Banklar kredit verməkdən imtina edirlər | Banco.az

Banklar kredit verməkdən imtina edirlər

Bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının verdiyi qərarla bağlıdır.

Azərbaycanda fəaliyyət göstərən banklar istehlak krediti verilməsini dayandırıb.  ANS PRESS-in məlumatına görə, Maliyyə Bazarlarına Nəzarət Palatası banklara 1 ay müddətinə istehlak kreditlərinin xarici valyuta ilə verilməsinə qadağa qoymasından və kreditin yalnız manatla verilməsini qərara almasından sonra banklar istehlak krediti verilməsini tamamilə dayandırıb.

"Hazırda banklarda kredit verilməsi dayandırılıb"

ANS PRESS-in əlaqə saxladığı bir sıra banklardan ümumiyyətlə kredit verilmədiyini  bildirdilər: “Hazırda yaranmış iqtisadi vəziyyətlə əlaqədar olaraq, bir müddətlik kredit verilməsi dayandırılıb. Kreditin dəqiq nə vaxt veriləcəyini bilmirik”.

Ekspertlərin fikrincə, Maliyyə Bazarlarına Nəzarət Palatasının ötən gün istehlak kreditləri ilə bağlı verdiyi qərarla əlaqədar banklar bir çox problemlərlə üzləşəcək. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov ANS PRESS-ə müsahibəsində bildirib  ki, devalivasiyadan sonra bu cür qərarın verilməsi əslində tam doğudur, amma bundan sonra banklarda manat çatışmamazlığı müşahidə oluna bilər: “İkinci devalivasiyadan sonra insanların çoxu əziyyət çəkdi, çünki götürdükləri dollarla krediti manatla ödəməli oldular və bu da onların sosial vəziyyətinin daha da pisləşməsinə səbəb oldu. Odur ki, ötən gün verilən qərar əslində çoxdan verilməli idi. Amma bankların manatla kredit verilməsi üçün onların dollarla kredit öhdəlikləri azaldılmalıdır. Bundan başqa, bankların manat təchizatı artmalıdır. Mərkəzi Bank da çalışmalıdır ki, banklara mərkəzləşdirilmiş kreditlər versin. Banklar manat bazasına malik olmalıdırlar ki, milli valyuta ilə kredit verə bilsinlər”, - deyə Vüqar Bayramov vurğulayıb.

Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov  isə ANS PRESS-ə bildirib ki,  bu qərar bütün banklara və bank olmayan kredit təşkilatlarına aiddir. “Yəni bir ay ərzində vətəndaşlara dollarla kredit verə bilməyəcəklər. Konstitusiyanın 19-cu və Mülki Məcəllənin 439-cu maddəsinə əsasən, dollar kreditləri onsuz da qanunsuzdur. Sadəcə, Konstitusiya Məhkəməsi ötən ilin mayında qanuna zidd qərarı ilə dollar kreditlərinə qanuni don geyindirdi. Amma ötən gündən Maliyyə Bazarlarına Nəzarət Palatasının verdiyi qərar düzgün qərardır. Sadəcə, banklar bundan sonra manat kreditləri üzrə faizləri qaldıra bilərlər”, – deyə Əkrəm Həsənov qeyd etdi.

Sabiq maliyyə naziri Fikrət Yusufov ANS PRESS-ə bildirib  ki, Nəzarət Palatasının Direktorlar Şurasının qərarı ilə əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsinin bir ay müddətinə dayandırılması doğru bir qərardır:  “Bu xarici valyutada bankların vətəndaşlara zorla sırıdıqları kreditlərin qarşısında sədd çəkən ilk qətiyyətli addımdır. Hesab edirik ki, çəkinmədən bu qərarı birdəfəlik də qəbul etmək olardı. Direktorlar Şurası eyni qaydada əmanətlərin də xarici valyutada qəbulu barəsində qətiyyətli addımlar atmalıdır. Unutmaq olmaz ki, bu məsələdə tərəzinin iki gözü var. Banklarda xarici valyutada kreditlər verilməsi və xarici valyutada əmanətlər qəbulu arasında tarazlıq yaratmaq üçün, tərəzinin hər iki gözü yüklənməlidir. Daha döğrusu, xarici valyutada kreditlərin verilməsinə qadağa qoyulursa, əmanətlərin də xarici valyutada qəbuluna məhdudiyyət qoyulmalıdır”, - deyə ekspert bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Demək, Maliyyə Bazarlarına Nəzarət Palatasının istehlak kreditlərinin xarici valyuta ilə verilməsinə qoyulan qadağadan sonra banklarda gözlənilir:

Banklarda gözlənilən vəziyyət

Banklarda gözlənilən vəziyyət

Aprelin 4-də Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının növbəti iclası keçirilib. İclasda xarici valyutada verilən istehlak kreditlərinin verilməsi sahəsində dərin və hərtərəfli təhlillərin aparılması, istehlakçıların hüquqlarının müdafiəsinin və maliyyə sabitliyinin təmin olunması üçün 1 ay ərzində tənzimləyici çərçivələrin müəyyən edilməsinə dair qərar qəbul edilib.

Bununla əlaqədar qərara alınıb ki, banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi aprelin 5-dən etibarən 1 ay müddətinə dayandırılsın və bu haqda müvafiq göstərişlər kredit təşkilatlarına göndərilsin. Palata bu müddətin uzadılması hüququnu öz üzərində saxlayır. 

Ölkə əhalisinin çox hissəsinin gəlirinin manatla olduğunu nəzərə alsaq, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının verdiyi qərarı alqışlayırıq. Bundan başqa, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasına tövsiyyə edirik ki, bir ayın tamamında, bu qərarın bundan sonra, heç vaxt dəyişməyəcəyi barəsində, yeni bir qərar qəbul etsinlər. Sadəcə olaraq burada banklara xarici valyutada gəliri olan hüquqi və fiziki şəxslərə xarici valyutada kreditlər verməyi qadağan etmək lazım deyildi. Kimin xarici valyuta ilə qazancı varsa, qoy o gedib xarici valyutada da krediti ala bilsin. İnanaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası yaxın günlərdə bu istiqamətdə də aidiyyatı addımlar atılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et