"Avtomobillərin könüllü sığortası" qaydasında yenilik gözlənilir | Banco.az

"Avtomobillərin könüllü sığortası" qaydasında yenilik gözlənilir

Azərbaycanda avtomobillərin könüllü sığortalanması ilə bağlı mühüm yenilik gözlənilir. Belə ki, bundan sonra sığorta şirkətləri avtomobili taksi kimi istifadə edən sürücülərə sığorta ödənişi venməkdən imtina edə bilməyəcəklər. Bu yenilik Maliyyə Nazirliyinin hazırladığı “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nda nəzərdə tutulur.
Qeyd edək ki, avtomobillərin taksi məqsədilə istifadə olunması sığorta şirkətləri ilə müştərilər arasında ən çox mübahisəyə səbəb olan amillərdən biridir.

Söhbət sığortalanan avtomobillərin sonradan başqa məqsədlərlə, məsələn, taksi kimi istifadəsindən gedir. Hazırda qüvvədə olan qaydalara görə, avtomobil sığortalananda onun sahibi maşının hansı məqsədlə istifadə olunacağını sığorta ərizəsində göstərməlidir. Qəza baş verən zaman aşkar edilsə ki, avtomobil ərizədə göstərilən məqsədlə istifadə edilməyib, sığorta şirkəti ödənişdən imtina edə bilər. Başqa sözlə, əgər avtomobil sığortalananda ərizədə onun taksi kimi istifadə olunacağı göstərilməyibsə, amma sonradan məlum olsa ki, o taksi məqsədləri ilə istifadə edilib, ona sığorta ödənişi verilmirdi.

Ən sərfəli kredit üçün müraciət et

Qaydanın məntiqi sadə idi - taksi kimi istifadə olunan avtomobil daha çox sürülür və deməli, qəzaya düşmək ehtimalı da daha böyükdür. Bu tələb sürücülər və sığorta şirkətləri arasında çoxsaylı mübahisələrə səbəb olurdu. Bəzi hallarda isə sığorta şirkətləri avtomobilin taksi kimi istifadə edilməsini bəhanə edərək ödəniş verməkdən imtina edirdilər.

Yeni qaydalarda isə bu tələb götürülüb. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na əsasən ödənişdən yalnız o zaman imtina edilə bilər ki, avtomobil təyinatı üzrə istifadə edilməsin. Minik avtomobilində sərnişinin daşınması isə həmişə təyinat üzrə olduğundan artıq maşının taksi kimi istifadə olunması ödənişdən imtina üçün əsas sayılmayacaq.

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et