Azərbaycanda sosial ipoteka subay insanlara da şamil olunacaq | Banco.az

Azərbaycanda sosial ipoteka subay insanlara da şamil olunacaq

APA-nın xəbərinə görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev Gənc Alim və Mütəxəssislər Şurasının təsis konfransında çıxışında deyib. Nazir müavini bildirib ki, sosial ipotekada bu günə kimi gənc ailələrdən söhbət getsə də, nazirlik sosial ipotekanın subay insanlara da şamil olunmasını təklif edib: “Nazirliyin təkliflərinə əsasən, bu proses, əsasən, gənc alimlərə şamil ediləcək. Gənc alimlərlə görüşdə onlar evlə bağlı müxtəlif fikirlər səsləndirirlər. Bizim “niyə evlənmirsiniz?” sualımıza “evlənmək də evdən başlayır və bunu isə əldə etdikdən sonra ailə qurmaq olar” kimi cavab verirlər. Bu da real məntiqdir”.

İ.Babayev qeyd edib ki, Gənclər və İdman Nazirliyi Azərbaycanda “Gənclər siyasəti” haqqında qanuna düzəliş edilməsi üçün təkliflər paketini müvafiq qurumlara təklif edib. Hazırda baxılma ərəfəsində olan təkliflərdə müxtəlif məsələlər öz əksini tapıb: “Təkliflər paketində yaş məsələsi və “Gənc alim” adının qanuna salınması məsələləri var. Azərbaycanda mövcud qanunvericiliyə əsasən, gənclərin yaşı 29-dur. Amma biz hamımız başa düşürük ki, bu yaşa kimi hansısa nailiyyətlər əldə etmək çətindir. “Gənclər siyasəti” haqqında qanuna da əlavə təkliflərimizdə gənc alim yaşının 40 yaşa kimi artırmaq təklif olunub”.

 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et