Banklarda hüquqi risklərin idarə edilməsi | Banco.az

Banklarda hüquqi risklərin idarə edilməsi

Qorxmaz Ağayev, ARPA Direktorlar Şurasının üzvü, Vəkillər kollegiyasının üzvü

Bank sektoru, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da aparıcı iqtisadi sahələrindən biridir. Bu sektorun fəaliyyəti və inkişafında əsas amillərdən biri maliyyə dəstəyidirsə, o biri insan resursudur. İqtisadi həyatda baş vermiş son proseslər bir daha sübüt edir ki, insan resursları maliyyə resurslarından daha önəmli və dəyərlidir. Çünki 1-ci resurs idarə edən subyekt, 2-ci isə idarə edilən obyektdir.

Nə qədər qeyri-hümanist səslənsə də, aydındır ki, insan ayrıca bir fərd kimi yox, onun göstərdiyi xidmətlər bank üçün dəyər əmələ gətirir. Bankın öz fəaliyyətini həyata keçirməsi üçün ehtiyac duyduğu həmin xidmətlər müxtəlifdir. Bunlara misal olaraq bankın idarə edilməsi, məhsulların yaradılması, marketinq və satış xidmətləri, depozitlərin cəlb edilməsi, kreditlərin verilməsi, hesabların aparılması, kassa əməliyyatları, hüquq xidmətləri, muhasibat-uçotu və maliyyə xidmətləri, nəzarət xidmətləri, İT xidmətləri, təsərrüfat, təhlükəsizlik, insan resurslarının idarə edilməsi və s. göstərmək olar. Bank zəruri olan bu xidmətlərin siyahısını təyin edərkən özünün strateji və taktiki hədəflərini, habelə bu hədəflərə uyğun qurulmuş funksional strukturunu rəhbər tutmalıdır. Yalnız bu halda bank bu xidmətləri göstərən şəxslərin fəaliyyətini özünün son məqsədi olan mənfəətin əldə edilməsinə sazlamış olacaq.

Hədəflərinə və funksional göstəricilərinə görə banklara göstərilən bu xidmətləri 2 əsas qrupa bölmək olar. 1-ci qrup ön ofis xidmətləridir. Onların əsas hədəfi satış və birbaşa müştərilərlə münasibətlərin aparılmasıdır. 2-ci qrup isə arxa ofis xidmətləridir ki, onların əsas hədəfi bankın və onun risklərinin idarə edilməsi və ön ofisin fəaliyyətinin təmin edilməsidir. Beynəlxalq təcrübədə hər iki qrup üzrə xidmətlər əmək müqaviləsi əsasında cəlb edilmiş işçilər və mülki müqavilə əsasında kənar xidmət (outsource) təşkilatları tərəfindən icra edilir. Adətən daha çox arxa ofis xidmətlərinin tam və ya qismən kənar idarəetməyə verilməsi müşahidə olunur. Bu, əsasən onunla bağlıdır ki, ön ofis xidmətləri bankın ana fəaliyyətini, arxa ofis isə qeyri-profil və dəstəkləyici xidmətlərini əhatə edir. Bununla belə keyfiyyətli kənar xidmət verən təşkilatların çox olduğu ölkələrdə ön ofis xidmətlərinin də tam və ya qismən kənar idarəetməyə verilməsi artıq heç kəsi təəccübləndirmir. İstənilən halda hər bir bank özünün fəaliyyət xüsusiyyətlərini, hədəflərini və ən əsası həmin xidmətlərin banka verdiyi dəyəri və ona çəkilən məsrəfləri nəzərə alaraq, işçi cəlb etmək və/və ya kənar xidmətçilər vasitəsilə bu xidmətlərə olan ehtiyaclarını qarşılayır.

Bu xidmətlər içərisində hüquq xidmətləri öz əhəmiyyəti ilə seçilir. Heç bir şübhə yoxdur ki, hər bir bank dövlət tərəfindən müəyyən edilmiş hüquqi qaydalar, məhdudiyyətlər, qadağalar və normalar çərçivəsində öz fəaliyyətini həyata keçirməlidir. Bu qaydaların pozulması banklar üçün müxtəlif sanksiyalar, hətta bankın mövcudluğuna xitam verilməsi ilə nəticələnə bilər. Buna görə də hüquqi xidmətlərin arxa ofis xidmətlər qrupuna daxil olması şərti xarakter daşıyır və hər bir bankda bu xidmətlərə, ələlxüsus onun keyfiyyətinə xüsusi önəm verilməlidir.

Banklarda hüquq xidmətlərinin anlayışını verərkən məhz onun hədəfinin təyinindən başlamaq lazımdır. Hüquqi xidmətlərin əsas hədəfi bankın hüquqi təhlükəsizliyinin təmin edilməsidir. Qabaqcıl ölkələrdə hüquq xidmətlərinin anlayışı risk idaretməsi konsepsiyası üzərində qurulmuşdur. Şübhə yoxdur ki, banklar hüquq xidmətlərindən gəlir əldə etmək yox, daha çox hüquqi risklərini idarə etmək məqsədilə faydalanırlar. Məhz bu konsepsiya hüquqi risk idarəetməsinin əsasında dayanır və hüquq xidmətlərinin banklarda yeri və rolu ilk növbədə bu konsepsiya əsasında qiymətləndirilməlidir. Bu konsepsiya onu təbliğ edir ki, hüquqi məsələlər preventiv qaydada, yəni onların mənfi nəticələri üzə çıxana qədər həll edilməlidir. Başqa sözlə, artıq ağır və ya müalicəolunmaz xəstəliyə tutulmuş pasientə tibbi müalicə nə qədər qeyri-effektivdirsə, ağır hüquqi problemi (əmlakın müsadirə olunması, böyük məbləğli iddia və cərimə tələbləri, cinayət məsuliyyəti və s.) olan şəxs üçün də hüquq xidmətləri bir o qədər yararsız olacaqdır.

Çox təəssüf ki, Ölkəmizdə nəinki bank, ümumiyyətlə biznes sahəsində hüquq xidmətlərinin rəsmi anlayışı və buna müvafiq olaraq hüquq xidmətlərinə risk idarəetməsi konsepsiyası əsasında baxış mövcud deyildir. Bunun əksinə hüquq xidmətlərindən istifadə pərakəndə və situativ xarakter daşıyır. Bu səbəbdən hər bir bankda hüquq xidmətlərinə risk idarəetməsi konsepsiya üzərindən yeni anlayış verilməlidir. Bu anlayış verilərkən dəqiq olaraq bilinməlidir ki, hüquq xidmətlərinə hansı ehtiyacdan irəli gələrək müraciət olunacaq. Bu ehtiyacları müəyyən etmək ekstremal şəkildə vacibdir. Çünki bundan asılı olaraq qərar verələcək ki, hüquq xidmətlərini göstərməyi kimə və hansı model əsasında həvalə etmək olar: təcrübəsiz hüquqşünasa, yoxsa təcrübəli hüqüqşünasa, təcrübəsi hüquq mühafizə orqanlarında çox olan hüquqşünasa, yoxsa biznes hüquqşünasına, bank təcrübəsi olan hüquqşünasa, yoxsa digər sahələrdə iş vərdişləri formalaşmış hüquqşünasa, korporativ hüquqşünasa, yoxsa məhkəmə təcrübəsi olan hüquqşünasa, əmək müqaviləsi əsasında işləyən hüquqşünasa, yoxsa kənar hüquq şirkətinə, hətta ola bilər ki, bunların hər birinə. Beynəlxalq təcrübədə hesab edilir ki, xidmət alan şirkətin ehtiyaclarından asılı olaraq bu barədə qərar verilir. Bu zaman müxtəlif xidmət modelleri seçilə bilər. Belə qərarların kökündə, heç şübhəsiz, 2 əsas meyar dayanır: göstəriləcək xidmətlərin keyfiyyəti və qiyməti. Bu ehtiyaclar nə qədər konkret olarsa, hüquq xidmətlərinə bir o qədər dəqiq hədəflər və obyektiv qiymətləndirmə təyin olunar. Bu ehtiyacların təyin edilməsinin yalnız bir yolu var: hüquqi risklərin kompleks qaydada diaqnostikası. Həkim pasientin müalicəsinə başlamamışdan qabaq və ya usta nəqliyyat vasitəsini təmir etməyə başlamadan öncə nə edir? Təbii ki, həkim müxtəlif üsullarla müayinələr keçirir (qan analizi, USM və s.), usta da nəqliyyat vasitəsinin kompyuter və ya s. üsullarla diaqnostikasını aparır. Burda məqsədin nədən ibarət olduğu hər kəsə məlumdur: pasientdə görünən və görünməyən xəstəlikləri düzgün şəkildə üzə çıxarmaq və yalnız bundan sonra müalicəni uğurla başa çatdırmaq. Eyni məqsədlə də nəqliyyat vasitəsinin diaqnostiksı aparılır: nazaslıqları üzə çıxarmaq və təmiri uğurla başa çatdırmaq. Başqa sözlə, hüquq xidmətlərinə ehtiyacı üzə çıxarmaq üçün ilk növbədə məhz hüquqi riskləri bilmək lazımdır.

Ən sərfəli kredit üçün müraciət et

Hüquqi risk – hüquqi xarakterli səbəblərdən qaynaqlanaraq əsasən hüquqi xarakterli itkilərdə özünü biruzə verən arzuolunmaz ehtimaldır. Göründüyü kimi, hüquqi riskin əsas 3 elementi vardır:

  • hüquqi xarakterli səbəbdən qaynaqlanması,
  • özünü əsasən hüquqi itkilərdə biruzə verməsi,
  • risk olaraq hələ baş verməməsi (ehtimal olması) , yəni fakta çevrilməməsi.

Hüquqi xarakterli səbəb dedikdə qanunvericilik, müqavilə və bankdaxili qaydalarda nəzərdə tutulmuş hüquqi normaların pozulması, habelə münasibətlərin tənzimlənməsində buraxılmış boşluqlar başa düşülür. Hüquqi xarakterli səbəblər qanunvericilik, müqavilə və bankdaxili qaydalarda nəzərdə tutulmuş vəzifə, öhdəlik və hüquqi imkanlardır. Məsələn, Mülki Məcəlləyə əsasən, bank hesabı müqaviləsi yazılı qaydada bağlanmalıdır (qanunvericilik üzrə hüquqi norma); bağlanmış bank əmanəti müqaviləsinə əsasən Bank verilmiş əmanətə illik 12% həcmində faiz gəliri hesablayıb ödəməlidir (müqavilə üzrə hüquqi norma); bankdaxili qaydalara əsasən, bank krediti verilərkən borcludan iş yerindən arayış alınmalıdır (bankdaxili qaydalar üzrə hüquqi norma); verilmiş kreditin ödənilməsi  zamanı pulun dəyərdən düşməsi ilə bağlı bankın maraqlarını qoruyan şərt  bağlanmış kredit müqaviləsində nəzərdə tutulmamışdır (müqavilədə hüquqi boşluq) və s.

Hüquqi itkilər dedikdə qanunvercilikdə və ya müqavilədə nəzərdə tutulmuş hüquqi nəticələrin (sanksiyaların - fəaliyyətin məhdudlaşdırılması, şirkətin ləğv edilməsi, cərimə tətbiq edilməsi, azadlıqdan məhrum etmə, bank qarşı təmin edilmiş iddialar və s.) tətbiq edilməsi və ya hüquqi imkanların əldən verilməsi (iddia müddətinin ötürülməsi, apellyasiya şikayətinin vaxtında verilməməsi, müqavilədə bankın marağını qoruyan şərtin daxil edilməməsi nəticəsində ortaya çıxan iddialar və s.) başa düşülür. Əlbəttə, hüquqi risklər əksər hallarda qeyri-hüquqi, xüsusilə də maddi itkilərlə nəticələnə bilir (investorun maddi itkiləri, nüfuz riskləri, ölüm faktı, bank müflisləşməsi və s.).

Hüquqi risk bir zərərdaşıyıcı ehtimaldır. O hələ baş verməyib, lakin baş verməsi güman edilir. Bu ehtimal baş verərsə, hüquqi risk hüquqi hadisəyə çevrilmiş olacaq. Hüquqi hadisə ilə bağlı hüquqşünasların göstərdiyi xidmət artıq klassik anlamda hüquq xidmətidir (məhkəmədə təmsilçilik, şikayət və s. sənədlərin hazırlanması və s.). Dünya miqyasında artıq təkzibolunmaz faktdır ki, hüquqi məsələlərin risk səviyyəsində idarə olunması daha effektiv, sistemli və az məsrəflidir, nəinki klassik (krizis) səviyyədə. Hazırda bankların əksəriyyətində hüquqi risklərin bu və ya digər formada idarə olunması həyata keçirilir. Belə ki, banklarda müqavilələr, xüsusilə də ipoteka müqavilələri öncədən hüquqi ekspertiza edilir, standart müqavilələr hazırlanır, ayrı-ayrı layihələr üzrə hüquqi sorğular verilir və s. işlər görülür. Bununla belə, hesab edirəm ki, bu idarəetmə sistemi və predmetli deyildir.  Bank tərəfindən təsdiq edilmiş bankın hüquqi risk xəritəsinə istinad edilmədən aparılmış hər hansı ekspertiza pərakəndə xarakter daşıyır və yalnız ekspertin subyektiv rəyinə əsaslanır. Təbii ki, istənilən halda hüquqi rəy subyektivdir. Lakin zəngin tarixi təcrübə və müxtəlif ekspert yoxlamasından keçərək, dəfələrlə baxılmış və təsdiqlənmiş hüquqi risk xəritəsinə əsasən verilmiş hüquqi rəyin etibarlılığı və konkretliliyi daha dəyərlidir. Həmçinin belə xidmətlərin nəticələri və məsrəfləri daha ölçülə bilən və bu halda isə daha idarə edilə bilən olur.

Bütün bu deyilənləri yekunlaşdıraraq hüquq xidmətinə aşağıdakı anlayış verilə bilər:

Hüquqi xidmət – Bankın hüquqi təhlükəsizliyini təmin etmək məqsədilə hüquqi risk xəritəsinə əsasən hüquqi risklərin idarə olunması və baş vermiş hüquqi hadisələrdən irəli gələn hüquqi yardımın göstərilməsi üzrə peşəkar hüquqşünas tərəfindən həyata keçirilən fəaliyyət başa düşülür.

Ən sərfəli krediti almaq üçün müraciət et