“Yaxın illər ərzində “daydaylıq etmək” düşüncəsi sıradan çıxacaq”- Tanınmış təlimçi Ahmed Kandemirlə müsahibə | Banco.az

“Yaxın illər ərzində “daydaylıq etmək” düşüncəsi sıradan çıxacaq”- Tanınmış təlimçi Ahmed Kandemirlə müsahibə

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Türkiyədə 20 ildən çox bankçılıq və pərakəndə satış sektorunda fəaliyyət göstərən Ahmet Kandemir Banco.az-ın suallarını cavablandırıb.

Müsahibimiz hazırda “Hoffman Co” şirkətində direktor vəzifəsində çalışsa da, bundan öncəki fəaliyyəti “Doğuş Holding”, “Koç Holding”, “Çalık Holding”, “Yaşar Holding” və digər məşhur şirkətlərlə bağlı olub.

Ahmed bəy, bu gün iş qurmaq istəyən çox insan var, amma onların pulu olmasına baxmayaraq, ideyası yoxdur. Biznesdə ideya necə formalaşır?

Hər bir şəxsin iş qurmaq mədəniyyəti ailəsindən irəli gəlir. Belə bir ailədə böyüməmiş, valideynləri və özü standart əmək haqqı ilə yaşayan bir şəxsin biznes qurmaq istəməsi onu ciddi problemlər ilə üz-üzə qoya bilər. Çünki biznesi idarə etmək bir mədəniyyətdir. Biznes mühitində böyüməmiş şəxs üçün pul qazanmadığınız zaman  yaşayacağınız stresi idarə etmək, həmin işin əlavə xərclərini qarşılaya bilmək, ortaya doğru fikir qoya bilmək çətindir.

Azərbaycanda qurulan biznes məntiqini necə qiymətləndirirsiniz?

Azərbaycanda biznes daha çox ikinci bir iş məntiqi ilə qurulur. Bir çox insan bir yerdə işləyə-işləyə əlavə gəlir yeri düşüncəsi ilə o biznesi qurmaq istəyir. Türkiyədə belə bir məsəl var: “Başında dayanmadığınız işi qurmayın”. Adətən biznes quranlar onu idarə edə bilmək üçün hər hansı bir yaxın adamına, dostuna, qohumuna tapşırır. Mənim sizə məsləhətim odur ki, əgər iş qurub başında dayana bilməyəcəksənizsə, ümumiyyətlə o işə heç girişməyin.

Ahmed bəy, bu işdə biznes planın əhəmiyyəti, təsiri varmı?

Ümumiyyətlə, biznes pulla əlaqədar bir şey deyil. Əlbəttə, bunun üçün öncə biznes plan qurulması lazımdır. Məsələn, bir kafe açmaq istəyən şəxs həmin sahəni ciddi analiz edib, rəqiblərini tanımalıdır. Sərmayə bu işdə vacib amildir. Sizin bu kafeni işlətmək üçün işçisindən, qapısının ağzına qoyacağınız elana kimi, hər şeyi fikirləşməlisiniz. Əgər biznes quracaqsansa, “Allah böyükdür, biz yola çıxaq gerisi düzələcək” düşünmək biznes üçün yad fikirlərdir. Bir iş qurmaq istəyirsinizsə ,90-95 faiz o layihə bağlı hər şeyi düşünmək lazımdır. 

Təəssüflər olsun ki insanlar biznesi daha çox rahat etmək düşüncəsi ilə qururlar. İstədiyim vaxtda işə getmək, işimin müdiri olmaq ideyası ilə hərəkət etdikləri üçün biznes mədəniyyəti formalaşmır. İş dünyasında emosiyalarla deyil, dəqiq hesablamalarla hərəkət etmək lazımdır.

Bir az sizin barənizdə söhbət etmək istərdim. Bakı ilə bağlılığınız, əlaqələriniz necə yarandı?

2017- ci ildə Bakıya Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Vergilər Nazirliyinin ortaq layihəsi  olan “Baku Shopping Festival”ının icrası üçün dəvət edildim. Biz o vaxtı Mall kimi böyük ticarət mərkəzlərində ƏDV-yə marağın artırılması üçün müəyyən tədbirlər həyata keçirirdik.Üç ay ərzində layihə uğurlu nəticə göstərdi, daha sonra bir ilə qədər müqavilə uzadıldı. Layihə bitdikdən sonra da iş həyatıma burada davam etdim. Bir müddət “Baku Electroniks”də, daha sonra “Madam Coco” mağazalar şəbəsində marketinq departamentində direktor olaraq çalışmışam. Hazırda isə “Hoffman Co” şirkətində direktor vəzifəsində çalışmaqla bərabər, dövlət və özəl qurumlarda təlimlər verirəm.

Dediyiniz kimi, uzun müddətdir buradasınız. Türkiyə və Azərbaycandakı iş mühiti arasında hansı fərqlər mövcuddur?

İş dünyasında Türkiyə Azərbaycanla müqayisədə idarəçilik baxımından daha çox inkişaf edib. Lakin Azərbaycanda iş həyatı ilə bağlı hər hansı narahatlıq yaradan vəziyyət yoxdur. Azərbaycan olduqca sakit, kriminal ab-havadan uzaq, qaydaları olan ölkədir. Burada siz heç kimin işinə qarışmadığınız təqdirdə rahat öz ideyalarınızı həyata keçirə bilərsiniz. Burada insanların aqressiyası çox yüksək deyil. Azərbaycanın güvən verən ölkə olması məni daha çox cəlb etdi.Bu kimi amillər Azərbaycanda olduqca böyük dəyərə malikdir. Mənim üçün rahat mühit yaradılıb. Bizdə yaradılan bu imkanlar sayəsində ölkəyə faydalı olmağa çalışırıq.

Müsahibələrinizin birində demişdiniz ki, Azərbaycanda adətən işçilər tez-tez iş dəyişməyə maraqlıdırlar. Tez-tez iş yeri dəyişən işçilərə münasibətiniz necədir?

Doğrudur, Azərbaycana gəldiyim ilk vaxtlarda diqqətimi çəkən məsələlərdən biri də bu olub. Bir çox orta biznesdə bir işçi şirkətdə başladığı ilk illərdə nəyi bacarıb edə bilirsə, zamanla alacağı maaşdan asılı olmayaraq bir müddət sonra düşünməyə başlayır. Öncədən faydalılıq barədə heç bir qənaətə gələ bilmədiyi üçün bir müddət sonra artıq şirkətin onun inkişafına təsir edə bilmədiyinin fərqinə varır. Müəyyən mənada şirkətdən gözləntiləri yaransa da bu qarşılanmır. Bu zaman həmin işçi ara-sıra yaranmış şirkət daxili problemləri də bəhanə edərək həmin işdən uzaqlaşır.

Ən sərfəli kredit üçün müraciət et

Sizcə rəhbərlik bu halda əsas nəyə diqqət yetirməlidir?

Adətən şirkət daxilində kadrların inkişafı məsələsinə rasional və rəqəmsal dəlillər gətirə bilmirlər.Məsələn: Bir mağazada müdir vəzifəsi boşalan kimi, onun yerinə kimisə göndərirlər, amma bu işi görüb-görə bilməyəcəyi müzakirə edilmir. İnsan bir şirkətdə haqsızlıqla üzləşdikcə, rahat iş mühiti olmadıqda, nə etsə də kiminsə bu addımları görmədiyi təqdirdə həmin şirkəti tərk etmək istəyəcəkdir. Siz onlara çox pul versəniz də, əgər inkişaf yolu qapalıdırsa, o zaman həmin yerə aid həm ruhən, həm də zehnində qopmuş olacaq.

Hazırda bu günümüz üçün hələ də aktuallığını qoruyub saxlayan bir deyim var. Siz ona “torpil keçmək” deyirsiniz.Necə düşünürsünüz, işçilər özünü aldadır, yoxsa rəhbərlik öncədən uduzmağı hədəf seçib?

Biz “torpil” deyirik, Azərbaycan dilində buna “daydaylıq” deyirlər. Bakıya yeni gələndə bu sözü tez-tez eşidirdim. Bu barədə təlimlərimdə, iştirak etdiyim görüşlərdə, müzakirələrdə də məndən soruşurlar.

Düşünürəm ki, “dayday” ilə bir yerə gələ bilsəniz də, inkişafınız üçün kifayət etməyəcəkdir.Əgər savadınız, özünü inkişaf etdirmə bacarıqlarınız yoxdursa, araşdırıb tapmaq kimi maraqlarınız yoxdursa, “dayday”ınızın olması sizə kömək etməyəcəkdir.

Bəzən də dayday sizin inkişafınıza kölgə sala bilir. Siz nə qədər inkişaf etsəniz də, kənardakı insanlar bunu “dayday” vasitəsi ilə əldə edildiyini düşünür. Son illərdə özəl sektorda bu fikir mahiyyətini itirməyə başlayıb. İş mühitində daha çox öz üzərində çalışan, savadlı, əmək qabiliyyəti yüksək olan insanlara önəm verilməyə başlanılıb. Düşünürəm ki, yaxın 15 il ərzində “daydaylıq” etmək düşüncəsi sıradan çıxacaqdır.

Ümumi nəzər yetirdikdə müşahidə edirik ki, yeni nəsil “Y”, “Z” nəsli artıq haqsızlıqlara qarşı daha çox mübarizə aparıb, səsini yüksəltməyə çalışır. Bundan əvvəlki nəsil “səssiz qalıb, maaşımı alım”,- düşüncəsi ilə davransa da, yeni nəsil hadisələrin gedişatında daha çox mübarizlik nümayiş etdirir. İnanıram ki, yeni nəsil bu torpil keçmək anlamlarını tamamilə yıxıb keçəcəkdir.

Ümumiyyətlə, karyera planlayan zaman hansı əsas amillər nəzərə alınmalıdır. Xüsusən də gənc yaşda karyera planı quranlara nə məsləhətiniz var?

Mən tez-tez keçirtdiyim seminarlarda gənc iştirakçılara onların pul yoxsa karyera üçün işlədiyi ilə bağlı suallar verirəm. Gənclərin 90 faizi öncə deyir ki, biz pula görə çalışırıq.

O zaman mən başqa bir sual verirəm ki, siz 50-60 yaşında hər hansı elektronika satan mağazadan yaxşı maaşla satıcı kimi statusunuzu yüksəldib təqaüdə çıxacaqsınız, yoxsa daha fərqli sahədə üst mərtəbəyə qədər yüksələrək? Bu sualdan sonra onların pula görə işləmək ilə bağlı cavablarında karyeraya doğru dəyişiklik müşahidə edilir. Əgər karyerada yüksəlmək istəyirsinizə, bir sahədə özünüzü inkişaf etdirməlisiniz. Hansı sahə olmasından asılı olmayaraq hər şeyi dəqiqliklə, ən kiçik incəliklərinə qədər öyrənib mükəmməl bilməlisiniz. Xüsusilə də bir xarici dildə ingilis dili başda olmaqla mükəmməl danışmağı bacarmalısınız. 2000-ci ildən sonra doğulan gənclər - “Z” nəsli çox səbirsizdirlər. Onlar bir yerdə iki-üç ay işlədikdən sonra həmin yerdən ayrılırlar. Onlara məsləhətim odur ki, ilk iki-üç il pulun miqdarına baxmadan həmin sahədə özlərini inkişaf etdirsinlər. 

Davamı olacaq....

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et