Azərbaycan qızıl ehtiyatlarını nəyə xərcləyib? - Açıqlama | Banco.az

Azərbaycan qızıl ehtiyatlarını nəyə xərcləyib? - Açıqlama

Azərbaycan bu ilin fevral ayında rəsmi qızıl ehtiyatlarının geri qalan 18 tonunu da satıb.

Bu barədə Ümumdünya Qızıl Şurası (World Gold Council) məlumat yayıb.

Şuranın avqustun 1-də yenilədiyi dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistikası hesabatına görə, Azərbaycan qlobal reytinqdə yer almayıb. 

Qeyd edək ki, yanvar ayında Azərbaycan 18 ton rəsmi qızıl ehtiyatlarına sahib olub və qlobal reytinqdə 63-cü sırada yer alıb. Ümumdünya Qızıl Şurasının hesabatına görə, Azərbaycan rəsmi qızıl ehtiyatlarını 2016-cı ilin sentyabr ayından etibarən satmağa başlayıb. Belə ki, sentyabr ayında satış həcmi 1 ton, oktyabrda 4,2 ton, noyabrda 3 ton, dekabrda 2 ton, cari ilin yanvarında 2 ton və fevralda 18 ton təşkil edib. Yəni, Azərbaycan 6 ay ərzində bütün qızıl ehtiyatlarını satıb.

Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı alim Vahid Əhmədov bildirdi ki, ehtiyac yarandıqda rezervlərdən istifadə edilməsi normaldır: “Azərbaycan özü də qızıl istehsal edir. 18 ton qızılın istifadə edilməsində qeyri-adi heç nə yoxdur. Layihələr həyata keçirilir. Bu zaman ehtiyatlardan istifadə edilə bilər”.

Ən sərfəli kredit üçün müraciət et

Millət vəkili onu da bildirib ki, Azərbaycan qızıldan başqa 40 milyard dollar həcmində valyuta ehtiyatlarına sahibdir. 

Xatırladaq ki, iyul ayının sonuna olan məlumata görə, Mərkəzi Bankda saxlancda olan Azərbaycan Respublikası hökumətinə məxsus qızılın miqdarı 60813,8 troy unsiyaya (1891,7 kiloqrama) çatdırılıb. Onun bu günə bazar dəyəri 75,8 milyon ABŞ dolları təşkil edir.

ARDNF isə alınmış qızılın ümumi miqdarının 30,2 ton təşkil etdiyini bildirir: “Alınmış qızıl Azərbaycana gətirilərək, saxlanması üçün Azərbaycan Mərkəzi Bankında yerləşdirilib”.

Mənbə: Oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et