Data analizinin ən məşhur 6 TƏTBİQİ | Banco.az

Data analizinin ən məşhur 6 TƏTBİQİ

Galaktikadan hüceyrələrə, ətrafınızda gördüyünüz hər şey data “istehsal edir”. Xoş xəbər ondan ibarətdir ki, əgər datanı sistemləşdirmək, datadan problemi aşkara çıxarmaq və analiz edə bilmək bacarıqlarına sahibsinizsə, dəyişə biləcəyiniz çox şey var. 60 illik tarixi olan data analizi, yalnız son 20 ildə dünyanı dəyişən innovasiyalara səbəb oldu. Bəşər tarixindən bu günə bütün insanları birləşdirən ancaq bir maraq var. Bu gələcəyi görmək arzusudur. Gələcəyi bilmək, bu gün üçün düzgün qərarlar deməkdir. Odur ki, data analitikasının əsas məqsədi ən düzgün qərarın verilməsi üçün gələcəyin öncəgörməsidir desək, heç yanılmarıq. 20-ci əsrin nefti, 21-ci əsrin datasına məğlub olur və bu məğlubiyyət dünyanın ən xeyirxah məğlubiyyətidir. Data rəqabəti intensivləşdirir, xərcləri aşağı salır və effektiv iş dövranını təmin edir. Data analizinin tətbiqi bir çoxşaxəlidir. Ən çox və daha məşhur olan tətbiqləri sizlərlə bölüşürük:

1. İnternet Axtarışları

Google, Bing, Yahoo kimi axtarış sistemlərinin data analizi algoritmləri ilə çalışdığını yəqin ki, bilirdiniz. Google gün ərzində 20 petabyte datanı analiz edir. Müqayisə üçün deyə bilərik ki, bu, ABŞ-ın bütün akademik araşdırma  kitabxanalarında toplanmış datadan düz 10 dəfə çoxdur. Əgər dünyada bu gün data analizi deyə bir anlayış olmasa idi, bu gün yəqin ki, heç kim Google haqqında birşey bilməzdi.

2. Rəqəmsal Reklamlar (Məqsədli reklamlar)

Əgər bir öncəki məlumatdan sonra, datanın dünyaya verdiyi ən böyük hədiyyənin axtarış sistemlərinin olduğunu düşünürsünüzsə, yanılırsınız. Rəqəmsal marketing data analizinin ən geniş tətbiq sahələrindəndir. “Hansı müştəriyə hansı məhsulu təklif etsək?”, “Bu məhsulu alan, başqa hansı məhsulu alar?” tipində problemlər data analizinin cavab tapdığı məsələrdir.

3. Təyyarə Marşrutlarının Planlanması

Hava nəqliyyatı sənayesi dünyada ən çox zərərlə qarşılaşan və riskli sahələrdən sayılır.  Müştəri davamlılığı, əməliyyatlar gəlirlərinin nəzarətdə saxlanılması, yanacaq qiymətlərində olan dəyişikliklər məsələyə strateji yanaşmanı tələb edir. Data analizinin tətbiqi ilə əvvəlcədən tərixə düşəcək və risk altında olan uçuşlar, hansı klass təyyarələrdən istifadə etmək, birbaşa yaxud vasitəli uçuş marşrutlarının seçilməsi, sadiq müştərilər üçün proqramların hazırlanması və idarə olunması kimi məsələlər öz həllini tapır. Alyaska Hava yolları və Southwest Hava yolları data analizindən maksimal şəkildə istifadə edən şirkətlərdir.

Ən sərfəli kredit üçün müraciət et

4. Risk Analizi

Maliyyə, data analitikasının ən geniş tətbiq olunduğu sahələrdən sayılır. Hər il şirkətlər miyonlarla geri qaytarılmayan borc və itkilərlə qarşılaşırlar. İstər banklar, istərsə də sığorta şirkətləri risklərin idarə olunmasında machine learning algoritmləri vasitəsilə Scorecard sistemini qururlar. Scorecard müştərilərə veriləcək olan borcların cədvəlidir ki, risk ehtimalı nəzərə alınaraq “Hansı müştəriyə nə qədər borc vermək olar?” sualını çox dolğun şəkildə cavablayır. Scorecard sisteminin qurulması Logistik Reqressiya alqoritmi ilə həyata keçirilir və Scorecard sisteminə keçid fərdiyyətə söykənən qərarlardan fərqli olaraq ölçüləbiləndir. Scorecard sisteminin bir üstün cəhəti də onun sığorta sektorunda da geniş tətbiq imkanlarına sahib olmasıdır.

5. Səhiyyə və Genetika

ABŞ-ın Milli İnsan Genləri Araşdırma İnstitutunun hesablamalarına görə, 2006-cı ildə hər genin araşdırılması üçün 20 milyon dollar vəsait tələb olunurdu. Eyni iş üçün data analitikasını tətbiq etməklə, sadəcə 1000 dollar xərcləmək kifayətdir. Və daha maraqlısı odur ki, bu iş sadəcə saatlar içində edilir.

6. Dövlət

Hələ eramızdan əvvəl, dövlətlər öz vətəndaşları haqqında bütün vacib və mümkün informasiyanı toplamağa çalışırdılar. Səbəbi hər kəsə aydındır, menecment data olmadan qeyri-effektivdir. Eramızın ikinci ilində Çində 59.6  milyon insan siyahıya alınmışdır. Lakin bunun nə qədər çətin və əmək tutumlu iş olduğunu təsəvvür etmək, işin özü qədər çətin deyil. İdarəetmədə datanın əhəmiyyəti havaya bənzəyir. Təkcə vətəndaşlarla deyil, beynəlxalq xarici əlaqələrlə də, dünya dövlətləri, maksimal şəkildə dataya əsaslanan qərarlara istinad edir. Hazırda Dünyanın ən böyük siyasi gücləri, data müharibələrinə başlayıb. Oyunun qaydaları çox sadədir, data kimdədirsə o da qalibdir.

Sevinc Hüseynova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et