"Cash back" xərclədiyiniz pulun bir hissəsinin sizə qayıtması prosesidir. Bu adətən hər hansı məhsula və ya bankın hər hansı kartına tətbiq edilir. Məqsəd isə müştərilərin diqqətini cəlb etmək və rəqabətdə önə çıxmaqdır.
Lakin, qeyd etməliyik ki, bu, həmçinin müştərilərin də xeyrinədir.
Cash back iki növ əməliyyatlarda reallaşır:
1.Birinci növ cash back forması nağd və ya debet kartları ilə alış-veriş edən pərakəndə alıcılara tətbiq olunur. Xərclənən məbləğin bir hissəsi və ya müəyyən faizi karta geri qayıdır.
Kart sahibi alış-veriş edərkən xərclədiyi pula görə əlavə olunacaq məbləği ATM və ya banka müraciət etmədən yerində əldə etmək istəyə bilər. Bu zaman, geri qayıdacaq məbləğ alış-veriş zamanı alınan məhsulların ümumi məbləğindən çıxıla bilər.
2.İkinci növ cash back formasında müştəri kredit kartından xərclədiyi məbləğə görə faiz əldə edir. Bunlar müştərinin istəyindən asılı olaraq ya məbləğ şəklində karta geri qayıda, ya da xallar kimi toplana bilər.
Bu xalların toplanması sonda hədiyyə kartının əldə edilməsi və ya səyahət üçün millərin toplanması kimi ola bilər. Hədiyyəni qazanmaq üçün xalların sayı müəyyən olunmuş həddə çatmalıdır. Bu zaman hər bir alınan məhsula görə əldə olunan xallar və faizlər müxtəlif ola bilər.
İndi isə nümunələr ilə izah edək:
Hər hansı məhsulun satışına cash back tətbiq oluna bilər. Bunun əsas səbəbi məhsula olan marağı artırmaq və insanları alışa sövq etməkdir.
Bu proses bank tərəfindən hər hansı bir debet kartına, həmin karta olan marağı artırmaq üçün tətbiq oluna bilər.
Məsələn, müştəri debet kartı ilə hər hansı məhsul alır və onun toplam xərci 45 AZN təşkil edir və toplam alış-veriş üçün 20% cash back təklif olunur. Bu zaman 9 AZN müştərinin kartına geri qayıdacaqdır.
Həmçinin yeni müştərilərin cəlb olunması və köhnə müştərilərin saxlanması üçün stimullaşdırıcı tədbirlər qismində xalların və ya səyahət üçün millərin toplanması kimi cash back tətbiq oluna bilər.