Hədəfimiz biznesi çalışdırmaqdır - Vüqar Namazov | Banco.az

Hədəfimiz biznesi çalışdırmaqdır - Vüqar Namazov

Müsahibimiz: BFB-nin İdarə heyətinin sədri Vüqar Namazov 

  • Hazırda Bakı Fond  Birjasının fəaliyyətinin əsas istiqamətləri hansılardır?

Fond birjası 2000-ci ildə təsis olunub, hazırda 20 səhmdarı və 6 üzvü vardır. Birjada ticarət birja üzvləri arasında təşkil olunur. Bizim 6 birja üzvümüz vardır, bunlar ölkənin aparıcı, qabaqcıl investisiya şirkətləridir. Bakı Fond Birjası 5 bazarda ticarəti təşkil edir. Bu bazarlar dövlət qiymətli kağızları bazarı, korporativ istiqrazlar bazarı, səhm bazarı, törəmə maliyyə alətləri bazarı və repo bazarıdır. Bu gün BFB-də təxminən 138 çeşiddə alət növü mövcuddur. Bura istiqrazların çeşidləri, səhmlər, repo alətləri, törəmə maliyyə alətləri daxildir. Təkcə törəmə alətlərinin növü 43-ə yaxındır, 32 növdə borc aləti vardır ki, onlarla ticarətin təşkil etmək olar.

Bakı Fond Birjasının əsas funksiyası qiymətli kağızların və törəmə maliyyə alətlərinin ticarətini təşkil etməkdir, bu ticarət isə birja üzvləri arasında gerçəkləşir. Əgər sektorlar üzrə bölsək, birja dövriyyəsinin təqribən 40%-i dövlət, 60%-i isə korporativ sektordan olan qiymətli kağızların payına düşür (törəmə maliyyə alətlərini saymadan). Birjanın hazırki bazar kapitalizasiyası 3,3 milyard manat təşkil edir ki, bu da qeyri neft ÜDM-in təqribən 40%-i civarında olan bir rəqəmdir.

  • Ümumiyyətlə cari ilin ilk rübünü qiymətli kağızlar bazarı baxımından necə qiymətləndirmək olar?  Keçən illə müqayisədə vəziyyət necədir?

Ötən ildə yaşanmış devalvasiya ilə əlaqədar olaraq, maliyyə sistemində yaranmış müəyyən sıxıntılar, kapital bazarlarına da öz təsirini göstərdi. Bazarın oyunçuları olan emitentlər və investorlar özlərinin müvafiq olaraq maliyyələşmə və investisiya layihələrini “gözləmə mövqeyinə” keçirdilər. Odur ki, keçən ili müəyyən mənada durğunluq dövrü adlandırmaq olar.

Lakin, bizim hal-hazırda bu çətin dönəmdən çıxmamız göz önundədir. Belə ki, ötən ilin sonlarından başlayaraq biz yenidən bazarda aktivliyi müşahidə etməyə başladıq. Misal üçün, yerli şirkətlərə etimadın yüksəlməsi və dollar faizləri üzrə müəyyən istinad həddinin müəyyənləşməsi müstəvisində SOCAR istiqrazları bazara daxil oldu. Dövlət istiqrazları bazarı aktivləşdi, Mərkəzi Bank monetar siyasətininin davamı olaraq qiymətli kağızlar bazarı alətlərindən istifadəni bərpa etdi, Azərbaycan İpoteka Fondu ipoteka istiqrazlarının növbəti tranşının emissiyası ilə ipoteka kreditləşməsini bərpa etdi. Eyni zamanda, cari ildə BFB-nin əsas bazar seqmentində olan Azərbaycan Beynəlxalq Bankı kapital bazarı vasitəsi ilə 600 mln. manatlıq kapital artımını həyata keçirdi.

Beləliklə, məzənnə fonunda yaranmış durğunluq kapital bazarlarının özəlliyini ortaya çıxartı. Nəticədə bir çox bazar iştirakçıları və potensial investorlar kapital bazarlarını yenidən kəşf etdilər və bu proses hal-hazırda da davam etməkdədir. Burada əsas məsələ kapital bazarlarının alternativ və diversifikasiya olunmuş maliyyələşmə mexanizmləri təklif etməsidir.

Cari ilin birinci rübündə bizim dövriyyələrimiz, keçən ilin ümumi dövriyyəsinin təqribən 35%-ni təşkil edir. Birinci rübdə bizim dövriyyəmiz 2 milyard manat civarında olub ki, bu da keçən ilinin 35% həcmindədir. Tendensiya yüksəliş və artıma doğru gedişdən xəbər verir.  Şirkətlərin artıq çətin və böhran dövründən çıxmaq rüşeymləri görünür. Biz yavaşımış olan proseslərin yenidən bərpa olunmasını və bunun fonunda yüksəliş xəttini tutmasını görürük.

  • Cari ildə BFB-nın fəaliyyətində hansı yeniliklər gözlənilir?

Azərbaycanın müasir kapital bazarının inkişafını mən üç mərhələyə bölərdim.

Birinci mərhələ, özəlləşdirmə və post özəlləşdirmə dönəmi – bu mərhələdə təməllər qurulmağa başladı və özəlləşmə prosesi start götürdü, müəyyən kollektiv sahiblik ənənələri formalaşmağa başladı, kapital bazarları alətləri yarandı, başlıca bazar infrastrukturları quruldu.

İkinci mərhələ, institutlaşma mərhələsidir ki, mən onun sonunun 2016-ci ilə qədər olmasını qeyd edərdim. Bu mərhələ ərzində Azərbaycan kapital bazarlarının hüquqi və texniki bünövrəsi möhkəmləndirildi, bir çox bazar əhəmiyyətli institutlar təsis edildi, bazarın dayanıqlığının təmin edilməsi istiqamətində ciddi irəliləyişlərə nail olundu. 2016-ci ildə biz Azərbaycan kapital bazarının həm texniki, həm də hüquqi tərəfini formalaşdırmış olduq. Eyni zamanda, güclü və təcrübəli insan kapitalı formalaşdırdıq. Qeyd edim ki, 2016-ci ilin yanvarında, qiymətli kağızlar bazarı haqqında qanun qüvvəyə mindi. Bu qanun ilk dəfə olaraq, qiymətli kağızlar bazarında dair bütün normativ hüquqi çərçivələri özündə birləşdirdi. Bütün maliyyə sistemin işinin effektivliyini təmin etmək məqsədi ilə bank, sığorta və investisiya xidmətləri üzərində nəzarət birləşdirilərək “meqa requlyator” -  Maliyyə Bazaralrına Nəzarət Palatası yaradıldı.

Ötən il, biz nəzarət orqanının dəstəyi ilə böyük bir layihəni uğurla bitirərək, Azərbaycan kapital bazarlarının vahid inteqrasiya olunmuş ticarət və ticarət sonrası sistemini qurduq. Bilirsiniz ki, kapital bazarlarının əsası, canı, nüvəsi elektron ticarət platformalarından ibarətdir. Bunu təşkil etmək üçün vasitə fond birjasıdır. Fond birjası alan və satanı bir biri ilə görüşdürən məkandır. Birjanın funksiyası isə alan və satanlar arasında fond axınlarının hərəkətini asan, sürətli, şəffaf və ədalətli şəkildə təmin  etsin. İzafi vəsaitləri olan və vəsaitə ehtiyacı olanlar arasında həmin mübadiləni ən optimal  və sürətli şəkildə təşkil etsin. Biz həmin texniki hissəni qurmaq üçün dünyanın ən öndə gedən bazarlarından biri Koreya Fond Birjasından ticarət platformasını aldıq, hüquqi çərçivələri isə Avropa direktivləri əsasında qurduq.

İndi əminliklə deyə bilərik ki, qabaqcıl və dayanıqlı təşkilati, hüquqi və texnoloji resurslarımız, potensial gücümüz var.  Yəni, bu günədək biz bazarın bünövrəsini qurmuşuq və indi əsas məqsəd bu resurslardan effektiv istifadə edərək biznesi işə salmaqdır.

Üçüncü mərhələnin astanasında, 2017-ci il və onun davamı olaraq, növbəti illərə hədəfimiz biznesi çalışdırmaqdır. Biznesin də çalışdırılmasının prioritetləri ondan ibarətdir ki, ilk öncə fond birjasında listinqi qabağa aparmaq lazımdır. Biz bu tədbirlərə ötən illərdən başlamış olsaq da bu il daha aktiv fazaya qədəm qoymuşuq.

Çünki, böhran bizə onu göstərdi ki, bəzi hallarda ənənəvi alətlər özünü doğrultmur. Bu gün istər hüquqi, istər fiziki şəxslərdən ibarət müəyyən bir investor qrupu formalaşıb ki, onların izafi vəsaitləri var, digər bir qrupa isə həmin vəsaitə ehtiyac duyanlar daxildir. Bu günə qədər həmin vəsaitin bir qrupdan digərinə hərəkətini təmin edənlər isə banklar olmuşdur. Hazırda isə banklar mövcud risklərin idarə olunması prinsipləri, yeni standartlardan irəli gələrək bu funksiyanı əvvəlki məcrada yerinə yetirə bilmir. Bunun isə obyektiv səbəbləri vardır. Banklar əgər əvvəl depozit kimi cəlb etdikləri vəsaiti daha sərbəst paylayırdısa, bu gün krizis menecment dövründə daha ciddi və daha fundamental tələblər bankların qarşısına qoyulub. İnvestorlar da portfellərini diversifikasiya etmək zərurəti qarşısındadır. Əgər mən investoramsa və bütün vəsaitimi yalnız bir və ya bir neçə bankda saxlayırsamsa, deməli mən risklərimi düzgün bölüşdürməmişəm. Və sistem riskindən özümü sığortalamamışam.

Bu gün kapital bazarlarının inkişafı üçün təbii mühit formalaşıb. Əgər əvvəllər biz müxtəlif şirkətləri maarifləndirmək yolu ilə kapital bazarlarına cəlb etmək istəyirdiksə, bu gün bazarlara çıxmaq artıq onlar üçün bir zərurətə çevrilib. İndi artıq şirkətlər onlara lazım vəsaitlərini bir qismini bankdan almaq haqqında düşünəndə, digər qismini kapital bazarlarından cəlb etməyi düşünür.

İnvestorlar da əgər indiyə qədər bütün vəsaitlərini bank yatırırdısa, bu gün onların bir hissəsini kapital bazara yatırmağın labüdlüyünü anlayır.  Ona görə fiziki şəxslər belə istiqraz bazarlarına meyl edir. SOCAR istiqrazlarını alır, dövlət istiqrazları ilə maraqlanır, bizə müraciət edir ki, maraqlı yeni alətlər olanda onları məlumatlandıraq. Sığorta şirkətləri bu gün bazarın aktiv iştirakçısına çevrilib, sığorta şirkətlərində kapitallaşma gedir. Bu gün biz özəl şirkətlərin investisiyalarının bir qisminin kapital bazarlarına yönəldilməsinin şahidi oluruq. Bu istiqamətdə birjanın ən əsas rolu isə ilk növbədə maarifləndirmə və bu üstünlüklərini insanların diqqətinə çatdırılmasıdır. 

Odur ki, birinci vəzifə listinqin canlanmasıdır. Biz artıq şirkətləri kapital bazarlarına şövq etməliyik. Vəsait cəlb etmək dedikdə artıq şirkətlər ilk olaraq, ağıllarına kapital bazarları gətirməlidir. Bunun üçün şirkətin maliyyə hesabatlarını düzgün dərc etməsi, korporativ idarəetməni düzgün qurması, gəlir və xərclərinin düzgün idarəetməsi tələb olunur və günü gündən belə şirkətlərin sayı artır. Biz də istərdik ki, həmin şirkətləri fond vasitəsi ilə investorlara təqdim edək. Biz hazırda tikinti, kənd təsərrüfatı, istehsalat sahələrində böyük potensial və uğura yönəlik addımlar görürük.

İkinci vəzifə isə effektiv maliyyələşmə mexanizmlərin, alətlərin qurulmasıdır. Bəzən bazar üçün gərəkli olan alətlər göz önündədi, sadəcə bu alətləri  tələbin xüsusiyyəltərini uyğun sistemləşdirmək və təqdim etmək lazımdır. Yəni həmin alətlər üçün müraciət edən müştərilərə düzgün seçimlərin təklifidir ki, bu zaman da əsas iş bizim üzvlərin, birja iştirakçıların üzərinə düşür ki, çoxsaylı alətlərdən müştəriyə məhz lazım olanı təqdim edə bilsin, istər bu müştəri fərdi investor olsun, istər də  kapital cəlbinə ehtiyac duyan şirkət.  Ona görə də lazımı mexanizmlərin qurulması digər prioritetdir. 

Üçüncü prioritet bazara olan etimadı, zəruri bilik və bacarıqları təmin etməkdir.

  • Cari ildə manatın nisbətən stabilləşməsi qiymətli kağızlarla aparılan əməliyyatların həcminə təsir göstərirmi?

Stabilləşmə göz qabağındır, manatın möhkəmlənməsini görmək olar. Biz artıq bazarda da ona uyğun canlanma hiss edirik.Yeni istehsalatlar açılır, yeni məhsullar dövriyyə buraxılır, eyni zamanda banklar yeni alətlər və məhsullar yaradır, investisiyaların həcmi günü gündən artır və stabilləşmə fonunda bazar üzvlərinin bir-birinə inamsızlığının aradan qalxdığı hiss olunur. Sevindirici haldır ki, biz bu staqnasiya dövründən çıxdıq.

  • Hal-hazırda BFB-yə İPO üçün müraciət edən şirkət varmı? 

İstənilən bir yeniliyin olması üçün – səbəb, məqsəd və niyyət üçlüyü olmalıdır və bunun üçün mühit formalaşmalıdır. Biz deyə bilərik ki, İPO üçün bu gün bizdə mühit formalaşıb, amma bunun üçün niyyət yoxdur. Paradoks da elə bundadır.

İPO üçün infrastruktur və texniki baza vardır. Biz bu baza üzərindən artıq SOCAR istiqrazlarının kütləvi təşkilini təmin etdik. Biz istiqrazların bu təklifini bütün dünyada mövcud olan ilkin kütləvi təklif mexanizmi üzrəindən etdik. Odur ki, bunu “istiqrazın İPO-su” adlandıra bilərik.

İnsanlar ASAN xidmət mərkəzlərinə ya müəyyən bankların filiallarına gedərək, sifarişlərini verib, istiqrazlarını alırdı. Biz bu xidmət zəncirini qura bildik, burada həm birjanın, həm nəzarət orqanının, həm investisiya şirkətlərinin, həm milli depozit mərkəzinin kollektiv işi ortaya gəldi.

Görünən odur ki,  İPO üçün mexanizm mövcuddur. Hüquq və texniki əsaslar, təşkilatı xəritə, biznes proses var, indi qalıb səhmlər üzrə bunu  işə salmaq, bunu etmək üçün isə şirkətin qərarı və niyyəti olmalıdır.

İPO şirkət üçün həm də bir PR aləti ola bilər. Əgər hər hansı bir şirkətin səhmdarıyamsa, bu mənim həmin şirkətin bu və ya digər məhsulunu almağıma, alıcılıq qabiliyyətimə də təsir edir. Güman edirəm  ki, şirkətlər bunu bilir, dərk edir. Şirkətlərimizdə nüfuzlu ali məktəblərdə təhsil almış və biliklərini artırmış gənclərimiz yer almaqda davam edir  və onlar artıq alternativ maliyyələşmənin əhəmiyyətini dərk edir.

Biz şirkətə bunun zəruriliyini izah edirik və əvvəlki tək borclanma imkanlarının azalmasını şirkətlər də anlayır. Qərar şirkətdən  asılıdır, biz şirkəti məcbur edib, zorla İPO-ya gətirə bilmərik, bu bazar prinsiplərinin əleyhinə getmək olardı.  Amma bunun  istiqamətində aktiv işlər gedir. Cənab prezidentin imzaladığı maliyyə xidmətlərinin inkişafına dair strateji yol xəritəsində mühüm sektordan olan beş şirkətin listinqə çıxması qeyd edilib. Bu gün qarşımızda baş verən hadisələrdə onu göstərir ki, çox yaxın bir zamanda biz artıq şirkətlərinin kütləvi təşkilinin şahidi olacağıq.

  • BFB maliyyə cəlb etmək istəyən start-uplara necə kömək edə bilər?

Bizim startuplar bazara yeni qədəm qoyan oyunçulardır. Biz startupları necə formalaşdırsaq, onlarda hansı ənənələr yaratsaq onlar böyük şirkətlərə çevrildikcə bu ənənələri davam etdirəcək. Ona görə də biz düşünürük ki, onların kapital bazarları , maliyyə bazarları ilə ağlı biliklərin əldə edilməsi, bazarla tanışlıq çox vacibdir, olsun ki, onlar ilk mərhələdə kapital bazarında vəsait cəlb etmir, amma bilsinlər ki, kapital bazarlarınaa gələcəkdə çıxa bilərlər. Həmin vaxta qədər şirkəti yetişdirmək, inkubator rolunu oynamaq lazımdır. Ona görə də Yüksək texnologiyalar  parkı ilə birlikdə listinq məsləhəti proqramını (LAP-Listing Advising Program) çərçivəsində start-up şirkətlərlə dialoq qurduq.

Listinq məsləhət proqramının məqsədi şirkətlərə partnyorlar vasitəsi ilə sıfırdan kapital bazarları ilə işləməyin yolunu öyrətməkdir.  Buarada şirkətlərə ödənişsiz əsaslarda kapital bazarların üzrə zəruri maliyyə, hüquq, investisiya və təşkilatlanma məsləhətləri verilir. Startuplar bu proqramın təklif etdiyi imkalnlardan faydalana bilərlərlər.

Bizə qoşulmaq istəyən startuplar üçün qapılarımız açıqdır. Eyni zamanda bizim üzvlərimiz, məsələn AzFinance investisiya şirkəti startuplara dəstək baxımından aktivlik nümayiş etdirmiş, müxtəlif müsahibələr keçirmişdir.

  • Son olaraq, 2017-ci ilin əsas trendləri hansılardır?

Biz bazarın infrastrukturunu qurmuşuq, bundan sonrakı illər bizim üçün biznesin çalışdırılması dövrü olmalıdır bura listinqin canlandırılması, bilik və maarifləndirmə də aid edilməlidir. Təşviqatla bağlı biz universitetlər ilə də aktiv fəaliyyət göstəririk, indidən investor və emitent düşüncə tərzinin, fəlsəfəsinin aşılanması üçün işləyirik.

Şirkətlərin İPO etməməsinin səbəblərindən də biri odur ki, bir çox şirkətlərdə sahiblik düşüncə  tərzi, korporativ idarəetmə fəlsəfəsi formalaşmalıdır. Bu strateji yol xəritəsində də qeyd olunub. Şirkətin 20%-nin satılması hələ o şirkət üzərində nəzarəti itirilməsi demək deyil. Əgər şirkətin 80%üç investora məxsusdursa, onun 20%nin 600 investora məxsus olması kontrolun itirilməsi deyil, bu əksinə portfelin diversifikasiyasıdır. Şirkət barədə məlumatların böyük kütlələrə dağıdılmasıdır. Bu şirkətin şəffaflığı, sabah beynəlxalq bazarla çıxması, əlavə vəsait cəlb etməsi, gündəmdə qalması üçün bir şansdır. Ona görə biz şirkətlərlə paralel, bir neçə ildən sonra şirkət rəhbərlərinə çevriləcək gənclərimizə hədəflənmişik, bu sahədə bizim ADA universiteti ilə, Azərbaycan Dövlət İqtisadiyyat universiteti ilə sıx əməkdaşlıq edirik.

Həmçinin biz kapital bazar alətlərinin müştərilərə son dərəcədə yaxın olmasını təmin etməliyik. Necə ki, müştərilər telefonları ilə kredit sifariş edə və ya sms ilə hesabları haqqında məlumat ala bilirsə, kapital bazarlarının da alətləri onlara eyni dərədə də yaxın olmalıdır. Hal-hazırda biz bu imkanları bazar iştirakçıları və üzvlərimiz üçün təyin etmişik. Amma son hədəf  bütün müştərilərə yaxın olmaq, hətta regionlardakı insanları belə əhatə etməkdir. 

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et