Bir sıra banklarda ciddi faiz endirimləri gözlənilir | Banco.az

Bir sıra banklarda ciddi faiz endirimləri gözlənilir

Milli Məclis kredit faizlərinin yüksək olması məsələsini gündəmə gətirəndən sonra, deyəsən, banklar qorxuya düşüb. Bir müddət əvvəl parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bankların faiz dərəcələrini azaltmalı olduğunu dedi. Komitə sədrinin sözlərinə görə, kredit faizlərinin aşağı salınması ilə bağlı Mərkəzi Bankla birgə müzakirələr aparılmalıdır: “Ölkə iqtisadiyyatı inkişaf etdikcə, sahibkarlıq fəaliyyətini yaxşılaşdırmaq üçün istər hüquqi, istərsə də fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarlıq subyektlərinin kredit bazarına müraciətlərini asanlaşdırmaq üçün həyata keçirilən çoxsaylı kompleks tədbirlər nəzərə alınmalıdır. Bu istiqamətdə isə atılacaq ilk addımlardan biri bank faizlərinin aşağı salınmasıdır”. Z.Səmədzadə həmçinin əlavə edib ki, MM-in yaz sessiyasında İqtisadi siyasət komitəsi büdcə paketinin müzakirəsindən əvvəl banklarla görüş keçirəcək və bu məsələləri müzakirə edəcək.

Bu açıqlamadan sonra bir sıra bankların elan etdiyi kampaniyalardan onların təşvişə düşdükləri açıq-aydın hiss olunur. Məsələn, hər zaman kredit şərtlərinin ağırlığı ilə seçilən “BankRespublika” digər banklarda borcu olan şəxslərə də kredit verməyə hazırdır. Bank elan etdiyi “Bir kredit-bir bank” kampaniyası çərçivəsində bir neçə bankda krediti olan vətəndaşlara 10 min manatadək kredit verir ki, bütün kreditləri bir yerə yığsın. Özü də kifayət qədər cəlbedici bank faizi təklif edir-27 faiz. Qeyd edək ki, bu faizi əksər banklar onlara ikinci-üçüncü dəfə müraciət edən müştərilərinə təklif edirlər. “Bankofbaku” isə təkrar müştərilərinə endirimlə 10 min manatadək kredit təklif edir. Bankın “Ürəyiniz istəyən nağd kredit” kampaniyasından yararlanmaq istəyənlər 3,5 faizədək endirim imkanı qazanacaqlar. “TBC Kredit”də də çox cəlbedici bir kampaniya başlayıb. Bankın saytında yerləşdirilən reklamda bildirilir ki, Bakı, Sumqayıt və Abşeronda yaşayan və işləyən hər kəs “Sərbəst kredit” kampaniyasından yararlanaraq 15 min manatadək kredit götürə bilər. 24 aylıq verilən kreditə illik 24 faiz təklif edilir. “Yapı Kredi Bank Azərbaycan” da endirim kampaniyası reallaşdırır. Belə ki, bankın müvafiq elanında göstərilir ki, dövlət işində çalışanlara 5 faiz endirimlə 5 min manatadək kredit verilir. “Unibank” isə müxtəlif kampaniyalar çərçivəsində 2 faizdən 6 faizədək endirim elan edib. Biz heç də iddia etmirik ki, bütün bu kampaniyalar məhz yuxarıda qeyd edilən açıqlamadan sonra elan edilib. Lakin məsələ burasındadır ki, bankların həddən artıq yüksək faizlə kredit verməsi məsələsi son vaxtlar daha tez-tez gündəmə gəlir və artıq bir neçə dəfə rəsmi səviyyədə narazılıq səsləndirilib. Milli Məclisin məsələyə münasibət bildirməsi və Mərkəzi Bankı problemə qarışmağa, eyni zamanda bank rəhbərlərini söhbətə dəvət etməsi isə bankların əl-ayağa düşməsinə səbəb olub, desək, yanılmarıq. Görünür, banklarda yaxın gələcəkdə faizlərin aşağı salınmasına məcbur ediləcəklərini bilirlər və buna görə də son fürsətlərdən maksimum istifadə etməyə çalışırlar. Bu mövzuda bizimlə danışan, lakin adının çəkilməsini istəməyən millət vəkili əhalini bir qədər də səbrli olmağa, aldanmamağa çağırdı: “Məndə olan məlumata görə, banklara 20 faizdən artıq faizlə kredit vermək qadağan ediləcək”. Qeyd edək ki, qanunvericilik bunu hər hansı rəsmi qərarla etməyə icazə vermir. 

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin sözlərinə görə, müşahidə olunan kampaniyaların, faiz endirimlərinin kökündə dayanan əsas səbəbi bankların istehlak kreditləri bazarına kütləvi axını ilə bağlıdır: “İri biznes kreditləri vermək banklara sərf eləmir, çünki risklər var. Ona görə də banklar istehlak kreditlərinə qaçırlar və təsadüfi deyil ki, istehlak kreditlərinin verilmiş kreditlərdə payı 40 faizə çatır. Bu isə normal hal deyil. Əgər bayaqdan kiçik banklar istehlak kreditləri verirdilərsə, artıq böyük, pulu çox olan banklar da istehlak kreditləri verməyə başlayıblar”. Ekspertin sözlərinə görə, digər amillər də var. Həmin amillərdən biri də budur ki, bu gün bankların əsas gəlirləri kreditlərdən gələn faizlərdir. Ona görə də banklar daha çox kredit verməlidirlər ki, əldə etdikləri gəlir də çox olsun: “Mərkəzi Kredit Reyestrinin (MKR) fəaliyyəti də bu vəziyyətin yaranmasında rol oynayır. Yəni banklar müştərini qiymətləndirmək üçün MKR-in xidmətindən yararlanır və beləliklə də kredit vermək imkanı daha asanlaşır. Bununla da yüksək məbləğdə kredit vermək mümkünləşir. Təbii ki, Mərkəzi Bankın tövsiyələri, məsələnin Milli Məclisdə qaldırılması da faizlərin endirilməsinə səbəb olan amillərdəndir”. 

S.Əliyevin sözlərinə görə, araşdırmalar göstərir ki, hazırda banklar yüksək faiz tətbiq etsələr də, onların kreditlərdən əldə etdiyi gəlir 3-4 faiz civarında ölçülür. Bunun isə səbəbləri odur ki, əvvəla, kredit resursunun dəyəri, ikincisi isə bankların xidmət xərcləri bahadır: “Biznes kreditlərindən fərqli olaraq, istehlak kreditləri banka daha baha başa gəlir. Bankın əldə etmək istədiyi xalis gəliri də bu iki xərcin üzərinə əlavə etdikdə faizlər gəlib çıxır indiki yüksək həddə. Ona görə də əgər faizlərin aşağı salınmasını istəyiriksə, ilk növbədə cəlb edilən resursların dəyəri ucuzlaşmalıdır. Əks halda, faizləri 20-dən aşağı salmaq çətin olacaq”.

İqtisadçı ekspert Pərviz Heydərov Azərbaycanda bank faizlərinin yüksək olmasının bir neçə səbəbi olduğunu bildirir: “Hər kəsə yaxşı bəllidir ki, bankların gəlir mənbəyi məhz faizlərdir. Odur ki, adi məntiqlə yanaşsaq, daha çox gəlir əldə etmək və qazanmaq istəyən tərəf əslində, bahalı xidmət təklif etməz. Ölkəmizdə bankların əsas qazancı isə həm də istehlak kreditləridir. Deməli, burada, tələb və təklifin təsiri də daha yaxından rol oynayır. Odur ki, kommersiya banklarının haqqında söhbəti gedən və narazılıq doğuran yüksək faiz dərəcələri obyektiv səbəblərdən qaynaqlandığından bunda çox da şişirtmə ola bilməz. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, banklarımızın sərbəst vəsaitlərə çıxışı olduqca zəif xarakter daşıyır. Sərbəst vəsait ya əhalidən əmanətlərin cəlbi, ya Mərkəzi Bankdan kreditlərin alınması, ya da xarici maliyyə qurumlarından vəsait əldə olunması yolu ilə gəlir. Bunlardan sonuncu 2-si banklarımız üçün demək olar ki, əlçatmazdır. Əsas vasitə əhalinin əmanətləridir ki, bu da çox cüzi mənbədir. Odur ki, fikrimcə, hər hansı bu və ya digər faiz endirimləri iqtisadi əsaslara söykənməsə, kampaniya xarakteri daşıyacaq və uzun müddət davam etməyəcək”.

P.Heydərovun fikrincə, çağırışla, inzibati və yaxud təklif yolu ilə kommersiya bankları üzrə faizlərin endirilməsinə nail olmaq olmaz: “Bunun yeganə yolu ölkədə sağlam bank fəaliyyəti üçün geniş imkanlar yaratmaq, ən əsası da Mərkəzi Bankdan kreditlərin alınması və xarici maliyyə qurumlarına çıxış şəraitini yaxşılaşdırmaqdan keçir”.

Ən sərfəli kredit üçün müraciət et

Kaspi.az
 

Ən sərfəli krediti almaq üçün müraciət et