Bakıda ilk avtomobil sahibi - İsa bəy Hacınski | Banco.az

Bakıda ilk avtomobil sahibi - İsa bəy Hacınski

XIX əsrin sonları Azərbaycanın neft sənayesində yeni bir inkişaf mərhələsi başladı. Bu dövrdə neft sənayesində fəaliyyət göstərən 167 sahibkarın 49-u azərbaycanlı idi. Yeni mərhələdən başlayaraq neft sənayesinin inkişafında milli neft milyonçularının - Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Seyid Mirbabayevin fəaliyyəti genişlənməkdə davam etdi. 1874-cü ildə Bakıda ilk səhmdar neft şirkəti - "Bakı neft cəmiyyəti" yaradıldı. O dövrün ən varlı neft sənayesi sahibkarlarından olan mesenat İsa bəy Hacınskinin "Hacı-Çeleken" neft şirkətinin neft sənayesinə kapital qoyuluşu 1,25 mln. funt-sterlinq təşkil edirdi...

İsa bəy Əbdülsalam bəy oğlu Hacınski 1860-cı ildə Bakıda anadan olub. O, Bakının başqa tanınmış milyonçulardan fərqli olaraq adlı-sanlı zadəgan nəslinin nümayəndəsi idi. Atasından ona bir neçə mülk və böyük torpaq sahələri miras qalmışdı. Həmin sahələrdə neft yataqları aşkar edildikdən sonra İsa bəy 1903-cu ildə şəxsi neft şirkətini yaradır. Bir neçə il ərzində Hacınskiyə məxsus quyulardan çıxan neftin ümumi həcmi yarım milyon puda çatır. 1910-cu ilin rəsmi rəqəmlərinə görə, onun Balaxanıda fəaliyyət göstərən müəssisəsində sutka ərzində işləyən iki neft quyusu var idi. Həmin quyular 145 at gücündə olan 6 qazanxana ilə təchiz olunmuşdu. Bu quyularda yüksək ixtisaslı fəhlələr işləyirdi, onlara verilən əmək haqqı isə Nobelin, Rotşildin, Montaşovun işçilərinin aldığı puldan qat-qat çox idi. İsa bəy Hacınski neft maqnatı idi və onun Bibiheybətdə zəngin neft mədənləri vardı. Xəzər dənizindəki Çələkən adası onun və qardaşı Kazım bəyin ixtiyarında idi. Qara şəhərdə isə İsa bəyin kerosin zavodu fəaliyyət göstərirdi. Ümumiyyətlə, bünövrədən zəngin ailədən olan Hacınskilərin şəhərdə bir neçə yerdə mülkləri vardı. Bunlara A.Cavad küçəsi 12, Bülbül prospekti 63, Füzuli küçəsi 39 ünvanında yerləşən binaları göstərmək olar. Bunlardan ən əzəmətlisi "Hacınskinin evi" kimi tanınan və Qız qalasının yaxınlığında yerləşən binadır.

İsa bəy Hacınskinin adı həmçinin Bakıdakı bir çox önəmli layihələrlə bağlıdır. O, xalq arasında Bakıya ilk avtomobil gətirən şəxs kimi tanınmışdı. Neft milyonçusu Bakı bulvarının salınmasına çoxlu pul xərcləmişdi. Öz şəxsi mülkünü də məhz dəniz kənarında tikdirməyi qərara almışdı. O zaman ilk bulvar sahəsi indiki Kukla teatrının binasından "Azneft"in binasına qədər olan sahəni əhatə edirdi. İsa bəy Neftçilər prospekti 103 ünvanında yerləşən binanı tikdirmək üçün memarı İtaliyadan dəvət etmişdi. Məşhur milyonçunun kontoru bu binanın birinci mərtəbəsində yerləşirdi. Həmin gözəl bina 1912-ci ildə tikilib. Burada bir sıra üslublara rast gəlmək olur, qotik, barokko, modern və s. Əzəmətli imarətin girişində iki tərəfdə mərmərdən yonulmuş aslan heykəlləri var idi. Təəssüf ki, 1918-ci il mart hadisələri zamanı bu aslan heykəlləri atılan düşmən qumbaralarından parça-parça olub. Bu bina tam hazır olduqdan sonra Hacınski memara vəd etdiyi məbləğdən artıq pul verir. Çünki bina onun çox xoşuna gəlir, memarın işindən olduqca razı qalır. Həmin məbləğ o qədər böyük olur ki, memar Almaniyanın Berlin şəhərində bu pullara bir imarət ucaldır.

"Müsəlman Xeyriyyə cəmiyyəti"nin fəallarından biri 1905-ci ildə böyük milyonçu mesenat Hacı Zeynalabdin Tağıyevin gərgin səyləri nəticəsində "Müsəlman Xeyriyyə cəmiyyəti" yaradılır. Cəmiyyət yoxsullara, yetim-yesirə əl tutur, qocalara himayədarlıq edir, təhsilə dəstək verir və başqa xeyirli işlər görürdü. Bu cəmiyyətin sədri Hacı Zeynalabdin Tağıyev özü idi. Cəmiyyətin idarə heyətində İsrafil Hacıyev, Hacı Mustafayev, Əhməd bəy Ağayev, İsmayıl bəy Səfərəliyev, Əlimərdan bəy Topçubaşov və Əsədulla Əhmədov kimi şəxslər yer alırdı. Onun təsisçiləri sırasında isə Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Hacı Aslan Aşurov, İsa bəy Hacınski, Kamil bəy Səfərəliyev, Əbdülxalıq Axundov, Məmmədrza ağa Vəkilov, Həsən bəy Ağayev, Nəcəfqulu Sadıqov, Mirzə Əsədullayev, Əsəd bəy Səlimxanov, Ağabala Quliyev, Hacı Həsən Ağamalıyev, Nəcəf Əmiraslanov vardı. Göründüyü kimi, bu şəxslər yalnız Bakının zəngin insanları deyil, həm də öz xalqının görkəmli elm və mədəniyyət xadimləri idilər. Birinci Dünya müharibəsi illərində "Müsəlman Xeyriyyə cəmiyyəti"nin xətti ilə böyük işlər görülmüşdü. Qaçqın və acları yedirmək, pal-paltarla təmin etmək sahəsində onun böyük xidməti olmuşdu. Cəmiyyət Nargin adasında saxlanılan əsir türk əsirlərinə də öz köməyini əsirgəmirdi. Cəmiyyətin kontoru "İsmailiyyə" binasında idi. Onun yardımçı təsərrüfatları da elə burada yerləşirdi.

Ən sərfəli kredit üçün müraciət et



Kimlərə qaldı dünya?..

Milyonçu İsa bəy Hacınski 4 uşaq atası olub. O, özü ev təhsili almasına baxmayaraq, şahidlərin yazdığına görə, çox savadlı bir insan olub, bir neçə xarici dil - ərəb, fars, ingilis, fransız və alman dillərini bilib. İsa bəy övladlarına da yaxşı təhsil verib, özü də uzun müddət Bakı Kişi gimnaziyasının fəxri himayədarı olub. O, gimnaziyanın hesabına hər il 800 rubl əvəzinə, 1000 rubl vəsait köçürürdü. O zaman gimnaziyanın azərbaycanlı məzunlarından 25 nəfəri İsa bəyin şəxsi vəsaiti hesabına Rusiyanın müxtəlif şəhərlərinə təhsil almağa göndərilmişdir. Qeyd etmək lazımdır ki, Hacınskilərin ilk yaşadıqları ev, indiki Füzuli, 39 ünvanında yerləşən bina bu məktəbə yaxın yerdə yerləşirdi. İsa bəy Hacınski məktəbin bütün xərcini öz üzərinə götürmüşdü, hətta şagirdlərin yay fəslində dincəlməsi üçün Pyatiqorsk yaxınlığında, Vladiqafqaz dəmir yolunun Karras stansiyası ərazisində boş torpaq sahəsi alıb orada gözəl bir mülk də tikdirmişdi. Gimnaziya pullu idi, amma kasıb uşaqları burada pulsuz təhsil alırdılar. Gimnaziyada humanitar elmlərə - tarix, latın, yunan və fransız dilləri dərslərinə xüsusi diqqət verilərdi. Buranı qurtaran tələbələr universitetlərə daxil olmağa hazırlaşırdılar. İndi bu binada Bakının 4 saylı şəhər xəstəxanası yerləşir. İsa bəy Hacınski 1918-ci il mart qırğınlarından sonra çox sarsılıb. Şəhərə, öz evinə və biznesinə dəyən zərər onun ölümünü tezləşdirir və 1919-cu ilin yanvar ayında o, vəfat edir.

İsa bəy Xeyransa xanım Məhəmməd bəy qızı Xanlarova ilə ailə qurmuşdu. Onların Sadıq bəy, Əhməd bəy, Əli bəy adlı oğlanları, Zibeydə xanım adlı qızları vardı. Sovet hökuməti Azərbaycanı işğal etdikdən sonra Sadiq, Əhməd və Əli bəy Fransaya üz tuturlar. İsa bəyin qızı Zibeydə və həyat yoldaşı Xeyransa xanım heç yerə getməyib Bakıda qalırlar. Amma sonralar buna çox peşman olurlar. İllər uzunu yaşadıqları təmtəraqlı imarətlərindən 24 saat ərzində qovulan qadınlar Mərdəkandakı bağ evlərində də rahat yaşaya bilmirlər. Bir həftədən sonra həmin evdən də çölə atılan ana-balaya qohumlarından heç kəs yardım etmək istəmir. Sonradan Xeyransa xanımın yaxın qohumlarından biri onları küçədə qalmaqdan xilas edir və onlara 1 otaqlı mənzildə sığınacaq verir...

"Azadlıq" qəzeti

Ən sərfəli krediti almaq üçün müraciət et