"AXA Mbask"dan yeniliklər | Banco.az

"AXA Mbask"dan yeniliklər

Dünyanın 1 nömrəli sığorta brendi sayılan "AXA" şirkətinin  Azərbaycanla bağlı planları, "AXA Mbask"ın fəaliyyəti və bu sahədə gözlənilən yeniliklərlə bağlı fins.az-ın suallarına "AXA Holdinq"in Direktorlar Şurasının sədri Cemal Ererdi cavab verir.

- Cemal bəy, Azərbaycanın sığorta bazarında vəziyyəti necə qiymətləndirirsiniz? Sizcə müştərilər sığorta xidmətlərindən razıdırlarmı?

- Azərbaycan sığorta bazarı getdikcə inkişaf edən böyük potensialı olan bazardır. Bizim də məqsədimiz də sığorta sahəsində maarifləndirməni genişləndirməkdir və insanların sığorta biliklərini artırmaqdır. Bunun üçün  ilk növbədə yaxşı xidmət göstərilməlidir. Avropada aparılan araşdrımalar göstərir ki, razı müştəri ətrafındakı 7 nəfərə sığortanın faydasını izah edəcək, narazı qalan müştəri isə bunu ortalama 27 nəfərə deyir. Yəni, pis xəbər daha tez yayılır. Bu da şirkətlərin potensial müştəriləri itirməsi deməkdir. Yəni bu gün bir az gəlir götürmək üçün müştəriləri narazı salmaq gələcəkdə şirkət üçün böyük müştəri itkisi ilə nəticələnir.

- "AXA Mbask"ın Azərbaycandakı fəaliyyəti sizi qane edir?
- Bu gün Azərbaycanda avtomobillərin icbari sığortası bazarında böyük payımız var. Bu payı artırmaq və sığortalanmamış şəxsləri də sığortalamağı düşünürük. Biz beynəlxalq şirkət olaraq, Azərbaycanın sığorta bazarının potensialına çox inandıq və ölkəyə investisiya qoyduq. İnanırıq ki, bizim yeni bazarlarda payımız içində Azərbaycanın da daha böyük payı olacaq. Biz son dövlərdə daim inkişaf etməkdə olan bazarlara investisiya qoyduq. Braziliyaya, Kolumbiyaya, Serbiyaya, Əlcəzairə və Azərbaycana sərmayə yatırdıq. Azərbaycanda əldə edəcəyimiz uğurlar, qonşu ölkələrə də sərmayə qoymamızı stimullaşdıracaq.

- Məsələn, bir il sonra bazar payınızın necə faiz olmasını hədəfləmisiniz?
- Bu il Azərbaycan bazarında yığımla bağlı böyük bir irəliləyişimiz olmadı, amma gələn il bu sahədə böyük bir inkişaf olacağını düşünürük. Bu il çox əhəmiyyətli bir dəyişiklik edildi. Əlavə ehtiyat fondu yaradıldı. Şirkətlərin fəaliyyətinin düzgün tənzimlənməsi üçün rezerv ayrıması tələb olunur. Bunu təmin edəcək şirkətlər də var, problem yaşayacaq şirkətlər də. Bizim bu sarıdan problemimiz yoxdur, çünki maliyyə ehtiyatımız güclüdür. Qarşıdakı müddətdə maliyyə büdcəmizi artıracağıq, bunun nə qədər olacağını deyə bilmərəm lakin bu artımın inflyasiya tempindən yuxarı olmasını hədəfləmişik.

- Bazar payınızı artırmaq üçün konkret hədəfləriniz və qoyduğunuz müddət varmı?
- Azərbaycan bazarında bizim elə aqressiv fəaliyyətimiz olmayacaq. Mövcud bazarın iş şərtləri çərçivəsində davam edəcəyik. Lakin özümüzün gətirəcəyimiz bəzi yeniliklərlə daha da inkişaf etmək istəyirik. Xüsusilə də, indiyədək elə də çox inkişaf etməyən agentlik sisteminin daha da gücləndirilməsinə çalışacağıq. Bizim agentliklərə çox əhəmiyyət veririk.

- Sizin agentlər onsuz da səmərəli işləyirlər, bundan sonra onlarla hansı formalarda işləyəcəksiniz?
- Bəli, agentlərimiz çox yaxşı işləyir. Biz bu agentləri təşkilatlandırıb agentliklər halına gətirməliyik, yəni onların öz müəəsisəsi şəklində işləməsini təmin edəcəyik. Bu agentliklər getdikcə inkişaf edib bazarda öz sərmayələrini qoyan müəssisələr şəklində çalışacaqlar. Çünki, əhalinin bir firmaya güvənməsi lazımdı ki, gedin orada sığorta etdirsin. Bizim agentliklərin digər agentliklərdən fərqi olacaq. Digər tərəfdən, biz fərdi sığorta sahəsində inkişafa üstünlük verəcəyik. Yəni, şəxslərin öz sığortaları, korparativ sığortadan daha əhəmiyyətli hala gəlməlidir. Riteyl bazarında daha da güclənmək istəyirik. İnsanlara artıq AXA MBASK-ın digər şirkətlərdən üstün olmasını göstərmək istəyirik.

"İcbari sığorta limiti 10 min manatadək artırılmalıdır"

- Azərbaycanda sığorta barədə danışanda ilk növbədə avtomobil sığortası yada düşür.
- Bəli, bütün dünyada avtomobil sığortaları daha böyük paya malikdir. Azərbaycanda da belədir, lakin bu sığortanın daha da inkişaf etdirilməsi lazımdır. İcbari və kasko sığortalar çox əhəmiyyətlidir. İcbari sığorta limitlərinin artırılması lazımdır. Avropada limitlər yüksəkdir. Azərbaycanda da bu mütləq ediləcək, çünki dövlətin sığorta bazarını tənzimləyən qurumları buna əhəmiyyət verir.

- Sizcə icbari sığorta limiti hansı məbləğə qaldırılmalıdır?
- Avropaya baxdıqda orda 500 minə, 1 milyon avroya çatan icbari sığorta təminatı var. Bizdə bunu etmək asan deyil. Türkiyədə də bu limit elə də çox deyil- təxminən 10 min avro civarındadır. Bu limitlər də tədricən bu həddə gəlib. Elə həddə saxlamaq lazımdır ki, insanlar icbari sığortadan qaçmağa cəhd etməsinlər. Xüsusilə inkişaf etmiş bazarlarda tariflərin yüksək olmaması lazımdır. Ona görə də, hesab edirəm ki, Azərbaycanda tətbiq olunan tariflər optimaldır. Zaman keçdikcə bu limitin artırılması lazım olacaq. 2-3 il müddətində bu limiti 10 min manata çatdırmağın vacib olduğunu düşünürəm.

"Mənzil sığortası bazarı 2 dəfə böyüyəcək"

- Bəs ev və mənzillərin sığortalanması sahəsində nə yeniliklər etmək niyyətindəsiniz?

- İnsanların evlərini sığortalaması vacibdir. Xüsusilə də, kooperativ binaların, şirkət binalarının sığortalanması vacibdir. Biz qarşıdakı 5 ildə mövcud tariflərin 2 dəfə artacağını ehtimal edirik. Müvafiq olaraq bazar da 2 dəfə böyüyəcək.

"Tibbi sığortaya başlayacağıq"

Ən sərfəli kredit üçün müraciət et

- Riteyl bazarında hansı sığorta növlərinə üstünlük verməyi nəzərdə tutursunuz, tibbi sığortada, yaxud fərdi qəza sığortasına üstünlük verəcəksiniz?
- Biz fərdi qəza sığortasını edirik. Lakin adamlar fərdi sığorta deyərkən, daha çox əsasən avtomobil, ev və tibbi sığortanı düşünürlər. Tibbi sığortanın inkişafı bir az vaxt tələb edir. Bu sığorta Azərbaycanda daha çox korporativ şəkildə etdirilir, lakin fərdlərin özünün də tibbi sığorta ilə əhatə olunması lazımdır. Çünki özəl xəstəxanaların sayı getdikcə artır və əhalinin onların xidmətindən rahat şəkildə istifadə edə bilməsini təmin etmək lazımdır.

- Siz fərdi tibbi sığortaya başlayacaqsınızmı?
- Bəli, bu sığorta növünə də başlayacağıq.

- Bəs keyfiyyətli xidmət göstərmək üçün bu sığortanın qiymətləri necə olacaq?
- Təbii ki, sistem düzgün qurulsa, qiymətlər də normal müəyyənləşdiriləcək. Əvvəlcə tibbi xidmət şəbəkəsi qurub bundan sonra sistemi yaxşı işlətməyə çalışacağıq. Buna görə də biz riteyl bazarında güclü oyunçuya çevriləcəyik.

"Avtomobil kreditləri azalsa da bazarda imkanlar çoxdur"

- Azərbaycanın bank bazarında ciddi dəyişikliklər baş verib. İstehlak kreditlərinin, avtomobil kreditlərinin verilməsi şərtlərinin sərtləşdirilməsi kasko bazarında ciddi təsir etdi- bu sahədə 35% azalma oldu. Sizin bunu kompensasiya etmək üçün hansı planlarınız var?

- Bu, daxili istehlakın azaldıması ilə bağlı hökumətin həyata keçirdiyi tədbirdir. Bu əhəmiyyətli bir tədbirdir. Türkiyədə də belə edildi və bunun faydalarını gördük. Daxili istehlakdan daha çox qeyri-maddi milli hasilatın böyüməsi ixracata keçdi. Daxili istehlakın azalması inflyasiyanın azalmasına təsir edən faktordur.

Dolayısı ilə bütün bunlar bizə sərfəli olacaq. Təbii ki, avtomobil satışı azaldıqca, kasko sığortası da azalır. Amma burda bazarın onsuz da böyük bir hissəsi sığortasızdır. Bunları kasko sığortaya cəlb edilməsi lazımdır. Biz icbari sığorta alan müştərilərə kasko sığortanı da almasını təklif edirik və bunun faydalarını onlara izah edirik. İcbari sığortada kompensasiyalarını alan insanların şirkətə inamı artacağı üçün kasko sığortanı və sair sığorta növlərini də almaqda maraqlı olacaqlar. Yəni biz, avtomobil satışının azalmasından itirdiyimiz həcmi mövcud avtomobillərin kaskoya cəlb edilməsi sayəsində kompensasiya edəcəyik.

"Yığımlarımızın 60%-i regionlardandır"

- Azərbaycanın sığorta bazarının böyük hissəsi Bakı və Abşeron zonasında formalaşır. Sizin regionlarla bağlı planlarınız necədir?
- Regionlarda potensial çox böyükdür. Bizim də bununla bağlı planlarımız var. Bizim region nümayəndələrimiz çox güclüdürlər. Bu gün onlarla söhbətlər apardıq və görürük ki, bizim fəaliyyətimiz bölgələrdə daha da böyüyür. Biz yığımımızın əhəmiyyətli bir hissəsini regionlardan əldə edirik.

- Yığımlarınızın neçə faizi regionlardan toplanır?
- Bizim ümumi yığımımızın 60%-i regionlardan, 40%-i Bakıdan toplanır. Biz strategiyamızı bilərəkdən belə qurmuşuq. Regionlarda fəaliyyətimizi daha da gücləndirməyə çalışırıq. Çünki Bakıya nisbətən regionlarda potensial daha çoxdur.

- AXA MBASK öz fəaliyyətində İKT-dən necə yararlanır? Bu sahədə hansısa yeniliklər nəzərdə tutursunuzmu?
- Türkiyədə elektron sığortaçılıq sahəsində ciddi sərmayə qoymuşuq. Rəqəmsal sığorta müştərinin sığortaçı ilə hər yerdən və hər hansı bir vasitə ilə əlaqə saxlamasını təmin edir. Bunun üçün mobil telefonlardan, internetdən və sair vasitələrdən yararlana bilirlər. Türkiyədə bu sistemi qurmağa başlamışıq. Azərbaycanda da agentlərimizlə tamamilə onlayn rejimdə işləyirik. Hətta bəzi agentlərimiz mobil telefonla məhsulu ala və qymətini orada yaza bilirlər. Biz bu sahədə Avropadan çox geri qalmayacağıq. Ən qısa vaxtda Azərbaycanda bu sistemi tam formalaşdıracağıq.

"Sığorta dələduzlarının siyahısını tuturuq"

- Bəs sığorta dələduzluğuna qarşı necə mübarizə aparırsınız?
- Biz Türkiyədə müştəri tarixçəsi əsasında çalışırıq. Son 10 ildə müştərinin bizimlə olan bağlılığını yaxşı bildiyimiz üçün dələduzların şirkətə yenidən zərər vurmasına yol vermirik. Yəni, belə müştərilər qara siyahıya salınır. Azərbaycanda da lazımi qədər məlumat bazası formalaşdırandan sonra bunu tətbiq edəcəyik. Türkiyədə digər bir yenilik ondan ibarətdir ki, sığortaçıların birgə yaratdığı sığorta məlumat mərkəzi var ki, burada bütün şirkətlərdən gələn dələduzluq faktları bir hovuzda toplanır və bunu edənlərin sığortası heç bir şirkətdə edilmir. Azərbaycanda da tezliklə bu sistemin yaradılmasına ehtiyac var. Bunu həyata keçirmək üçün bütün sığorta sektorunun buna hazır olması lazımdır.

- "AXA Mbask" öz daxilində belə siyahı tutur?
- Əslində, biz 2011-ci ildən başlayaraq bunu etməyə başlamışıq. Bunu tam tətbiq edə bilmək üçün bizim əlimizdə kifayət qədər məlumat toplanmalıdır- axı 8-10 illik məlumat bazası lazımdır. Biz şirkət daxilində bunu edirik, amma bütün sığorta sektorunda bunun yaradılması lazımdır.

- Belə müştərilər sığortalanmır, yoxsa ona daha yüksək tariflər tətbiq olunur?
- Sığortalanır, çünki qanuna görə icbari sığortaları sığorta şirkətinin etməsi tələb olunur. Lakin belə müştəriyə çox yüksək tarif tətbiq olunur. Başqası 1 manat ödəyəndə, o 50 manat ödəməli olur.

fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et