Təhsilə və sağlamlığa sərf olunan vəsait heç vaxt itmir və hər zaman öz müsbət bəhrəsini verir. | Banco.az

Təhsilə və sağlamlığa sərf olunan vəsait heç vaxt itmir və hər zaman öz müsbət bəhrəsini verir.

Müsahibimiz ASB Bankın Müştəri Xidmətləri departamentinin direktoru Sənan Həsənovdur..

 

Təhsilə və sağlamlığa sərf olunan vəsait heç vaxt itmir və hər zaman öz müsbət bəhrəsini verir.

Maliyyə sahəsində təhsil almışam və daim biliklərimi inkişaf etdirmək əsas məqsədlərimdən biri olub. Bu əslində ailədən gələn bir ənənədir və bu mövzuda hər zaman valideyinlərim mənə dəstək olub. Təhsilə və sağlamlığa sərf olunan vəsait heç vaxt itmir və hər zaman öz müsbət bəhrəsini verir. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit üzrə bakalavr və magistr pillələrini bitirərək, Bank sektorunda fəaliyyətə başlamışam. İşlədiyim dövrdə də həm praktik, həmçinin də nəzəri cəhətdən bir çox biliklərə yiyələnmişəm. Azərbaycanda və xarici ölkələrdə çoxsaylı kurslarda, konfranslarda və praktiki təlimlərdə iştirak etmişəm. Bütün bu qazandığım biliklər təbii ki, mənim kariyerada irəliləməyimin bünövrəsi olub.

İnkişafın başlanğıcında olanda, daha çox öyrənmək və əsaslı inkişaf etmək imkanından faydalana bilirsən

İlk olaraq 2004-cü ildə Rabitəbankda çalışmağa başlamışam. Həmin dövrlərdə ümumiyyətlə Bank sektoru tamamilə fərqli bir səviyyədə idi, yeni inkişaf mərhələsinə qədəm qoyurdu. Belə bir dönəmdə fəaliyyətə başlamağımı doğrusu, özüm üçün uğurlu bir başlanğıc hesab edirəm. Çünki, inkişafın başlanğıcında olanda, daha çox öyrənmək və əsaslı inkişaf etmək imkanından faydalana bilirsən. Rabitəbankda 7 il çalışdıqdan sonra kariyeramı Azərbaycan Sənaye Bankında davam etdirmək qərarına gəldim və 2011-ci ildə həmin Bankda işə başladım.

Bankda çalışdığım hər bir sahə mənə bank işini daha dərindən öyrənməyə imkan yaradırdı

Rabitəbankda demək olar əksər şöbələrdə və departamentlərdə çalışmışam. Qeyd etdiyim kimi Bank sektoru inkişaf etdiyi üçün Rabitəbankda yeni departamentlər və şöbələr yaranırdı və mən bir müddət maliyyə sahəsində, valyuta əməliyyatları sahəsində, ödəniş sistemləri ilə iş, müştəri xidmətləri, Plastik kartlar və son olaraq iki ildən çox Marketinq şöbəsinin rəhbəri olaraq çalışmışdım. Azərbaycan Sənaye Bankına keçdikdən sonra isə orada Satış və Marketinq Departamentinin rəhbəri olaraq çalışdım. Son 6 ayda isə Müştəri Xidmətləri Departamentinin rəhbəri olaraq fəaliyyətimi davam etdirirəm. Bankda çalışdığım hər bir sahə mənə bank işini daha dərindən öyrənməyə imkan yaradırdı.

İnsan nə qədər xidmətində qüsursuz olarsa, o qədər daha yüksək nailiyyətlər əldə edə bilər

Marketinq sahəsində 4 ildən çox çalışmışam. İşlədiyim banklarda bir çox yeni unikal məhsulların yaradılması, müxtəlif kampaniyaların və tədbirlərin təşkil olunması proseslərinə rəhbərlik etmişəm. Müştəri Xidmətləri sahəsinə keçid isə Bankın kiçik bir modeli olan filiala rəhbərlik edərək bu sahədə öz bilik və bacarıqlarımı inkişaf etdirmək istəyimlə əlaqədar idi. Əslində bilirsiniz hər bir insanın fəaliyyətinin əsas hissəsi ətrafındakı insanlara xidmətdən ibarətdir. İnsan nə qədər xidmətində qüsursuz olarsa o qədər daha yüksək nailiyyətlər əldə edə bilər. Düşünürəm ki, Müştəri Xidmətləri sahəsində öz fəaliyyətimi uğurla davam etdirərək bu məqsədə çatacam.

Yalnız keyfiyyətli xidmət müştərilərlə uzun müddətli, məhsuldar əməkdaşlığın əsası ola bilər

Azərbaycan Sənaye Bankı 1996-cı ildən Bank bazarında fəaliyyət göstərir. Universal Bank olaraq həm pərakəndə, həmçinin də korporativ sektor üçün müxtəlif məhsul və xidmətlər təklif edirik. Bankımız öz fəaliyyətini bir sıra prinsiplər üzərində qurur ki, bunların tam siyahısı ilə rəsmi internet səhifəmizdə tanış olmaq mümkündür. Ancaq bir neçəsini diqqətə çatdırmaq istərdim. Əsas prinsiplərimizdən biri Keyfiyyət prinsipidir. Bu prinsipin məğzi müştərilərimizə onların məmnun qalacağı səviyyədə xidmət etməkdir. Çünki yalnız keyfiyyətli xidmət müştərilərlə uzun müddətli, məhsuldar əməkdaşlığın əsası ola bilər. Digər bir vacib prinsipimiz Ədalət və düzgünlük prinsipidir. Bank olaraq sadəcə görə biləcəyimiz işə təminat veririk. Müştərilərimizə qarşı şəffaf və dürüst davranaraq verdiyimiz mesajların arxasında dayanırıq. Bunun nəticəsidir ki, Azərbaycan Sənaye Bankı hal-hazırda müştərilərinə ən sərfəli şərtlərlə müxtəlif xidmət və məhsullarını təqdim edən Bank olaraq etibar qazanıb.

ExtraCard vasitəsilə müxtəlif ticarət və xidmət məntəqələrində alış veriş edib dəyərini 12 aya qədər faizsiz hissələrlə ödəmək mümkündür

Məhsul və xidmətlərimiz sırasında taksit və bonuslu ExtraCard xüsusi yer tutur. Bu layihə 2012-ci ilin iyun ayından tətbiq olunmağa başlanıb və Azərbaycanda, beynəlxalq kartlar üzərində ilk taksit layihəsidir. ExtraCard vasitəsilə müxtəlif ticarət və xidmət məntəqələrində alış veriş edib dəyərini 12 aya qədər faizsiz hissələrlə ödəmək mümkündür. Üstəlik bu kartlar vasitəsilə ödəniş edərkən, 10%-ə qədər yüksək bonuslar qazanmaq olur. Məhsulun unikal özəlliyi ondan ibarətdir ki, bu kartla bütün proseslər tam avtomatlaşdırılmış, yerində istənilən taksit həcmini seçmək, ödəniş anında bonus qazanmaq və qazanılmış bonusları dərhal xərcləmək imkanı var. Hal-hazırda layihə çərçivəsində 250-dən çox ticarət və xidmət məntəqələri ilə əməkdaşlıq olunur və müştərilər həmin məntəqələrdə ExtraCardın üstünlüklərindən faydalana bilərlər.

Bütün müştərilərimiz bizim üçün ən yaxşı VİP müştərilərdir və kimliyindən asılı olmayaraq hər kəsə yüksək keyfiyyətli xidmət olunmalıdır

Hal-hazırda rəhbərlik etdiyim Müştəri Xidmətləri Departamenti Bankın vacib strukturlarından biridir. Biz bütün əməkdaşlarımızla birlikdə Bankımızın ümumi prinsiplərinə sadiq olaraq müştərilərimizə keyfiyyətli və sürətli xidmət etməyə çalışırıq. Hər zaman əməkdaşlarımıza dediyim bir söz var ki, bütün müştərilərimiz bizim üçün ən yaxşı VİP müştərilərdir və kimliyindən asılı olmayaraq hər kəsə yüksək keyfiyyətli xidmət olunmalıdır. İşlərimizin çox olmasına baxmayaraq əməkdaşlarımız bu tələbin öhdəsindən layiqincə gələ bilirlər. Hər bir müştəriyə iş prosesində fərdi yanaşaraq onların maliyyə ehtiyaclarını düzgün qiymətləndirib onlara dəyərli məsləhətlər veririk, müştərilərimizin maliyyə məsləhətçisi olmağa çalışırıq. Biz bilirik ki, Bizə müraciət etmiş müştərilərimiz öz sahələrində mütəxəssisdirlər, biz də maliyyə resurslarının idarə olunması sahəsində biliklərimizdə istifadə edərək bu sahədə onlara dəstək oluruq.

Yaradıcılıq hər zaman üstünlük qazanmağa və seçilməyə imkan verir

Bankda işləmək istəyən gənclərə demək istərdim ki, yaradıcı və aktiv olsunlar. Yaradıcılıq hər zaman üstünlük qazanmağa və seçilməyə imkan verir. Mən banka işləmək üçün gələn bir çox gəncin müsahibə prosesində iştirak etmişəm. Müsahibələr zamanı rast gəldiyim zəif cəhət gənclərimizin bilik və imkanlarının təqdim olunmasında çətinlik çəkmələridir. Bir çoxları müsahibələrə hazırlaşmadan gəlirlər ki, bu onların uğursuzluğuna səbəb olur. Onun üçün gənclərə məsləhət görərdim ki, müsahibəyə getməzdən öncə özləri barədə məlumatların qeydini aparsınlar və onu dəfələrlə oxuyub məşq etsinlər. Hal-hazırda banklarda işləyən gənc mütəxəssislərə isə çalışdıqları Bank üçün maksimum dərəcədə əlavə dəyər yaratmağı məsləhət görərdim. Sizin işlədiyiniz bankın inkişafına qatqınız nə qədər çox olarsa, kariyerada daha sürətli inkişaf edə bilərsiniz.

Portalınız çox səliqəli formada təşkil olunub, sadə və başa düşülən struktura malikdir

İlk öncə müsahibə təklifiniz üçün Sizə və www.banco.az internet portalının yaradıcılarına və bütün kollektivinə təşəkkür edirəm. Portalınız çox səliqəli formada təşkil olunub, sadə və başa düşülən struktura malikdir. Xüsusilə Bankirə sual bölməsi diqqətimi çəkdi. İnsanların banklarla bağlı, məhsul və xidmətlərlə bağlı suallarının cavablandırılması üçün çox faydalı resursdur. Əlavə olaraq təklif etmək istərdim ki, Bankların əsas göstəriciləri bölməsində statistika ilə yanaşı müəyyən analitik məlumatlar da yerləşdirilsin. Bu oxucular üçün maraqlı olacaq. Ümumilikdə www.banco.az kimi portalların yaradılması çox faydalıdır və əminəm ki, saytınız bu uğurlu inkişaf tendensiyanı davam etdirəcək. 

 

Müsahibəni götürdü: Nərminə Məmmədova

Fotoqraf: Soltan Abdullayev

www.Banco.az

 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 

Ən sərfəli krediti almaq üçün müraciət et