Banco.az müxtəlif iqtisadi terminlərin izahını verməklə yanaşı, həmin termin və anlayışların qısa izahını da yayımlayır. Bu dəfəki araşdırma mövzusu "Birjalar"dır. Banco.az "Birja" və onun tarixi haqqında qısa araşdırmanı oxuculara təqdim edir:
Birja təşkilati cəhətdən xüsusi qaydada formalaşmış, müəyyən əmtəələrlə sövdələşmələr aparan bazar başa düşülür. Birja - əmtəələrin, xammalın, qiymətli kağızların satışı ilə məşğul olan vaxtaşırı fəaliyyət göstərən topdan bazardır. Onlar bazar iqtisadiyyatının iqtisadi aləti rolunu yerinə yetirir və əmtəələrin, xammalın, qiymətli kağızların alışı və satışında azad bazar münasibətlərini formalaşdırırlar.
Birja – qanunvericiliklə müəyyən edilmiş qaydada marağı olan hüquqi və fiziki şəxslər tərəfindən könüllü pay əsasında yaradılmış təşkilatdır. Birjaların yaradılmasında dövlət orqanları, banklar, sığorta və investisiya şirkətləri və fondları, ictimai, dini və xeyriyyəçi təşkilatlar və qurumlar iştirak edə bilməzlər. Birjalar təsisçilərin iclasında qəbul edilmiş qərar əsasında yaradılır. Təsisçilər iclasda müəyyən edilmiş ölçüdə öz paylarını daxil edirlər. Daxil edilmiş pay ölçüsündə təsisçilər birjanın təsərrüfat fəaliyyətinin nəticələrinə görə əmlak məsuliyyəti daşıyırlar. Birja dövlət qeydiyyatından keçdiyi andan hüquqi şəxs statusunu əldə edir, birja ticarəti aparmaq üçün lisenziya əldə etdikdən sonra isə birja sövdələşmələri aparmaq hüququna malik olur.
Birja necə yaranıb? İlk birja 1406-cı ildə Brügge şəhərində ( indiki Belçikada yerləşir ) Van der Bursa adlı varlı bir şəxsin evinin qarşısındakı meydanda yaranmışdır. Şəxsin soyadı (Bursa) “pul kisəsi“ mənasını verir, eyni zamanda onun evinin üzərində təsvir olunmuş gerb üç pul kisəsindən ibarət idi. Bursa sözündən “birja“ sözü yaranmış və bu söz tezliklə Antverpendə, Lionda, Amsterdamda, Londonda və s. şəhərlərdə yaranmış topdansatış əmtəə bazarlarına şamil edildi.
Birjalar vasitəçilik funksiyasını həyata keçirib topdan satış ticarəti ilə məşğuldurlar. Birjaların aşağıdakı növləri mövcuddur:
1. Əmtəə birjaları (Əmtəələrin alqı-satqısı üzrə vasitəçilik fəaliyyəti göstərirlər)
2. Fond birjaları (Qiymətli kağızların alqı-satqısı ilə əlaqədar əməliyyatları həyata keçirirlər)
3. Valyuta birjaları (Qızıl və valyutaların alqı-satqısı ilə məşqul olurlar)
4. Əmək birjaları (İşçi qüvvəsinə təlabatı uçota alır və onların təklif edilməsi ilə məşğul olurlar)