Dünya Kubokuna ev sahibliyi etmək iqtisadi baxımdan sərfəlidirmi? | Banco.az

Dünya Kubokuna ev sahibliyi etmək iqtisadi baxımdan sərfəlidirmi?

Bir çox ölkə hər dörd ildə bir keçirilən Dünya Kubokunun öz ölkələrində təşkil edilməsi üçün səy göstərir və turnir həmin ölkəyə həvalə edildiyi təqdirdə bu işə milyard dollarla sərmayə qoyulur.

Ancaq iqtisadçılar Dünya Kubokuna ev sahibliyi etməklə bağlı sərmayə qoyuluşunun sərfəli olmadığına dair həmfikirdirlər.

2018- ci il Dünya Kuboku ötən çərşənbə axşamı Rusiya ilə Səudiyyə Ərəbistanı arasında oynanılan açılış matçı ilə başladı. Dörd ildə bir keçirilən və bu il də Rusiyanın ev sahibliyi etdiyi dünyanın ən böyük futbol hadisəsini təşkil edəcək ölkə və ya ölkələr edilən müraciətlər əsasında FIFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) tərəfindən seçilir.

Turnirin təşkili üçün FIFA ya müraciət edən ölkələr nəqliyyat, qonaqlama və stadionlar başda olmaqla müvafiq sahələrə sərmayə qoyulacağına dair FIFA ya təminat verirlər və xərclər adətən milyard dollarla ölçülür. Nümunə olaraq deyə bilərik ki, bu il Dünya Kubokuna ev sahibliyi edən Rusiya turnirin təşkilinə 14.2 milyard dollar vəsait sərf etmişdir.

Bəs, Dünya Kuboku üçün belə böyük məbləğdə vəsait sərf edən ölkələr bunun qarşılığını ala bilirlərmi? “World Economic Forum” (https://www.weforum.org/agenda/2018/06/world-cup-football-smart-investment-russia-host ) saytında yayımlanan məqalədə qeyd edilir ki, iqtisadçılar Dünya Kubokuna ev sahibliyi etməklə bağlı sərmayə qoyuluşunun sərfəli olmadığına dair həmfikirdirlər və onların bu barədə haqlı olduqlarına dair bir çox sübutlar var.

2023-cü il üzrə Dünya Kubokuna sərf edilən ümumi vəsaitin 30.8 milyard dollar olacağı güman edilir. Dünya Kuboku və ya digər idman tədbirlərinə ev sahibliyi etmək ölkəyə turist cəlb edilməsi, yeni infranstrukturun yaradılması, ölkəyə xarici sərmayə axının artırılması baxımından ölkənin iqtisadiyyatını canlandıra bilər. Lakin, Dünya Kubokunun təşkil edilməsi üçün sərf edilən vəsaitin bu turnirin ölkəyə iqtisadi faydalarından daha çox olduğu görünür.

Turnirin keçirilməsi üçün qoyulan sərmayələrin nəticəsi gözləniləni qarşılamır

Təəssüflər olsun ki, idman yarışları üçün infranstrukturun yaradılması və onun saxlanılması bahalı bir işdir. Turnir üçün inşa edilən idman obyektlərinin bir çoxu baxım xərclərinin qarşılana bilməsinə kifayət edəcək qədər çox istifadə edilmir. Böyük idman yarışları təşkil etməyin qoyulan sərmayəni doğrultmadığını düşünən iqtisadçılardan biri də Andrew Zimbalistdir. O, bu mövzuda irəli sürdüyü fikirdə bildirir ki, turnirlər başa çatdıqda ev sahibliyi etmiş şəhərlərdə geriyə nadirən istifadə edilən dəyərli, amma yararlı olmayan mülklər qalır.

Bununla bağlı ən diqqət cəlbedici nümunələrdən biri isə 2014-cü ildə keçirilən Dünya Kubokuna ev sahibliyi edən Braziliyadan gəlir. Dünya Kubokuna hazırlıq üçün təqribən 14 milyard dollar xərcləyən Braziliyanın ən bahalı stadionu artıq avto dayanacaq olaraq istifadə edilir. Statistiki göstəricilərə görə Dünya Kuboku üçün ayrılan dövlət xərclərinin bütün ölkənin sosial yardım xərclərini iki dəfə qarşılaya biləcəyi görünür.

Ən sərfəli kredit üçün müraciət et

Böyük idman yarışları ölkənin turizm şablonunu dəyişdirir

Böyükidman yarışları minlərlə idman azarkeşlərinin marağına səbəb olsa da, bu növ tədbirlər ənənəvi turist axınını azalda və turistləri ən çox səfər edilən yerlərdən uzaqlaşdıra bilər. 2008 Pekin və 2012 London Olimpiya oyunları keçirilən illərdə həmin ölkələrin illik turist qəbulunda azalma qeydə alındı.

Həmçinin deyə bilərik ki, 2012-ci ildə Londonda yerləşən və İngiltərənin ən məşhur muzeyi olan Britaniya Muzeyi Olimpiya Oyunlarının keçirildiyi ay normal göstəricidən 22% daha az ziyarətçi qəbul etdi. Olimpiya Oyunlarından sonra mövzu ilə bağlı açıqlama edən İngilis hökuməti “insan sıxlığı, ləngimələr və qiymətlərin qalxması səbəbindən ziyarətçilərin azalması müşahidə olunmuşdur” nəticəsinə gəldi.

Digər bir maraqlı nümunə isə 2010-cu ildə Cənubi Afrikada yaşanmışdı. Cənubi Afrikada təşkil edilən 2010 Dünya Kubokundan öncə turnir üçün ölkəyə təqribən 450 min turistin gələcəyi proqnozladırılmışdı. Nəticədə isə bu göstəricinin üçdə ikisi reallaşdı. Gözlənilən ziyarətçi sayının azalmasının əksinə xərclər təqribən dörddə bir artım göstərdi.

Yerli təşkilatçılar gəlirlərdən çox az pay alırlar

Bu növ idman tədbirlərini təşkil edənlər üçün ticari satışlar, sponsorluqlar və lisenziya müqavilələri kimi bir çox gəlir mənbəyi var. Lakin, ən böyük gəlir sözsüz ki,yayım haqqlarından əldə edilir. Bununla belə böyük idman tədbirlərinin təşkilatçıları bu gəlirlərdən ən yüksək payı alır və nəticədə ən məhsuldar yerli təşkilatçıların belə gəlir əldə etməsi çətinləşir.

Həftəlik xəbər, iş dünyası və iqtisadiyyat jurnalı olan “The Economist” “Beynəlxalq Olimpiya Komitəsi” nin oyunlardan əldə edilən yayım gəlirlərinin 70%-dən çoxunu aldığını qeyd edir. FIFA 2014 Dünya Kubokundan təqribən 5 milyard dollar gəlir əldə etdi ki, bunun da demək olar ki yarısı yayım haqqlarından irəli gələn gəlirlər idi. Bunun əvəzində isə FIFA turnirin hazırlıq xərclərində heç bir köməklik göstərmədi.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et