Uğursuz iş müsahibələrinin səbəbləri nədir? | Banco.az

Uğursuz iş müsahibələrinin səbəbləri nədir?

2600 – dən çox işə qəbul mütəxəssisi və insan resursları üzrə menecerin iştirakı ilə keçirilən bir anket sorğusunda iştirakçıların 71% - i namizədlərin IQ – dan  (intellektual zəka) çox emosial zəkasına (EQ) əhəmiyyət verdiklərini qeyd ediblər. Bununla yanaşı iştirakçıların 75% - i isə emosional zəkası güclü olan bir işçinin vəzifədə irəliləmə şansının daha yüksək olduğunu vurğulayıblar. Anket iştirakçılarının 59% - i də intellektual zəkası yüksək, ancaq emosional zəkası zəif olan bir namizədin seçilmə şansının olmadığını iddia ediblər.

Nəticə etibarilə emosional zəka hər ötən gün iş dünyasında daha böyük əhəmiyyət daşımağa başlayıb. Dünya İqtisadi Formunun hazırladığı “İşlərin Gələcəyi” adlı hesabatda emosional zəka, 2020 – ci il etibarilə ən yaxşı 10 iş bacarığı arasında qeyd edilmişdir. Bir çox şirkətlər emosional zəkası güclü olan namizədləri işə götürməyə üstünlük verdikləri üçün iş müsahibələri zamanı bu xüsusiyyətinizi göstərməyiniz sizə böyük üstünlük yaradacaqdır.

Biz də bugünki məqaləmizdə iş müsahibələri zamanı emosional zəkanı düzgün nümayiş etdirməyin 7 üsulunu sizinlə bölüşürük.

Həmçinin oxu: İşə qəbul prosesində səs tonunun əhəmiyyəti

1. Aktiv dinləyici olun

Soruşulan sualın cavabı haqqında düşünmək əvəzinə bütün diqqətinizi sualın özünə yönəldin. Suala dərhal cavab verməli olduğunuza dair düşüncəyə qapılmayın. Sizdən müsahibə götürən insan resursları üzrə mütəxəssislər onlara əvvəlcədən düşünülmüş şablon cavablar verməyinizi deyil, dəqiq və orijinal cavablar verməyinizi üstün tuturlar. Düzgün başa düşdüyünüzdən əmin olmaq üçün sualı öz sözlərinizlə təkrarlayın. Sualı savablandırıb cavablandırmadığınızdan əmin deyilsinizsə, bunu sizə sualı ünvanlayan insandan soruşun.

2. Duyğularınızı göstərməkdən çəkinməyin

İş müsahibələrinə qatılan insanların əksəriyyəti stress keçirdikləri üçün özlərini nəzarət altında hiss edirlər. İş müsahibələrində bəzi duyğuları biruzə vermək düzgün hesab edilmir, ancaq müvafiq duyğuları ötürmək müsahibəni aparan insan ilə sizin aranızda əlaqə yaradacaqdır. Gülümsəmək, məcburi görünmədiyi təqdirdə hər zaman müsbət qarşılanır. İşə həvəs və həyacanınızı göstərməyiniz də məsləhət görülür. Sizdən müsahibə götürən insanlar əgər sizin özünüzü olduğunuzdan fərqli təqdim etməyə çalışdığınızı hiss etsələr, bu, onların sizə şübhə ilə yanaşmalarına səbəb olacaq və nəticə etibarilə işə qəbul edilmə şansınızı azaldacaqdır.

 3. Uğurlarınıza dair tərifləri şəxsiləşdirməyin

Peşəkar idmançıların hər hansı bir qalibiyyətdən sonra verdikləri müsahibələrdən ilham alın. Onlar, tərifi şəxsiləşdirmək əvəzinə onu komanda üvzlərinə həsr edirlər. İcra etməkdən və ya başa çatdırmaqdan qürur duyduğunuz yaxud uğurlu olduğuna inandığınız bir layihə haqqında soruşulduğu zaman sadəcə özünüzü tərifləməyin, əldə edilən uğurda digər komanda üzvlərinin də rolu olduğunu qeyd etməyi unutmayın. Müvəffəqiyyət əldə edən komandanın bir üzvü olmaqdan qürur duyduğunuzu açıqca qeyd edin. Bu, müsahibəni götürən şəxsin nəzərində sizin komanda daxilində işləmə bacarıqlarınızın yaxşı olmasına dair fikir formalaşdıracaqdır.

Həmçinin oxu: İş müsahibələrində verilən maraqlı suallar və cavabları

4. Şəxsi inkişafınız haqqında danışın

Zəif cəhətlərinizlə bağlı verilən suala düzgün cavab verməyin ən yaxşı üsulu onu, əslində güclü cəhətlərinizlə əlaqələndirməkdir. Məslələn, mükəmməlliyyətçi və ya işinizə çox aludə olduğunuzu ifadə etmək qarşı tərəfin bunu müsbət xüsusiyyət kimi dəyərləndirməsinə səbəb ola bilər. Ən əsası isə bu xüsusiyyətlərinizi qeyd etməyinizin sizə heç bir zərəri olmayacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Hər hansı bir zəif cəhətinizdən bəhs edərək bu xüsusiyyəti dəyişdirmək üçün üzərində çalışdığınızı vurğulayın və artıq irəliləyiş olduğuna dair nümunələrlə fikrinizi əsaslandırın. Müsahibə zamanı işə götürmə mütəxəssisləri hər birimizin zəif cəhətlərinin olduğunu bildikləri üçün sizin onları gizlədəcəyinizi düşünə bilərlər. Zəif cəhətləriniz sizə həddindən artıq əlverişsiz vəziyyət yaratmadığı müddətcə, dürüst olmaq onların nəzərində sizə inam və hörmət qazandıracaqdır.

5. Anlaşılmazlıq haqqında danışmaqdan çəkinməyin

Güclü cəhətlərinizlə bağlı sualları cavablandırarkən təkcə şəxsi bacarıqlarınızı və qabiliyyətlərinizi deyil, həmçinin komanda daxilində digərləri ilə işləmə bacarıqlarınızdan da bəhs edin. İş yoldaşlarınızla işləməyə uyğunlaşmağınız, yeniliklərə və stressə davamlı işləmə bacarığınız mütləq vurğulamalı olduğunuz xüsusiyyətlərdəndir. Bu xüsusiyyətlərdən bəhs edərkən onları nə zaman istifadə etməyinizin zəruri olmasına dair nümunələr gətirin. Məsələn, komanda daxilində anlaşılmazlığın yarandığı və ya əsəbi bir müştəri ilə məşğul olduğunuz bir vəziyyəti danışın. Bu kimi çətin vəziyyətlərin öhdəsindən gəlmək üçün bacarıqlarınızdan necə istifadə etməyinizdən bəhs edin.

6. Səhvlərinizdən nəticə çıxardığınızı göstərin

Sizdən müsahibə götürən şəxs işlərin çıxılmaz bir vəziyyətə gəldiyi hər hansı bir şərait haqqında soruşduğu zaman əsla bu vəziyyətə görə başqalarını günahlandırmayın. Hadisələri olduğu kimi nəql edin, ancaq heç kəsi təqsirkar elan etməyin. Bu suala cavab verməzdən öncə jest və mimikalarla duyğularınızı qarşı tərəfə ötürməyə çalışmağınız faydalı olacaqdır. Bununla siz haqqında danışdığınız hadisənin həqiqətən yaşanıldığına dair əminlik yaratmış olacaqsınız. Həmin vaxtların çətin bir müddət olduğu və sizin hadisələrin öhdəsindən gəlmək üçün mübarizə aparmağınız aydın olmalıdır.

Həmçinin oxu: İş yerində stresslə mübarizə aparmağın yolları

Qarşınızdakı insanı əsas maraqlandıran məqam sizin həmin şəraitdə hadisələrə necə reaksiya verməyiniz və çıxış yolu tapmaq üçün ne etməyinizdir. Hadisələrin məhz sizinlə bağlı qismi soruşulduğu zaman məsuliyyət götürməyə hazır olun, ancaq hadisələrə fərqli perspektivdən yanaşaraq “nələr edə bilərdiniz” sualı üzərindən cavablandırın. Müsahibə götürən şəxslər insanların səhv etmələrini əlbəttə ki, təbii qarşılayacaqlar, ancaq onları maraqlandıran sizin səhvlərinizdən nəticə çıxarıb çıxarmamağınızdır.

7. Şirkətin etikası və dəyərləri haqqında suallar verin

Adətən iş müsahibələrinin yükununda hər hansı bir sualınızın olub olmadığı soruşulur. Bu, emosional zəkanızı nümayiş etdirmək üçün əla fürsətdir. Bu məqamda şirkətin dəyərləri haqqında və şirkətdə uğur əldə etmək üçün nələrə diqqət yetirməli olmağınızla bağlı suallar ünvanlayın. Bu, sizin təkcə iş ilə maraqlanmadığınızı, həmçinin şirkətə uyğunlaşmaq istədiyinizi də göstərəcəkdir. Eyni zamanda siz bununla şirkətin tələbləri ilə sizin işdən gözləntilərinizi qarşılaşdıracaq və əgər işə uyğun deyilsinizsə, bu məqamda bunu bilməyiniz və vaxtınızı və enerjinizi başqa iş axtarmağa sərf etməyiniz daha faydalı olacaqdır.

Həmçinin oxu: Yeni məzun olanlara iş tapmaq üçün FAYDALI TÖVSİYƏLƏR

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et