ASA-nın Müşahidə Şurasının növbəti görüşü keçirilib | Banco.az

ASA-nın Müşahidə Şurasının növbəti görüşü keçirilib

Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) Müşahidə Şurasının görüşü keçirilib. ASA-dan banco.az-a verilən məlumata görə, görüşdə Assosiasiyanın sədri Mustafa Abbasbəyli və Müşahidə Şurasının üzvü olan səkkiz sığorta və bir təkrarsığorta şirkətinin rəhbər şəxsləri iştirak edib. ASA-da komitələrin formalaşdırılması və mediasiya işinin təşkili, habelə, qurumun inzibati quruculuq məsələləri, o cümlədən, strukturunun və cari il üçün ştat cədvəlinin müzakirəsi və təsdiqi, sığorta bazarının peşəkar digər iştirakçılarının ASA-nın üzvlüyünə cəlb olunması, təlimlərin genişləndirilməsi, həmçinin, bazarın inkişaf perspektivləri hesab olunan digər məsələlər geniş müzakirəyə çıxarılıb

Azərbaycanda ilk dəfə olaraq sığorta sahəsində mövcud olan mübahisəli məsələlərin məhkəməyə getmədən həlli istiqamətində mediasiya işinin təşkili barədə aparılmış müzakirələr nəticəsində beynəlxalq təcrübənin araşdırılmasına əsaslanan model üzrə müvafiq sistemin formalaşdırılması qərara alınıb.

Bazarın inkişaf perspektivləri hesab olunan sahələr arasında kənd təsərrüfatı sığortası, icbari əmlak sığortası, icbari avto sığorta, həkimlərin peşə məsuliyyətinin sığortası və sığortaçılar forumunun keçirilməsi üzrə icra olunmuş, eləcə də həyata keçirilməsi planlaşdırılan tədbirlər haqqında fikir mübadiləsi aparılıb.

Ən sərfəli kredit üçün müraciət et

Görüşdə ASA tərəfindən sığorta sektorunun müxtəlif istiqamətləri üzrə təşkil olunan təlimlərin sayının və effektivliyinin artırılması və daha çox tələb olunan sahələr üzrə təlimlərin təşkil olunmasına dair müvafiq qərar qəbul edilib.

Qeyd edək ki, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin kollegial orqanı olan Müşahidə Şurası Birliyin nəzarət orqanıdır. “A-Group Sığorta” ASC, “Azsığorta” ASC, “Atəşgah Sığorta” ASC, “AXA MBASK Sığorta” ASC, Azərbaycan Dövlət Sığorta Şirkəti, “AzRe Təkrarsığorta” ASC, “İpək Yolu Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasına daxil olan sığorta və təkrarsığorta şirkətləridir.

Ən sərfəli krediti almaq üçün müraciət et