2016-cı ildə dünya iqtisadiyyatını sarsıdan 6 hadisə | Banco.az

2016-cı ildə dünya iqtisadiyyatını sarsıdan 6 hadisə

Dünya iqtisadiyyatı ilə sıx qarşılıqlı əlaqədə olan ölkələrdə baş vermiş iqtisadi yeniliklər, dəyişikliklər və qərarlar bütünlükdə dünya iqtidsadiyyatına təsir edə bilir. Buna misal kimi ABŞ-da 2008-ci ildə yaranan və dünya iqtisadiyyatına zərbə vuran və uzun müddət təsirini saxlayan maliyyə böhranını göstərə bilərik.

2016-cı ildə də bir sıra gözlənilməz hadisələr baş verdi ki, bu da bütün dünya maliyyə bazarına və iqtisadiyyatına təsirsiz ötüşmədi. Bu hadisələrin həm müsbət, həm də mənfi təsirləri ola bilər. Baş verən hadisələrin nəticələri qismən bəlli olsa da, gələcək hər şeyi daha aydın göstərəcək.

Banco.az olaraq 2016-cı ildə baş verən ən böyük iqtisadi hadisələri sizlər üçün topladıq:

 

1.Çinin maliyyə bazarında baş verən böhran

2016-cı il dünyada maliyyə bazarları üçün çətinliklərlə başladı. Dünya boyu səhm birjasında aksiyaların dəyəri kəskin düşdü. Aksiyaların satışının başladığı Çində iqtisadi inkişafın yavaşıması ilə bağlı narahatlıqlar getdikcə daha da artır. Şanxay və Şenzen şəhərlərində fond birjaları 2016-cı ilin ilk günü hissələrin satışlar zamanı 7 faiz düşməsindən sonra bağlandı. Yanvarın 4 və 15 tarixləri arasında fond birjasında 18% azalma müşahidə olundu.

Çinin milli valyutası olan yuan ucuzlaşaraq 2011-dən bəri ən aşağı səviyyəyə düşdü. Çinin maliyyə bazarında yaşanan bu böhran Avropa və ABŞ-a, eləcə də qlobal maliyyə bazarına təsir etdi.

 

2. Brexit - Böyük Britaniyanın Avropa Birliyindən çıxışı

"Brexit" Böyük Britaniyanın 28 üzvlü Avropa Birliyindən çıxışını nəzərdə tutan prosesin qısaldılmış adıdır. Bu söz Yunanıstan Avrozonanı potensial tərk etmə prosesinə verilmiş "Grexit"-dən götürülüb. 

Bu il iyunun 23-də britaniyalı seçicilər Avropa Birliyini tərk etməyə səs verdi.

Bu hadisədən sonra dollar avroya qarşı sürətlə bahalaşdı. Britaniya kapitalını avrozonadan çıxardı və daha etibarlı bazarlara - ABŞ və Yaponiya bazarlarına investisiya yatırdı. Bu da dolların bahalaşmasına gətirib çıxardı. Bunun nəticəsi idi ki, Çin yuanı dollara qarşı devalvasiya etdi.

 

3. Tramp prezident seçkilərində qalib oldu

Ən sərfəli kredit üçün müraciət et

Çoxları Hillary Clinton-un prezident seçiləcəyini düşünərkən gözlənilmədən Tramp seçkilərdə qalib oldu. 

Tramp seçkilərə qoşularkən "Meksika ilə sərhəddə böyük bir divar hörüləcək", "ABŞ-da qanunsuz yaşayan 11 milyon miqrant deportasiya edilməlidir", "Putinlə hər şey yaxşı olacaq" kimi vədlər vermişdi. Donald Trampın seçkiöncəsi verdiyi bəzi vədlər - vergi yükünün azaldılması və investisiya xərclərinin artırılması  seçkilərdən sonra dolları illik maksimuma çatdırdı.

 

4. OPEC-in qərarı

Neft İxrac Edən Ölkələri Birliyi – OPEC-in  30 noyabrda Vyanada keçirilən sammitində təşkilata daxil olan ölkələrin ümumi neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması barədə qərar qəbul edildi.

Bu qərardan sonra  qeyri-OPEC ölkələri də hasilatın azaldılması üzrə razılığa gəldi. Rusiyanın da bu razılıqda iştirak etməsi önəmli hadisələrdən biri oldu.

Bundan sonra dünya birjalarında xam neftin qiyməti 5%-dən çox bahalaşdı.

 

5. ABŞ uçot dərəcəsini artırdı

14 dekabr ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşdı və proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,5-0,75% artırdı. Doğrudur, Fed-in uçot dərəcəsini artıracağı gözlənilirdi, lakin bu hadisə valyuta birjalarında dəyişikliklər yaratdı və dolları bahalaşdırdı.

Qeyd edək ki, FED 2007-2008-ci ildən sonra yalnız bir dəfə uçot dərəcəsini qaldırıb.

 

6. İran sanksiyalardan azad edildi

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə proqramına dair yaydığı hesabatın ardınca Vyanada keçirilən birgə mətbuat konfransında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Avropa İttifaqının İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırdığını elan etdi.

Bununla da valyuta transferi, sığorta əməliyyatları, eləcə də neft, qaz və digər təbii ehtiyatların idxal-ixracına qoyulan qadağa aradan qalxdı. İran mərkəzi bankı banklara qoyulan qadağanın aradan qaldırılması ilə dondurulmuş xarici ehtiyatlardan istifadə etməyə başladı.

 

Ən sərfəli krediti almaq üçün müraciət et