AzəriCard MasterCard kart sahibləri üçün “Mobile Payment” xidmətini təqdim etmişdir | Banco.az

AzəriCard MasterCard kart sahibləri üçün “Mobile Payment” xidmətini təqdim etmişdir

 Dekabrın 20-də AzəriCard prosessinq mərkəzi Azərbaycan Beynəlxalq Bankı (ABB), MasterCard beynəlxalq ödəmə sistemi və World Telecom mağazalar şəbəkəsi ilə birgə ABB-nin MasterCard kart sahibləri üçün yeni “Mobile Payments” xidmətini təqdim etmişdir.
AzərTAc xəbər verir ki, “Mobile Payments” vasitəsilə kart sahibləri MobilBank xidmətinin müvafiq menyusunu seçərək sürətli ödənişlərini mobil telefonlarından təhlükəsiz şəkildə həyata keçirə bilərlər. Təqdimat mərasimində qeyd edilmişdir ki, “Mobile Payments” texnologiyası artıq bir çox Avropa bazarlarında tətbiq olunur. MobilBank xidməti istənilən debit və ya kredit kartının mobil platformaya (Android, iPhone, Blackberry) inteqrasiyasını təmin etməklə mobil ödənişləri həyata keçirməyə imkan yaradır və beləliklə mobil cihaz virtual ödəniş alətinə çevrilir.
Bildirilmişdir ki, xidmətin əsas üstünlükləri sırasında onun yüksək təhlükəsizliyi və rahatlığını, nağd vəsaitlərdən istifadə olunmamasını, PİN kodun daxil edilməməsini və çeklərin imzalanmamasını da qeyd etmək lazımdır. Bu xidmət və MobilBank sistemi vasitəsi ilə kart sahibi öz kartlarından daha geniş sayda ticarət və xidmət müəssisələrində istifadə etmək imkanı qazanır və bununla gündəlik həyatını asanlaşdırır. Öz növbəsində ticarət və xidmət müəssisələri də mobil ödənişləri qəbul edərək öz müştəri bazasını və dövriyyələrini artırmaq üçün əlverişli imkanlar əldə edirlər.
MasterCard-ın ölkə üzrə meneceri Hakan Acar demişdir: “Biz MasterCard olaraq bu layihənin yüksək potensialına və qlobal mobil məkanın müştərilərə həm müxtəlif ödənişlərin, həm də loyallığı artıran müxtəlif xidmətlərin təqdim edilməsinə dair böyük imkanların mövcudluğuna inanırıq. Dünya üzrə müştərilərin ümidlərini doğrultmaq üçün biz mobil ödənişləri yaratdıq və bu gün həmin xidməti Azərbaycanda təqdim edirik. Bu xidmət sayəsində kart sahibi öz mobil telefonu vasitəsi ilə müxtəlif ticarət və xidmət müəssisələrində ödənişlər edə bilər. Azərbaycanın ilk və ən böyük prosessinq mərkəzi ilə əməkdaşlıq etdiyimizə görə çox şadıq və yeni texnologiyaların inkişafında aparıcı rolu gələcəkdə də davam etdirəcəyik”.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə

Ən sərfəli krediti almaq üçün müraciət et