selgascano” – nun əksinə ofisini meşənin içərisində yerləşdirmək əvəzinə daha süni bir üsuldan istifadə etmişdir. Ofisin hər tərəfində həm süni, həm də təbii bitkilər mövcuddur. Bununla yanaşı divarlardakı bitki və heyvan təsvirləri də diqqəti cəlb edir.

Ən sərfəli kredit üçün müraciət et

Inventionland

ABŞ – ın Pensilvaniya ştatında yerləşən “Inventionland” adlı ixtira fabriki olduqca qeyri-adi dizayn edilmiş ofisə sahibdir. Bu şirkətdə yaradıcılıq və innovasiyaya xüsusi əhəmiyyət verildiyi üçün ofisin dizaynında da buna diqqət yetirilmişdir.

“Inventionland” – in ofisindəki ən çox diqqət cəlb edən nüans isə ofisin ortasında yerləşən nəhəng pirad gəmisidir. Gəminin altında hovuz yerləşir. Hovuzun düz yanında isə ətrafı yaşıllıqlarla əhatə olunmuş ağac ev vardır.

Pallotta Teamworks

“Pallotta Teamworks” adlı müəssisə böyük ölçülü konteynerlərdən dizayn edilmiş özünəməxsus bir ofisə sahibdir. Hər bir konteynerin bir iş otağı funksiyası daşıdığı bu ofis eyni zamanda çox sadə bir dizayna malikdir.

Pionen Məlumat Mərkəzi

İsveçin tanınmış "Bahnhof" internet provayderinin məlumat mərkəzlərindən biri olan “Pionen” İsveçin paytaxtı Stokholmda yerləşən nüvə qərargahıdır. “Albert France-Lanord Architects” adlı memarlıq şirkəti tərəfindən ofis şəklində dizayn edilən “Soyuq Müharibə” vaxtından qalma bu nüvə qərargahı yerin 30 metr dərinliyində yerləşir. “Pionen” Məlumat Mərkəzinin girişi isə 40 sm qalınlığındakı polad qapı vasitəsilə qorunur.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et