Dünya ölkələrində yerə zibil atanlara hansı cərimələr tətbiq edilir? | Banco.az

Dünya ölkələrində yerə zibil atanlara hansı cərimələr tətbiq edilir?

Araşdırmalara əsasən, dünyada ətraf mühitin çirklənməsinin 50%-i son 35 ildə baş verib. Ətraf çirkliliyinin bu qədər artmasının səbəblərinə sürətlə inkişaf edən texnologiya və sənayenin təsirlərini, əhali artımını və təbii ehtiyatların şüursuz istehlakını göstərə bilərik. Digər tərəfdən ətraf mühitin çirkləndirilməsinə yerə atılan zibillər də əhəmiyyətli təsir göstərir. Tez-tez küçədə hansısa bir şəxsin yerə zibil atdığının, hətta maşınla gedərkən belə maşının şüşəsini endirib zibili elə yolun ortasına atdığının şahidi oluruq. Belə halların qarşısını almaq üçün dünyanın bir çox ölkələrində cəzalar tətbiq edilir. Həmin ölkələrin nümunələrinə baxaq.

Birləşmiş Ştatlarda ətraf mühitin çirkləndirilməsinə görə əyalətlər üzrə cəzanın dəyişdiyini görürük. Məsələn, Kaliforniyada bir adam yerə zibil atsa və bu ilk dəfə olsa cəzası 100 ilə 1000 dollar arasında dəyişir və səkkiz saat ərzində ətraf mühiti təmizləmək məsuliyyəti olur. İkinci dəfə cərimə 500 dollardan başlayır və təmizləmə müddəti 16 saatdır. Bundan sonra həmin adam yenə eyni hadisədən ötəri günahkar olsa 750 ilə 1000 dollar arasında bir pul cəzası ödəyib bir gün ərzində ətraf təmizliyi etmək məcburiyyətindədir. Ya da Nevada'ya baxsaq, 1000 dollardan başlayan pul cəzası, altı aya qədər həbs cəzası kimi məsuliyyətlər gündəmdədir. Ümumiyyətlə, Amerika Birləşmiş Ştatlarının bütün ştatlarında ətraf mühitin çirkləndirilməsi cərimələr və ictimai xidmətlə kompensasiya edilir. Digər qitələrdə vəziyyət necədir?

Dünyanın ən çox ziyarət edilən yerlərindən biri olan Singapur'un bir digər adı da "qadağalar diyarı"dır. Əlbəttə, ətraf mühiti çirkləndirmək, yerə zibil atmaq da qadağalardan öz payını alır. Singapurlular təmizliyə son dərəcə riayət edirlər. Belə ki, sırf yerə atılmasın deyə saqqız çeynəmək və satmaq qadağan edilib. Həkimlərin dərman niyyətinə yazdığı saqqızın xaricində bir saqqız çeynəyib yerə atmağın cəzası 1000 dollardır. Yalnız saqqız deyil, hər hansı bir zibili də yerə atıb ətrafı çirkləndirən adam həm 1000 dollar pul cəzası ilə cəzalandırılır həm də ictimai xidmət etmək məcburiyyətində qalır.

Ən sərfəli kredit üçün müraciət et

Avropaya baxdığımız zaman vəziyyətin fərqli olmadığını görürük. İngiltərədə küçəyə siqaret kötüyü atmağın cəzası 80 funtdur. İngiltərədə cəzaların artırılması gündəmdədir. İtaliya ətraf mühit və hava çirkliliyi ilə fəal mübarizə aparan ölkələrdən biridir. "Yaşıl iqtisadiyyat" qanunu çərçivəsində yerə siqaret kötüyü atmağın cəzası 300 avrodan başlayarkən, saqqız, kağız parçası kimi zibilləri atmaq da 30 ilə 150 avro arasında cəzalandırılır.

2018-ci ilin əvvəllərindən etibarən Türkiyədə Ekologiya və Şəhərsalma Nazirliyi tərəfindən ətraf çirkliliyinin cəzaları bu şəkildə açıqlandı: İctimaiyyətə açıq yerlərdə hər nə şəkildə olursa olsun ətrafı çirkləndirməyin cəzası 232 TL-dir.

Almaniyanın Mannheim şəhərində ətraf mühitin təmizlənməsi üçün cərimələr artırılmışdır. Aprel ayı etibarilə yerə siqaret külü və kağız dəsmal atanlara kəsilən cəza 20 avrodan 75 avroya yüksəldildi. Yerə saqqız atmağın cəzası isə 100-dən 200 avroya yüksəldildi. Fransada isə kitabı küçədə qoyub gedən qadına belə 68 avro cəza verilib. Hətta küçənin kitabla “zibillənməsinə” belə dərhal reaksiya verilir.

Ölkəmizdə də belə halların qarşısını almaq, ətraf mühitin qayğısına qalmaq üçün cərimələr tətbiq edilir. Belə ki, hündür mərtəbəli binaların eyvanından küçəyə zibil atanlar üçün İnzibati Xətalar Məcəlləsində 50 manat dəyərində cərimə müəyyən olunub. Həmçinin, zibil qutusundan başqa yerə zibil atmaq – 50 AZN, metronun zibillənməsi- 15-30 AZN, avtomobil yollarının zibillənməsi- 30-50 AZN​ dəyərində cərimə nəzərdə tutulub.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et