İşə başlayarkən şirkəti deyil, şirkət rəhbərini seçmək lazımdır | Banco.az

İşə başlayarkən şirkəti deyil, şirkət rəhbərini seçmək lazımdır

İlham Əfəndiyev: “Gen, pozitivlik və əzmkarlıq uğur qazanmaqda çox vacibdir” 

Onun fikrincə, bir tərəfdən gen, digər tərəfdən pozitivlik və əzmkarlıq uğur qazanmaqda çox vacib amillərdəndir. Müsahibimiz biznes konsultant və təlimçi İlham Əfəndiyevdir. 20 illik iş təcrübəsi müddətində Azərbaycanın böyük şirkətlərində idarəedici kimi müxtəlif vəzifələrdə çalışıb, layihələrin gerçəkləşməsində yer alıb. Müstəqil işə başlamamışdan əvvəl Bakı Avropa Oyunları Əməliyyat Komitəsində layihə meneceri və Bakı 2015 Tamaşaçı Çağrı Məlumat Mərkəzinin rəhbəri vəzifəsində çalışıb. Banco.az İlham Əfəndiyevin Kaspi.az saytına verdiyi müsahibəni təqdim edir. 

- Avtobioqrafiyanızdan görünür ki, təhsilinizə çox önəm verirsiniz. 20-dən çox seminar, təlimdə iştirak etmisiniz. Təhsil sizin üçün nədir?

- Müxtəlif şirkətlərdə işləməyimin 20 ili tamam olacaq. Reklam menecerindən başlamış biznes məsləhətçisinə qədər yol keçmişəm. Hər zaman hiss etmişəm ki, bilik səviyyəsini artırmaq çox vacib məsələdir. Çünki hər il tələblər dəyişir, ölkə xaricindən yeni texnologiyalar gəlir. Gərək hər zaman öyrənib zamanla ayaqlaşasan. Buna görə də bu 20 il ərzində 20-dən çox təlimdə olmuşam, universitetlərdən diplomlar almışam. 

- Hətta təlim almaq üçün müxtəlif ölkələrə də üz tutmusunuz. Amma karyerasında uğur qazanan bir çox müsahiblərimiz kitab oxumaqla da özlərini inkişaf etdirirlər...

- Düşünürəm ki, təcrübə daha vacibdir. Bizdə bir çox təlimçilər var ki, kitab oxuyurlar. Amma bu, o qədər də effekt vermir. Sənin təcrübənin olması və bu təcrübəni insanlarla paylaşmağın daha effektivdir. Mən korporativ satışın inkişafı, layihə menecmenti və s. istiqamətlərdə təlimlər keçirəm. Bu təlimlər zamanı təcrübənin olması çox vacibdir. Təlim sözünün mənası da 80 faiz təcrübə, konkret nümunələr, 20 faiz isə nəzəriyyə deməkdir. 

- Dövlət Neft Akademiyasının tətbiqi riyaziyyat fakültəsini bitirdiyiniz halda, reklam meneceri kimi işə başlamısınız..

- Düşünürəm ki, mənim reklam meneceri kimi işə başlamağım, sonra marketinq meneceri, daha sonra biznes məsləhətçisi kimi işimi davam etdirməyim qismətdir. Digər tərəfdən, tətbiqi riyaziyyat fakültəsində aldığım bilikləri hazırda istifadə edirəm. Bazarda satış, marketinq üzrə biznes məsləhətçiləri çoxdur. Ancaq rəqəmlərlə işləyən insan azdır. Buna görə aldığım biliklər insanlara rəqəmləri çatdırmaq və faktlarla danışmaq baxımından çox karıma gəlir. 


- Niderland Marketinq İnstitutunu bitirmisiniz. Orada öyrəndiklərinizi Azərbaycanda tətbiq etmək çətin olmadı ki? 

- Hollandiya Universitetinin 3 aylıq NİMA kursunu keçmişəm. Əslində Qərbdə və bizdə hadisələrə, məsələlərə yanaşma fərqlidir. Buna görə Qərbdən gələn texnologiyaları Azərbaycanda marketinq sahəsində və s. tətbiq etmək çətin olub. Texnologiyanı Qərbdən götürüb ölkəmizdə tətbiq edəndə, əvvəlcə bunu insanlara uyğunlaşdırmaq lazımdır. Bizim mentalitet, insanlar, marketinqdən danışırıqsa istehlakçılar fərqlidir. Bu baxımdan, əlbəttə, çətindir. Amma biz orta xəttə duran insanlarıq. Biliyi yerli bazara çatdırırıq və funksiyamız onu bazara uyğunlaşdırmaqdır. 

- İlham bəy, konsaltinq xidməti göstərməzdən əvvəl karyeranızda uzun bir yol keçmisiniz. Necə oldu ki, Bakcelldə işə başladınız?



- 2001-ci ildə Bakcell şirkətinin rəhbəri tərəfindən mənə layihə meneceri vəzifəsi təklif olundu. Ancaq CV-mi göndərib iş müsahibəsini gözləyənə qədər çətin yol keçdim. İş müsahibəsi zamanı danışmaq, özünü təqdim etməklə bağlı kitab aldım. Hətta müsahibəyə gedərkən corabın uzunluğunun nə qədər olmasına qədər detalları öyrəndim. Müsahibə zamanı verilə biləcək bütün sualları həm Azərbaycan, həm ingilis dilində qeyd etdim. Sonra sualların hamısının cavablarını hər iki dildə yazdım. Daha sonra müəllim yanına getdim və müsahibəyə girənə qədər 30 gün ərzində hər gün müəllimin qarşısında təqdimat etdim. 30 gün ərzində müəllim hər iki dildə mənə müsahibə zamanı soruşula biləcək sualları verdi və mən hər gün o sualları cavablandırdım. Qeyd etdiyim kimi, təcrübə çox vacibdir. Çünki nəyi isə etmək, nəyə isə hazır olmaq üçün gərək o işi təcrübədən keçirəsən. 30 gün ard-arda müsahibədən sonra təbii ki, suallara ən yüksək səviyyədə cavab verəcəksən. Bilirsən ki, harada nə demək lazımdır, istənilən suala anında cavab verirsən. Müsahibənin nəticəsində bir çox namizədlər arasında mən marketinq departamentinə qəbul olunan və birbaşa şirkətin rəhbərinə tabe olan yeganə şəxs oldum. Gənclərimiz iş tapmaq istəyirlərsə, müsahibə prosesinə çox yaxşı hazırlaşmalıdırlar. 

- 10 il sözügedən şirkətdə çalışmısınız . Bakcelldən ayrılmağınıza nə səbəb oldu? Çünki bir şirkətdə bu qədər çalışmaq bağlılıq yaradır...

- Sizinlə razıyam. Bir şirkətdə 10 il işləyən zaman ailəyə oxşar bir mühit yaranır. Ancaq o yenə də ailə deyil. İş yeri ayrı, ailə ayrı bir şeydir. Hansısa mərhələyə çatanda münasibətlər səni tam ödəmir, sən artıq növbəti addım atmaq istəyirsən. Mənə daha yüksək vəzifə, başqa bir şirkətin bütün Azərbaycan üzrə marketinq fəaliyyətinə rəhbərlik etmək təklif edildi. Buna görə əvvəlki iş yerimi tərk etməli oldum. Amma onu da deyim ki, inkişaf baxımdan Bakcell mənə çox şey verdi. Öyrəndiklərimin çoxunu sözügedən şirkətdə qazanmışam. 

- Tanınmış, böyük şirkətlərdə işləmisiniz. Hansı xüsusiyyətlərinizə görə sizi seçiblər?

- İş görüşmələrinə gedəndə arxanda böyük bir təcrübənin olduğunu görürlər. Həm beynəlxalq şirkətlərdə, həm böyük layihələrdə, həm telekommunikasiya, həm media sahəsində, hətta hava yolları şirkətində və s. çalışmışam. Müxtəlif sahələrdə təcrübən olanda onu yeni iş yerində paylaşa bilirsən. Şirkətlər də təbii ki, bunu dəyərləndirir və səni seçirlər. 

- Müxtəlif şirkətlərdə çalışdıqdan sonra müstəqil təlimçi kimi şirkət işçilərinə təlimlər keçirsiniz. Hansı daha çətindir, şirkətdə çalışmaq, ya təlim keçmək?

- Bu, zamandan asılıdır. Karyerana başlayanda istəyirsən, səndə hansısa bir stabillik olsun, hansısa şirkətə bağlanasan, öyrənəsən. 20 il keçəndən sonra isə biliklərini paylaşmağa çalışırsan. Gənclərə məsləhətim odur ki, 30 yaşlarına qədər hansısa şirkətdə çalışsınlar. Şirkəti deyil, şirkətin rəhbərini seçsinlər. Bu, çox vacibdir, çünki biliyi hansısa sistemdən deyil, insandan öyrənirlər. 30 yaşdan sonra isə o bilikləri tətbiq edib öz biznesini qurmaq çətin deyil. 

- Şirkətlərimizdə nə çatışmır?



- Şirkətlərə gedəndə ilk verdiyim məsləhət sistem qurmağın vacibliyi ilə bağlı olur. Azərbaycanda şirkətlərin çoxu sistemsiz işləyir və normal qazanırlar. Amma problem baş verəndə iş dayanır. Məsələn, neftin qiymətinin düşməsi ilə bağlı şirkətlərdə effektivlik məsələləri ortaya çıxır. Şirkətlər effektivliklərini artırmalıdırlar. Bunun üçün potensialları çox böyükdür. 
Bizim şirkət rəhbərlərinin belə bir sözü var: “Şükür Allaha, hər şey yaxşıdır”. Düzdür, biz şükür etməliyik, amma biznes dilində danışsaq, hər zaman inkişaf üçün potensial axtarmalıyıq. Yəni hər şeyin daha yaxşı olması üçün çalışmalıyıq və növbəti mərhələlərdə hansısa çətinliklərə hazır olmalıyıq. Hazırkı çətinliklər şirkətlərin çoxuna təsir edib. Buna görə mənim işim çoxalıb. Şirkətlər sistem qurmaqda onlara yardım etməyimi istəyirlər ki, problem yaşamasınlar və müştəri bazasını artırsınlar. Təklif edərdim ki, şirkətlər öz fəaliyyətlərinə bir də baxsınlar, inkişaf etdirmək mümkün olan sahələrdə iş görsünlər. Bu işdə biznes konsultantlar öz köməyini göstərə bilər. 

- Biznesə başlamaq istəyən gənclərə məsləhətiniz. Nədən və necə başlasınlar? 

- İstənilən işə başlamazdan əvvəl onun kiçik bir modelini yaratsınlar və minimum pul xərcləsinlər. Mən hansısa şirkətə gedəndə təklif etmirəm ki, milyonlarla pul buraxıb yeni məhsulu işə salaq və pul qazanaq. Gənclərə də məsləhət görərdim ki, birinci startap modeli yaratsınlar, qısa müddət, məsələn, 1 ay ərzində onu yoxlasınlar, sonda onu analiz etsinlər. Bu zaman harada səhv buraxdıqlarını görəcəklər. Minimum itkilərlə səhvləri düzəldib böyük bir layihə hazırlayıb onu işə salsınlar. Dünya təcrübəsində bu üsuldan istifadə edirlər. Amma bizdə işə kor-koranə başlayırlar. Məhsullar yoxlanılmadan bazara çıxarılır və şirkətdə böyük itkilər olur. 

- Son ənənəvi sualımız: uğurunuzun sirri nədədir?

- İlk illərdə bunu öz genimlə bağlayırdım. Babam Mirzə Ələkbər Sabir və Mircəfər Bağırovun müəllim çalışdığı məktəbdə direktor vəzifəsini tutub, atam uzun illər zavod direktorunun müavini olub və s. Yəni nəslimizdə böyük idarəçilik təcrübəsi var. Bu gün də atamla (79 yaşı var – İ.Ə.) məsləhətləşirəm. Düzdür, məsləhətlərini müasir dildə demir, amma tapşırır ki, filan-filan şeyləri etməyim, o zavodda çalışarkən bu səhvlərə yol verib. Gendən başqa, hər zaman pozitiv olmaq lazımdır. Qərbdə pozitivlik çox inkişaf edib. İstənilən məsələdə keçmiş sovet məkanı ilə Qərbi müqayisə etsək, sovet məkanında neqativ daha çoxdur. Biz insanları cərimələrlə inkişaf etdirməyə çalışırıq. Ancaq Qərbdə problemi həll etmək üçün səni motivasiya edirlər, məsələn, təlim keçirlər. Bir sözlə, bir tərəfdən gen, digər tərəfdən pozitivlik və əzmkarlıq uğur qazanmaqda çox vacibdir.

Ən sərfəli krediti almaq üçün müraciət et