Brayan Treysinin həyatı və uğur hekayəsi | Banco.az

Brayan Treysinin həyatı və uğur hekayəsi

Kommunal xərclərini ödəməkdə çətinlik çəkən bir ailədə dünyaya gələn Brayan Treysi hazırda Kaliforniya mərkəzli milyon dollarlıq üç müxtəlif şirkətin prezidenti və CEO – sudur. Treysi hal- hazırda Avropa, Cənub Şərqi Asiya, ABŞKanadada səyahət edir. Bu vaxta qədər 6 fərqli qitədə yerləşən 80 ölkədə işləmişdir. Dörd dil bilən Treysinin şüarı isə çox sadədir: "Öyrənmək və öyrəndiklərinizi tətbiq etməklə həll edə bilməyəcəyiniz hər hansı bir problem, öhdəsindən gələ bilməyəcəyiniz hər hansı bir maneə və çata bilməyəcəyiniz hər hansı bir hədəf olmadığını düşünürəm."

Bu vaxta qədər 40 – dan çox əsərin müəllifi olan və ildə 250 mindən çox insanın qarşısında təqdimat həyata keçirən Treysinin əldə etdiyi uğurlar bu şüarın sübutudur. Brayan Treysinin araşdırmaları və uğurları 25 ilin yekununda hasil olmuşdur. “Advanced Selling Strategies”, “The 100 absolute unbreakable laws of Business Success” və “The 21 Success Secrets of Self-Made Millionaires” kimi kitabları günümüzdə olduqca böyük şöhrət qazanmışdır.

Uğurlu iş adamı olan Brayan Treysi eyni zamanda ailəcanlı insan idi. Həyatının sevgisi olan Barbara ilə evlənən Brayanın dörd övladı var və hazırda ailəsi ilə San Dieqoda yaşayır.

Uşaqlıq illəri

1944 – cü ildə Kanadanın Vankuver şəhərində dünyaya gələn Brayan kommunal xərcləri ödəməkdə çətinlik çəkən və maddi sıxıntıları olan bir ailənin uşağı idi. Atası müntəzəm bir işdə çalışmadığı üçün Brayan  ilə digər üç qardaşı xeyriyyə təşkilatlarının verdikləri paltarları geyinirdilər. Brayanın ailəsi yüksək əxlaqi dəyərlərə sahib dürüst insanlar olsalar da, adətən “Pulumuz yoxdur, bunu almağa gücümüz çatmaz...” tərzində danışırdılar. Brayan isə nə üçün başqa ailələr daha yaxşı şəraitdə yaşayarkən özlərinin müntəzəm olaraq maddi sıxıntılar içində olduqlarını düşünərək böyüdü.

Kiçik yaşlarında məktəbdən ayrıldı və 20 – li yaşlarda səyahət etməyə başlayana qədər fiziki cəhətdən ağır işlərdə çalışdı. Bir müddət taxta emalı sexində, fabrikdə və tikintidə işlədikdən sonra dünya səyahətinə çıxdı.

Dünya səyahətinə çıxması

20 yaşında olarkən yoxsulluq içindəki həyatından bezmişdi və səyahət etməyə başladı. İngiltərəyə işçi aparan gəmiyə minmək əvəzinə şəxsi maşını ilə Kanadadan yola çıxdı və bütün Şimali Amerikanı gəzdi. Oradan da velosipedlə Fransaya, İspaniyaya və nəhayət Cəbəllütariq boğazına getdi.

Dostları ilə həyata keçirdiyi bu səyahət 8 il davam etdi və səfərləri onları Saxara səhrasına apardı. Əlverişsiz ərazi baxımından ölümdən döndükləri bir macəra yaşadılar.

Bir çox təhlükənin öhdəsindən gəldikdən sonra Cənubi Afrikadakı məşhur həkim Albert Schiweitzerin yanında işləyərkən həyatı qaydasına düşməyə başladı. Eyni zamanda Karate idman növü üzrə öz üzərində işləyərək qara kəmər qazandı. İki il Yohannesburqda yaşadıqdan sonra bu şəhəri tərk edərək səyahətinə qaldığı yerdən davam etdi. Qısa bir müddət Londonda işlədi və daha sonra Avropanın və Orta Şərqin müxtəlif bölgələrinə ayaq basdı. Sonradan Taylanda gedərək iki il də orada qaldı. Beləliklə də dünyanın 80 – dən çox ölkəsini ziyarət etmiş oldu.

Bəhanələrə yox!

Brayan Treysinin həyat fəlsəfəsini başa düşmək bəzi insanlar üçün çətin ola bilər, lakin bu fəlsəfə sayəsində o, geniş auditoriyaya xitab etməyə nail oldu. “Oxu, dinlə və hər zaman öyrənərək özünü inkişaf etdir. Əgər istəsən hər şeyi öyrənə bilərsən.” Treysi 50 il boyunca bu fikirlərini həyata keçirdi. Gündə üç saat kitab oxuyan Treysi bu günə qədər 6 – 7 min kitab oxuyub bitirmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Brayan Treysinin həyat fəlsəfəsi çox uzun müddət məqsədsizcəsinə gəzərkən və həyatının öz əlində olmayan xarici qüvvələr tərəfindən formalaşdırıldığının fərqinə vardığı andan etibarən yarandı. Gözlərini açdı və öz həyatından məsul olduğunu başa düşdü. Müntəzəm olaraq bir cavab axtarmaq onun əlində idi və bunu edə biləcək insan sadəcə özü idi. Daha sonra isə minlərlə insanın həyatında dönüş nöqtəsinə çevrilən “No Excuses! The Power of Self-Discipline” (Bəhanələrə Yox! Daxili İntizamın Gücü) adlı kitabını qələmə aldı.

Şəxsi İnkişafa Gedən Yol

Nəhayət, həyatını uğurlu ya uğursuz bir insan olaraq başa vurmağın sadəcə öz əlində olduğunu dərk etdiyi zaman satış işi ilə məşğul olmağa başladı. Başlanğıcda naşı olsa da, uğurlu olan iş yoldaşlarını izlədi, çoxlu kitablar oxudu və sonra qarşısına hədəflər qoyub onları həyata keçirdi. Hədəflərindən biri dünyanın ən yaxşı satış mütəxəssisi olmaq idi. Əslində öyrənə biləcəyi hər şeyi öyrəndi və “ən yaxşı satış meneceri” olanadək satış işi ilə bağlı bütün üsulları sınaqdan keçirdi. Satış işində zirvəyə yerləşdikdən sonra daşınmaz əmlak, çalışma nəzəriyyəsi, marketinq kimi daha böyük sahələrə yönəldi və başladığı hər işdə uğurlu oldu. Bu sahələr üzrə təlimlərdən keçdi və bir çox sahədə mütəxəssisə çevrildikdən sonra 265 milyon dollar dəyərinə sahib inkişafda olan bir şirkətin idarə edilməsi üzrə məsul şəxs oldu.

Otuz il ərzində öyrəndiklərini bir araya gətirdi və uğurlarının digər insanlara nümunə olması üçün çalışdı. Bir neçə dəfə cəhd göstərib uğursuzluğa düçar olması ilə, hər zaman faydalı olan “uğur üçün çox çalışmaq” prinsipi ilə uğurun təmsilçisinə çevrildi. Bildiklərini başqaları ilə də bölüşmək üçün San Dieqoda “Brian Tracy International” müəssisəsini təsis etdi.

Uğurları

Qələmə aldığı “Maximum Achievements”, “Eat That Frog”, “Time Power”, “Including Goals” və “The 100 Absolutely Unbreakable Laws of Business Success” adlı əsərləri dünya miqyasında tanınır.

QEYD: “The 100 Absolutely Unbreakable Laws of Business Success” kitabını linkə klikləyək oxuya bilərsiniz.

Bestseller olan “Psychology of Achievement” (Nailiyyət Psixologiyası) də daxil olmaqla 300 – dən çox audio və video proqram hazırlamışdır.

Onun xidmətindən istifadə edən insanların sırasında IMB, FedEx, Hewlett Packard, Caterpillar və PepsiCo kimi məşhur şirkətlərin yüksək səviyyəli menecer heyəti də vardır. Onun “Liderlik”, “Satış”, “Biznes Uğuru”, “İdarəçilik Effekti”, “Strategiya”, “Yaradıcılıq və Uğur Psixologiyası” mövzusunda dolğun və dəyərli seminarlarının müsbət nəticəsi özünü gözlətmir və uzun müddətli olur.

Muzdlu iş, satış, marketinq, investisiya, avtomobil ixracı, daşınmaz əmlak biznesi, distribyutorluq və menecment sahələrində uzun müddətli təcrübə və təhqiqatlarına əsaslanan 55 kitabı 42-dən artıq xarici dilə tərcümə edilmiş və 60-dan çox ölkədə satılmaqdadır. Brayan Treysi şəxsi inkişaf və biznes uğuru sahəsində ən yaxşı təlimçilərdən hesab edilir.

Brayan öyrənməyi əsla dayandırmır. Həyatınız boyunca öyrənmək onu olduğu kimi sizi də çox uğurlu yerlərə gətirəcəkdir!

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et