Alibaba şirkətinin yaradıcısı Cek Ma çox vacib qərar açıqlayıb. Verdiyi açıqlamada o, 20 ildir yaratdığı şirkətin idarəsini təhvil verəcəyini bildirib. Onu əvəz edəcək şəxs isə Alibaba şirkətinin baş direktoru Daniel Çandır.
Daniel Çan da öz növbəsində yetərincə uğurları olan şəxs hesab oluna bilər. Beləki, o, 2015-ci ildən Alibaba da çalışsa da daha əvvəllər Taobao şirkətində maliyyə direktoru və Tmall.com-da prezident vəzifələrini icra edib. Hətta Alibaba şirkətinə böyük uğur gətirən “subaylar günü” aksiyasını da şirkətə məhz Daniel təklif edib. Hər il 11 noyabrda trend halini alan alış-veriş çılğınlığı Alibaba şirkətinə yetərincə böyük gəlir gətirir.
Cek Ma səhmdarların 2020-ci ildəki toplantısından sonra öz postunu təhvil verməyi düşünür. Lakin öz açıqlamasında da o, boş dayanmağı sevmədiyini və öz işinə Alibaba Partnership konsultasiya şirkətində davam edəcəyini bildirib. Bu şirkətdə 36 əsas menecer yer almaqdadır və bu qrup kompaniyanın idarə heyətinə namizədlərin seçimində vacib rol oynayır.
Cek Ma öz açıqlamasında öz işinə təhsil sferasında davam etdirəcəyini bildirib. Bu yolla yeni ideyalarında ortaya çıxacağını istisna etmədiyini də əlavə edib. Son olaraq, şirkətin yaradıcısı Alibaba-nın yalnız özünə məxsus olmadığını, özünün isə Alibabaya məxsus olduğunu bildirib.
Məlumat üçün bildirək ki, Cek Ma ixtisasca ingilis dili müəllimidir və 1999-cu ildə Alibaba şirkətini yaradıb. Forbes onun sərvətini 36.6 milyard dollar olaraq dəyərləndirir. Şirkətdə 66000 işçi çalışır.
Həmçinin maraqlıdır: Jack Ma-nın şirkət üçün Alibaba adını seçmə səbəbi nə idi?
Nəcibə Yusifova, Banco.az