"Marketinq sata bilməmə qorxusu olduqda yaranır." | Banco.az

"Marketinq sata bilməmə qorxusu olduqda yaranır."

Müsahibimiz: Heydər İsmayılov, Marketinq eksperti

2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Reklam İşinin təşkili və idarə edilməsi” ixtisası üzrə bitirdikdən sonra, professional karyerama başlamışam. Universiteti bu istiqamət üzrə bitirməyimin başlıca səbəbi Azərbaycanda yeni-yeni inkişaf edən sahədə özümü sınamağın həm maraqlı, həm də həyəcanlı gəlməsi idi.

Artıq universitet vaxtı çalışmağa başlamışdım, düzdür ilk işim marketinq sahəsi üzrə deyildi və informasiya texnologiyaları ilə bağlı təməl təcrübələr əldə edirdim. Bəllidir ki, universitet zamanı insan ilk işini seçəndə heç də yüksək karyera iddiasında olmur. O zaman, əsas məqsəd işləmə bacarığının formalaşması və təbii ki, kiçik xərclərini müstəqil şəkildə qarşılamaqdan ibarət idi.

Universiteti bitirəndən sonra, ilk professional karyerama isə Uptime marketinq agentliyində başladım. İlkin başlarda “Web-Digital” istiqaməti üzrə addımlamağıma səbəb daha öncəki təcrübəmin IT sahəsi ilə bağlı olması ilə izah olunur. Lakin şirkətin ümumi istiqaməti digital marketing olmadığından, bir müddət çalışandan sonra öz ixtisasımı və şirkətin ümumi fəaliyyət istiqamətini nəzərə alaraq, marketinq kommunikasiyaya yönəlməyə başladım.

Uptime-da çalışma müddətim təxminən iki il çəkdi, oradan ayrılanda artıq Bakı ofisinin direktoru idim.

Agentlik təcrübəmdə müxtəlif sığorta, bank, fmcg, inşaat və digər sektorlara marketinq və marketinq kommunikasiya strategiyalarının hazırlanması mövcuddur.

Lakin, bir müddət sonra “cəbhənin digər tərəfinə”, yəni müştəri tərəfə maraq artmağa başladı.

Agentliklərin məsuliyyəti “necə” sualına cavab tapmaqdan ibarətdir. Müştəri tərəfdə isə “Necə” sualından öncə “Nə” sualına cavab tapılmalıdır. Yəni, ehtiyaca əsasən məhsulun yaranması, onun bazarda digər rəqib məhsullardan fərqləndirilməsi təcrübəsi müştəri tərəfdə daha aktualdır.

Marketinq mənim üçün nədir?

Bilirsiniz, məktəb vaxtı hansısa fənni ilk dəfə keçməyə başlayanda sinifə yeni müəllim gəlir və keçəcəyi fənn haqqında elə danışır ki, bu fənn olmasa sanki dünyanın işləri getməzdi, istər bu riyaziyyat müəllimi olsun, istər əmək, ya fizika, ya ədəbiyyat, fərq etməz.

Eləcə də bütün peşə sahibləri həmişə öz məsləyinin əhəmiyyətini yüksəltməyə çalışır. İstər bu bankirlər olsun, istər maliyyəçilər, həkimlər, vəkillər və s. Marketoloqlar da istisna deyil.

Amma maliyyə bir şirkətin beynidirsə, marketinq də onun döyünən ürəyidir.

Gəlin ilk öncə ondan başlayaq ki, marketinqə ehtiyacın başlanğıc nöqtəsi haradır?!

Marketinq sata bilməmə qorxusu olduqda yaranır. Əgər bir şirkətin sata bilməmə qorxusu yoxdursa, onun marketinqə ehtiyacının olması da şübhə doğurur.

Rəqabətin olduğu bir mühitdə, şirkətlər məhsullarına üstünlüklər əlavə etmək, təklif etidyi məhsulları uyğun mesajla müştərilərə çatdırmaq haqqında düşünməyə başlayır. Bu isə, markalaşmağa gətirib çıxarır. Yəni markaya düstur vermiş olsaq “Rəqabətə davamlı məhsul+sosial və fərqli mesaj=Marka” kimi ifadə edə bilərik.

Yaxın 10 ildə fərqli istiqamətdə özümü sınamağı düşünmürəm, amma ki təcrübəmin üzərinə yaxın və əlaqəli sahələrlə bağlı bilikləri əlavə etməyə çalışıram. Lakin, ixtisasımı və ya fəaliyyət istiqamətimi radikal şəkildə dəyişməyi düşünmürəm. Yəni bu gün marketinqlə  məşğul olduğum halda, sabah maliyyəçi, vergi müfəttişi və ya rəssam olma planım yoxdur.

Mən sosiallığa çox inanıram. Hamımız gərək sosial düşünək, ətrafımıza qarşı sosial məsuliyyətli olaq. Biliklərimizi, təcrübəmizi paylaşmaq da sosial məsuliyyətin bir parçasıdır.

15 ildən sonra, akademik fəaliyyətlə məşğul olmaq, kitab yazmaq, oxumaq və oxutdurmaq əsas məqsədimdir.

Həyat mənə nəyi öyrədib?

“Faydalı olmağı, əylənməyi, imkan olduqca şəxsi ehtiyaclarımı qarşılmaq üçün kiçik də olsa pul qazanmağı”.

İnsan faydalı olmalı, insanlara kömək etməlidir, çevrəsinə qarşı məsuliyyətli olmalıdır. əylənmək dedikdə isə istirahət, həyatın dadını çıxartmaq, yaşamaqdan zövq almağı, təkmilləşməyi nəzərdə tuturdum.

Özüm özümü motivasiya etməyi bacarıram.

Motivasiyada qalmağın sadə bir üsulu var:  Öz fikrini müsbət tərəflərə istiqamətləndirməli və buna inanmalısan. İnsan ilk növbədə düşünməlidir ki, nə olursa olsun neqativ durumdan çıxacaq. Gərəkdir ki, həmin anlarda tək qalmayasan.  Hətta tək qalıb başını qatmaq üçün yemək yesən, kitab oxusan, hamamda çimsən və s. belə bu fayda etmir.

Lazımdır ki, yaxşı ünsiyyət qura bildiyin, çətin durumlarda mənəvi dəstək ala bildiyin insanlar ilə əlaqədə olasan.

Bəzən demotivasiya olduqda, sözünə və zəkasına güvəndiyim insanların məsləhətini dinləyirəm. Yaxşı olar ki, belə hallarda tək qalmayıb, özünü  yüksək əhval-ruhiyyəli insanlar ilə əhatə edəsən. Şərt deyil ki, kiməsə deyəsən ki, məni bu durumdan çıxartmaq üçün məsləhət ver, sadəcə onların sənin yanında olması belə sənə ruh yüksəkliyi gətirə bilər.

  1. Bir marketinq mütəxəxsisi üçün ən vacibi odur ki, çalışdığı şirkətdəki insanlarla ünsiyyəti yaxşı qura bilsin və şirkət daxilində öz mövqeləndirilməsini etsin.
  2. İkinci mərhələdə o, təqdim etdiyi məhsulu yaxşı öyrənsin və əlavə edə biləcəyi nünasların müştərilərə faydalı olmasından əmin olsun.
  3. Məhsulun rəqib məhsullardan düzgün müqayisəsi önəmlidir.
  4. Kommunikasiyanın danışdığı mərhələdə isə, “məhsulu müştəriyə niyə təqdim etməsi” gəlir. Nə üçün müştəri məhsulu seçsin? Sosial dəyəri varmı? Faydası varmı. Yəni ki, bir məhsulun sosial faydasının olması mütləqdir.
  5. Və İradə. Hansı ki, marka dəyərinin yaranmasında önəmli faktorlardan biridir. Markanın hər dəfə eyni mövzudan danışması.

Banklar isə əsasən güvən və etibar ilə assosiasiya olunur

Bankla müştərinin təməl əməkdalığı “pul alqı satqısı” üzərində qurulub. Nəticədə bank insanlara pul satır - pul alır. Hər kəsə pulu etibar edə və ya güvənə bilməzsən. Bunun üçün də, bankların marketinq komandalarının məqsədi bu işə güvən adlı dəyəri əlavə etməkdir.

Uğur qazanmaq üçün insana nə lazımdır?

Dünyada çox az insanlar var ki,  fitri istedadla gəlib dünyaya, hansılar ki, mən o kateqoriyaya aid deyiləm.

Tamamı ilə yeni bir elm ortaya qoyacaq insan da deyiləm, və belə bir məsuliyyətim də yoxdur.

Bizim getdiyimiz yolları bu və ya digər formada başqa insanlar keçib, onlara baxmaq, yaxşı nümunələrdən öyrənmək lazımdır. Analiz etmək, səhvləri təkrarlamamaq, yaxşı şeyləri isə götürməl. Bu heç də təkrarçılıq və ya kopyalamaq deyil. Sən baxıb, öyrənib, özünküləşdirib tətbiq edirsən. Ona öz prizmandan yanaşırsan. Dünyada məşhur kampaniyaların bir çox taktikaları və gedişləri vardır ki, onlardan bəhrələnmək lazımdır.

Həmişə oxumaq təkmilləşmək lazımdır. Məktəb vaxtı oxudum bitdi, ya uninversiteti bitirdim, mən yetərincə savadlandım - deməklə deyil.

Hal hazırda oxuduğum kitab, Richard Branson “Capitalism 24 902” kitabıdır, Ondan qabaq bitirdiyim isə Guy Kawasaki “Enchantment: The Art of Changing Hearts, Minds, and Actions” kitabı idi.  

Bestseller bir əsərdir, kəsə məsləhət görərdim. Çox da bahalı kitab deyil, yəni hər kəsin alması üçün münasibdir. İndi oxuduğum kitab da maraqlıdır, lakin hələ ki sonuna çatmamışam.

Yeni kadr seçərkən, mənim üçün ən  önəmlisi həmin insanın düşünmə qabiliyyətidir. Əgər bir insan düşünməyi bacarırsa, o qarşısına qoyulan tapşırıqları həll etmək üçün yol tapmağı bacaracaq.

İnsanın dil bilikləri zəif ola bilər, təcrübəsi yetərincə olmaya bilər, amma onun düşünmək və öyrənmək qabiliyyəti varsa, iradəli və dözümlüdürsə, o öz məqsədlərinə çatacaq və onunla işləmək olar.

Azərbaycanın əmək bazarında işaxataranlar ilə işəgötürənlər arasında belə bir boşluq var:

İşaxtaranlar şikayət edir ki, iş tapmaq mümkün deyil, işəgötürənlər isə ixtisaslı, peşəkar kadr çatışmazlığından şikayətlənir. Yəni hər iki tərəf faktiki narazıdır.

Amma bir həqiqət var ki, işini bacarıqla görən, öz işindən məmnun olan, işini sevə-sevə edib zövq ala bilən insanlar Azərbaycanda kifayət qədər çoxdur, belə adamlar var və olacaqda.

Bu adamları yeni işə cəlb etmək də çətindir.  Onları sadəcə pulla cəlb etmək mümkün deyil, gərək onlar üçün mühit yaradasan, yəni özlərini inkişaf etdirməsi üçün gözəl əlverişli şərait olsun.

Azərbaycanda öz işini bilib, lakin işsiz qalan adam tapmaq çətindir. Mən beləsini görməmişəm.

Yaxşı peşəkara həmişə ehtiyac var, kimsə işsizdirsə, ilk növbədə günah özündədir.

Könül Soltanova & Günel Abduraxmanova

Ən sərfəli krediti almaq üçün müraciət et