Nigar Səmədova: Uğurlu olmaq üçün oxumaq, daimi özünü təkmilləşdirmək lazımdır! | Banco.az

Nigar Səmədova: Uğurlu olmaq üçün oxumaq, daimi özünü təkmilləşdirmək lazımdır!

Banco.az portalının yeni müsahibi Bank Respublika-nın Bank Kartları Departamentinin rəhbəri Nigar Səmədovadır

  • Nigar xanım, Siz Bank Respublikada çalışan uğurlu qadın menecerlərindən birisiniz. Necə oldu ki, bank sahəsində işləməyə qərar verdiniz?

Hələ 10-cu sinifdə oxuyarkən yuxarı siniflərdən bir şagirdin Maliyyə-Kredit fakultəsinə daxil olduğunu eşitdim.  Müəllimlər onun yaxşı peşə seçdiyini deyirdilər.Maraqlandım ki, bu ixtisasla hansı sahədə çalışmaq olar.İlk növbədə hamı bank sahəsini qeyd edirdi.Bu mənə çox cəlbedici gəlirdi.Elə həmin gündən qərar verdim ki, məktəbi bitirdikdən sonra təhsilimi bu ixtisas üzrə davam edəcəm.Elə də oldu, məktəbi bitirdikdən sonra təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsində davam etdirdim. Hətta univesitetdə oxuyarkən məlum oldu ki, maliyyə-kredit fakültəsində bütün tələbələr ixtisasça iki qrupa bölünməlidirlər – maliyyə və ya bank işi, və hansı qrupda təhsil aldıqlarından asılı olaraq həmin ixtisas üzrə diplom işini müdafiə edərək karyeralarını davam edəcəklər. Əlbəttə ki, mənim kimi bir çox tələbənin arzusu bank sahəsində çalışmaq idi.Şanslıyam ki, bu qrupa düşdüm və beləliklə artıq ixtisası bank işi-kredit olan bir mütəxəssis kimi bank sahəsində çalışmağa qərar verdim.

  • Bank Respublikaya gəlişiniz necə baş verdi?

Azərbaycanda  müasir bank sisteminin formalaşması 90-cı illərin əvvəlinə təsadüf edir. Elə həmin dövrdə ölkədə bir neçə özəl bank fəaliyyətə başladı.Yaranan banklar hələ də çoxsaylı bank əməliyyatlarından yalnız bir neçəsini icra edirdilər. Bu səbəbdən banklar yeni fəaliyyət növlərini inkişaf etmək üçün bir sıra tədbirlər həyata keçirirdilər, o cümlədən yeni iş yerləri açır, müxtəlif sahələrdə bank mütəxəssislərini cəlb edirdilər. Qeyd etdiyim kimi, mənim də ən böyük arzularımdan biri bank sahəsində çalışmaq olduğu üçün bir neçə kommersiya banklarına müraciət etdim.Bank Respublikadan mənə kredit mütəxəssisi vəzifəsi təklif olundu və əlbəttə ki, mən bunu böyük məmnuniyyətlə qəbul etdim.

  • İndiyə qədər çalışdığınız vəzifələrin hansında daha çox öyrəndiyinizi düşünürsünüz?

Bank Respublika çalışdığım ilk iş yeri olub. Bütün karyeramı bu bankda qurmuşam. Bir neçə sahədə çalışmışam – kredit sahəsində həm front, həm də ki back ofisdə, kredit departamenti tərkibində kreditlərə nəzarət və kredit portfelinin təhlili sahəsində, risklərin idarə edilməsi sahəsində, ödəniş kartlarının emissiyası və ekvayrinqi sahəsində.

Hazırkı vəzifəmədək keçdiyim yol, onun hər addımı heç də asan deyildi. Lakin mən bunu həmin zaman dərindən hiss etmirdim. Çünki, bütün pozisiyalarda gördüyüm iş mənə o qədər maraqlı, kəşf edici gəlirdi ki, bütün çətinliklərin öhdəsindən gələrək, işi düzgün qurmaq və yeni hədəflərə çatmaq istəyirdim.Yəgin ki, kredit sahəsində daha çox öyrəndiyimi düşünürəm, o səbəbdən ki, bu sahədə ən birinci pillədən kredit inspektoru kimi başlayaraq, kredit işini öyrənmişəm və daha sonra təcrübəli kredit rəhbərləri ilə işləyərək onlardan həm biznesin aparılması, həm idarəetmə sahəsində qiymətsiz biliklər əldə etmişəm. Hazırki vəzifəmdə mən 4 ilə yaxındır ki çalışıram və bu qısa müddət ərzində kredit sahəsindən tam fərqli olan, lakin çox maraqlı və daimi innovativ yanaşma ilə inkişafda olan plastik kartlar biznesi haqqında mühüm bilikləri əldə etdiyimi düşünürəm.Həmçinin, hesab edirəm ki, bu müddət ərzində idarəçilik və komanda ilə işləmək bacarıqlarımı inkişaf edərək, biznes proseslərin effektiv aparılmasını təmin etməyə çalışmışam.      

      

  • Sizcə plastik kartların ödəniş vasitəsi kimi ömrü hələ nə qədər davam edəcək?Nə zaman elektron pullar ya yeni texnologiyalar kartları bazardan çıxara bilər?

Hal-hazırda yerli bazarda plastik kartların nağdsız ödənişlərdə rolu əhəmiyyətlidir.Lakin kartlarla aparılan əməliyyatların ümumi kart əməliyyatlarına nisbəti hələ də çox aşağıdır.Bu ondan irəli gəlir ki, əhalinin əksəriyyəti üçün plastik kart ödəniş vasitəsi kimi deyil, nağd pulun əldə edilməsi üçün bir vasitə kimi qəbul olunur.Ümumiyyətlə, ölkədə plastik kartlar bazarının böyük bir hissəsini əmək haqqı və sosial növlü kartlar təşkil edir.Bu növ kartların sahibləri isə aldıqları əmək haqqının və ya sosial ödənişlərin bütün məbləğini dərhal ATM-dən nağdlaşdırmaya üstünlük verirlər.

Əlbəttə ki, belə şəraitdə elektron pulların sürətli inkişafından və yaxın gələcəkdə plastik kartlarin bazardan çıxara biləcəyindən danışmaq hələ tezdir.Qlobal bazarda plastik kartları tam əvəz edəcək yeni texnologiyaların yaradılması prosesi çox böyük surətlə irəliləyir.Xüsusən də, hər hansı bir əməliyyatın aparılması üçün insanın biometrik xüsusiyyətlərini identifikasiya edən, məsələn insanın üzünün, səsinin tanınmasını təmin edən yeni texnologiyalar plastik kartları gələcəkdə tam əvəz edəcəyini düşünürəm.Bu cür innovasiyaların əsasən iki müsbət cəhətini vurğulamaq istərdim.Birincisi, bu növ ödənişlərdə təhlükəsizlik səviyyəsi daha yüksəkdir nəzərə alsaq ki, dələduzlar müştərinin şəxsi məlumatlarını istifadə edə bilmirlər.Digər tərəfdən isə, belə ödənişlər kart sahibləri üçün daha rahat olur, ən azından cibində bir neçə kart daşımaq və hər kartın şifrəsini yadda saxlamağa ehtiyac qalmır, identifikasiya üz və ya səs ilə baş verir.İnnovasiyaların tətbiq edilməsi artıq dünya bazarında başlayıb.Düşünürəm ki, Azərbaycanda da yeni texnologiyaların tətbiqi üçün indidən şərait yaradılmalıdır.Məsələn, artıq Bankımız 4 ilə yaxındır ki, təmassız kartlar emissiya etməyə başlayıb. Kart portfelimizin demək olar ki, 50%-ni təmassız kartlar təşkil edir. Digər tərəfdən rəqəmsallaşma prosesi bütün ölkədə olduğu kimi, Bankımız üçün də prioritet hədəflərdən biridir.

  • Nigar xanım, menecmentdə xanım olmaq hər hansı bir dezavantaj yaşadırmı Sizə? Yəni qadın rəhbər olmaq çətin deyil ki?

Çalışdığım bankda olduğu kimi ölkəmizin əksər müəssisələrində, hətta xarici ölkələrdə belə menecmentin böyük hissəsi kişi menecerlər təşkil edir. Baxmayaraq ki, müasir dünyada gender bərabərliyi mövzularının müzakirəsində böyük proqress əldə edilir, hələ də qadın menecerlərin qarşısında onların liderlik rolunun tanınması və etibarlılığın qurulması üçün üzun bir yol olduğunu düşünürəm. Komandada effektiv rəhbərlik etməyə gəldikdə isə, düşünürəm ki, emosional məsafənin qorunması ən mürəkkəb çətinliklərdən biridir. Belə ki, doğru balansın seçilməsi vacibdir - əməkdaşları tanımaq üçün kifayət qədər yaxın, rəhbərlik etmək üçün kifayət qədər uzaq olmaq. Bir rəhbər olduqda artıq şəxsi nailliyətləriniz komandanızın nailliyətləri ilə ölçülür. Bu səbəbdən idarəçilikdə qeyd etdiyim balansı qorumaq çox vacibdir.

  • İş və şəxsi həyat arasında balansı qoruya bilirsinizmi?

Bu balansı qorumaq çox vacibdir.Ən professional işçi belə uzun zaman fasiləsiz işləyə bilməz Belə şəraitdə görülən işlər effektiv olmayacaq.Mütləq fasilə lazımdır, diqqəti şəxsi həyata, ailəyə yönəldmək zəruridir. Əks halda bütün enerjimiz, marağımız itəcək, effektivliyimiz azalacaq – bunlar hamısı şəxsi həyat və iş arasında pozulan balansın nəticəsidir. Düşünürəm ki, bu balansı qorumaq çətin olsa da, bunu bacarmışam. Çətin zamanlar əlbəttə ki olur, məsələn hər hansı bir layihə üzərində demək olar ki, fasiləsiz işlədikdə, iş saatları çox gec bitdikdə, istirahət günlərində çalışdıqda. Belə günlərdə ailənin dəstək olması böyük rol oynayır və şəxsən mənə daha böyük motivasiya verir.

  • Hobbilərinizə vaxt qalırmı?

Böyük çətinliklə, lakin çalışıram tez-tez olmasa da, bəzi zamanlar sevdiyim janrlarda kitab oxuyum, kino seyr edim. Həm ABŞ, həm Avropa filmlərinə böyük marağım var, əsasən də tarixi janrlarda çəkilən film və dramalar həm bəzi ölkələrin tarixini öyrənmək, eyni zamanda da maraqlı sujetdən zövq alaraq asudə vaxtımı fərqli şəkildə keçirməyə imkan verir. Həmçinin, yerli kinomatoqraflar tərəfindən Azərbaycan tarixini əhatə edən və məşhur tarixi şəxsiyyətləri ifa edən tanınmış Azərbaycan aktyorları ilə çəkilən kinoları hələ məktəbdə oxuyarkən seyr etməyə çox xoşlayırdım.

  • Maraqlıdır Nigar xanım, hansı ədəbiyyatı oxuyur, özünü necə təkmilləşdirir?

Qeyd etdiyim kimi, tarixi kinoları sevdiyim kimi, tarixi ədəbiyyatı da böyük maraqla oxuyuram.Ümumiyyətlə, kitab oxumağı çox sevirəm.Əvvələr buna çox vaxt ayıra bilmirdim, Lakin elektron kitab əldə etdikdən sonra istədiyim kitabı ora yükləmək, istədiyim dildə oxumaq, hətta səyahət zamanı kitabı özümlə götürmək daha rahat oldu.Bədii janrda kitab oxumaq xoşlayıram.Əlavə olaraq, çalışdığım sahə hər zaman yeniliklərlə dolu olduğu üçün, çalışıram bu mövzuda da dərc olunan kitab və məqalələri oxuyum, dünyada inkişaf edən yeni texnologiyalar haqqında məlumatlı olum.Həmçinin, bəzən şəxsi həyatda və yaxud işdə elə anlar olur ki, bir çox suallara cavab verən və ya tam fərqli yanaşma ilə dəstək olan fəlsəfi və ya analitik ədəbiyyatı seçirəm.    

  •   2018-ci ilüçün əsas hədəfləriniz hansılardır – həm departament müdiri olaraq, həm də şəxsi hədəfləriniz oxucularımız üçün maraqlıdır.

Şəxsi hədəflərim əlbəttə ki çoxdur, nəyinki 2018, həm də yaxın bir neçə il üçün. Hal-hazırda qızım məktəbi bitirmək üzrədir, düşünürəm ki, istedadlıdır, gözəl rəsm işləri var. Artıq hansı sahədə təhsilini davam etməsi haqqında qərar almalı və mən onu bu yolda dəstəkləməyə hazıram. Eyni zamanda, oğlum bu il ibtidai məktəbi bitirir, orta məktəbdə onun yeni müəllimlərə, fəqli fənlərə adaptasiya olmasında ona kömək etmək, ilk zamanlarda düzgün istiqamət vermək istərdim.  

Yaxın illərdə daha çox səyahət etmək, olmadığım ölkələri görməyi planlaşdırıram.Səyahət etməyi çox sevirəm, lakin bir neçə səbəbdən bunu etmək həmişə mümkün olmur.Ümüd edirəm ki, 2018 və növbəti illər ərzində bunu bacaracam.Departament rəhbəri olaraq isə artıq bir neçə layihə üzərində komandamla birlikdə çalışırıq. Aparılan hər bir layihənin məqsədi Bank Respublika-nın müştərilərinə kartlar vasitəsilə aparılan əməliyyatların rahatlığını, yüksək effektivliyini və təhlükəsizliyini təmin etmək, həmçinin bu sahədə yeni məhsul və xidmətlər təklif edərək müştərilərin loyallığını qorumaq və banka yeni müştərilər cəlb etməkdir.   

Sonda bank sahəsində karyera qurmaq istəyən gənclərə tövsiyələriniz varmı? Yəni uğurlu olmağın yolu nədən keçir?

Nəinki bank sahəsində, bütün sahələrdə uğurlu olmaq üçün, ilk növbədə bunu istəmək lazımdır! Lakin televizor qarşısında və ya bütün günü planşet ilə oturaraq müdir olmaq arzusuna düşərək deyil, həqiqətən özünə hədəflər qoyaraq və bu hədəflərə çatmaq üçün çoxlu çalışaraq.  Oxumaq, daimi özünü təkmilləşdirmək həqiqətən də çox vacibdir.Həyat inkişaf edir, günbəgün yeniliklərlə dolur, və bu yenilikləri öyrənmək, həmişə trenddə olmağa çalışmalıyıq.Bunu etməliyik ki, sonradan dönüb arxamıza baxanda mən bunu də edə bilərdim, bunu da öyrənə bilərdim, lakin vaxtında etmədim deyərək, heyifsilənməyək, həyatın bizə verdiyi şansları əldən buraxmayaq. 

Könül Soltanova, 1Lady.az

Ən sərfəli krediti almaq üçün müraciət et