Gərək gözünü heç zaman öz arzu və missiyalarından çəkməyəsən - Fərid İsmayılzadə | Banco.az

Gərək gözünü heç zaman öz arzu və missiyalarından çəkməyəsən - Fərid İsmayılzadə

Fərid İsmayılzadə, GoldenPay ASC-nin Təsisçisi və İdarə heyətinin sədri

Xaricdə təhsilinizdən başlayaq. Bu ideya necə yarandı? Təhsiliniz sizin həyatınızda nəyi dəyişdi, sizə nələri verdi?

1999-cu ildə 15 yaşımda Bakı Dövlət Universitetində “Beynəlxalq Münasibətlər” fakültəsinə daxil olmuşdum. Məktəbə tez getdiyim üçün onu daha tez bitirmişdim. 1998-ci ilin yay aylarında elə hələ məktəbdə ikən ingilis dilləri kursuna görə İngiltərənin Oksford şəhərinə getmişdim.

O vaxtdan universiteti xaricdə oxumaq arzusuna düşdüm. BDU-da oxuyarkən universitetdə bir Məlumat Mərkəzi vardı. Ora işə düzəlmişdim. Məndən əvvəl orda işləyən isə Türkiyənin Bilkənt Universitetinə oxumağa getmişdi. Qış tətilində həmin oğlan Bakıya gəlmişdi və bizim mərkəzi ziyarət etmişdi. Onunla mərkəzdə tanış oldum, Bilkənt barədə məlumatlar aldım, sonra ora sənədlərimi göndərdim və beləcə, həmin universitetə transfer aldım. Bilkənti də əla qiymətlərlə bitirdim.

Bizim kimilərinə Türkiyədə “inək” deyərdilər. Gecə gündüz oxuyardım.

Amma həyatımı, deyərdim, əslində Amerikadakı təhsilim dəyişdi. Bilkəntdən məzun olanda hiss etdim ki, siyasət və ya diplomatiya mənlik deyil.

Ömrüm boyu həmişə kompüterə, texnologiyaya və yeniliklərə həvəsim olub.

Onsuz da diplomatiyanı oxumaq valideynlərimin seçimi idi. 15 yaşımda bundan çox elə başım çıxmırdı. Bilkəntdən məzun olmağa 6 ay qalmışdı ki, Amerikanın Silikon Vadisində yerləşən San Jose State University-də oxumaq imkanı yarandı.

Universitetə sənədlərimi göndərib ora qəbul oldum. Yaxşi ki, təhsilimi dəyişdim. Amerikada amma “inəklik” etmirdim. Dərslərdən əlavə dünyanın ən böyük tələbə təşkilatı olan AİESEC-ə üzv idim və ona çox vaxt ayırırdım. Deyərdim ki, indiki Fəridin formalaşmasında bu təşkilatdakı təcrübəmin rolu çox böyükdür. Həm Silikon vadisində yaşamanın verdiyi enerji, təcrübə, həm də AİESEC-dəki fəaliyyətim həyatımı dəyişdi. Türkiyədən ayrılanda elə də çox sərbəst, innovativ, risk almağı sevən biri deyildim. Həyat məqsədlərim, düşüncə tərzim də çox elə formalaşmamışdı. 2006-cı ildə Bakıya qayıdanda isə arzuları olan, gözünə heç bir çətinlik görünməyən, öz düşüncələri və fikirləri olan birisiydim. Demək istədiyim odur ki, xaricdə təhsilim elmi biliklərdən daha çox, mənim insan kimi formalaşmamda böyük rol oynamışdır.

Bir də deyim ki, xaricdə olanda daha çox vətənpərvər olursan məncə...

İlk dəfə şəxsi biznes qurmaq fikrinə nə zaman düşmüsünüz? Necə oldu start-up yaratmaq qərarına gəldiniz? Buna qədər hansı sahələrdə təcrübə toplamağa müyəssər olmuşdunuz?

Əslində Amerikaya gedəndən şəxsi biznesim olsun istəmişəm. Çünki korporativ bir xasiyyətim yoxdur. Kiməsə tabe olmağı çox da sevmirəm.

İnnovativliyi, sərbəstliyi və riski sevirəm.

Şəxsi biznesi ilk dəfə Bakıda qurdum. Ona qədər Amerikada, Ukraynada və Misirdə müxtəlif şirkətlərdə işləmişdim. Heç biri ürəyimcə deyildi. 2006-cı ildə Bakıya Bakutel ərəfəsində gəlmişdim. Baxdım gördüm ki, dünyada internetdə milyardlar qazananda bizdə - Azərbaycanda internet ancaq kontent, sosial şəbəkələr və forumlar üçün istifadə olunur. Onda dedim ki, internet biznesi qurub həm pul qazanmağın, həm də ölkəmizə bir yeniliyin gətirilməsinin vaxtıdır.

İnternet biznes üçün internet ödəmə sistemi lazım idi. Beləcə GoldenPay ideyası yarandı.

Bu sahədə qarşınıza çıxan əsas çətinliklər hansılar oldu?

Əslində hamı elə bilir ki, çətinlik deyəndə mən Azərbaycandakı bəzi reallıqlardan -  insanların nağd pula öyrəşməməsindən və ya investisiya tapılmasında olan çətinliklədən danışacağam. İnanın GoldenPay olaraq, bizim belə çətinliklərimiz olmayıb.

Əsas çətinliyi biz online ödəməni təklif etdiyimiz şirkətlərlə yaşadıq. Onlayn ödəmələr həmin şirkətlərə çox sərf etsə də, onların xərclərini azaltsa da, müştərilərə daha rahat xidmətlər göstərmək imkanı versə də, həmin şirkətlər ilə müqavilə bağlamaq və sonra onlarla birlikdə internet ödəmələri və ya internet xidmətlərini inkişaf etdirmək müşkül məsələyə çevrilmişdi.

Məsələn, biz mobil operatorlara 3-5% qənaət etmək imkanı veririk. Bu gün onlarda 90% balans yükləmələri ödəmə kartları və ya ödəmə köşkləri vasitəsi ilə gerçəkləşir. Biz bu cür ödəməkdən daha sərfəli, yəni ucuz xidmət təklif etsək də, yalnız keçən ildən etibarən bəzi mobil operatorlar ilə xüsusi layihələr etməyə başladıq. Onların biri ilə etdiyimiz layihələrdən sonra internet ödəmələr dövriyyəsi iki dəfə qalxdı.

Yəni “bizim insanlarımız internet ödəmələrə hazır deyil”, “bizimkilər maaşı alan kimi kartdan çəkməyə qaçır” və s kimi bəhanələrə inanmıram.

Elə bilirsiniz ki, amerikalılar buna hazır idi? Elə oturub, internet ödəmələri gözləyirdilər? Ölkəmizdə bu gün 5,6 milyon kart var. Bunlardan 1,1 milyonu əməkhaqqı kartıdır. Düzdür, kart sahibləri əməkhaqqını aldıqdan sonra dərhal onu nağd vəsait kimi kartdan çıxarmağa çalışır və biz istəyirik ki, onlar bu vərdişdən imtina etsinlər. Kartlarında kommunal, mobil və digər aylıq ödəmələr üçün yetərincə pul saxlayıb, kompyuter və ya telefon vasitəsi ilə rahatca ödəniş etsinlər. Onsuzda kommunal ödənişi və ya mobil ödəməni həyata keçirmək üçün onlar poçt, bank, ödəmə kartı və ya ödəniş terminalı axtaracaqlar. Ödənişi internetlə etsələr daha rahat olmazmı?Amma bu vərdişi dəyişmək təkcə Goldenpay üçün çətindir. Ödənişi qəbul edən şirkətlər də bu işdə bizə yardımçı olsalar, proses daha çox sürətlənər.

Yenə də deyirəm, keçən il bir mobil operatorla etdiyimiz xüsusi aksiyalar bunu sübut etdi.

Bu gün bank kreditlərini də online ödəmək olur. Bir çalışırıq ki, banklarla bu sahədə birgə çalışaq. İnsanlarımız əməkhaqqını bir bank kartında alır, gedib onu bankomatdan çəkir, sonra digər bir bankın filialına gedib ödəyir. Biz istəyirik ki, onlar bütün bu proseslərin əvəzinə elə pulu kartdan çəkmədən, öz evində və ya iş yerində internet vasitəsilə ilə kredit ödənişini etsinlər.

Demək istəyirəm ki, bizim çətinliyimiz insanların maariflənməsində ödəmməni qəbul edən şirkətlərlə birgə əməkdaşlıqdadır, nəinki digər bəhanə hesab etdiyim məsələlər. Axı bu əməkdaşlıq prosesi çox daha sürətləndirir. Düzü dəyişikliklər az da olsa var. Artıq biz ikinci bir mobil operator ilə internet ödəmələri inkişaf etdirmək üçün xüsusi bir layihəyə başlayırıq.

Məncə, bu gün ölkəmizdə, gözəl ideya, investisiya, dəstək tapmaq çətin deyil. Xüsusən də, İKT sahəsində. Start-uplara dəstək həm dövlət səviyyəsində, həm də bizneslər vasitəsi ilə yüksəkdir. İKT fondu, Yüksək texnologiyalar zonası, start-up həftələri haqqında eşitməmiş olmazsınız.

Təki ideya və onu yüksək səviyyədə həyata keçirə bilən insanlar olsun

Əgər Start-up-ların inkişaf mərhələləri baxımından yanaşsaq, bu gün GoldenPay/Hesab.az özünün hansı dövrünü yaşayır? Ümumiyyətlə, bu layihənin ideya kimi yaranması və təşəkkülü haqqında danışardınız.

Deyərdim ki, indi keçid dövrünü yaşayırıq. Hər bir start-up bəlli bir müddət sonra korporativləşir. Bu Facebook-un, Google-un da başına gəlib. Onlar böyüyür, birjaya səhmlərini satışa çıxarır, idarə heyətləri yaradır, bürokratikləşir. Biz indi start-updan korporativə keçid dövründəyik.

İdeyanın yaranması və təşəkkülü barədə qısaca onu deyim ki, ideya 2006-da Bakutel-də yarandı. Əslində online ödəmələrdən daha çox online xidmətlər portalı yaratmaq istəyirdim. İlk öncə elə şirkətləri onlayn ödəmələrə qoşduq. Gördük ki, şirkətlər bunu inkişaf etdirməkdə elə də maraqlı deyil. Onda, hesab.az-ı yaratdıq. Özümüz başladıq onu inkişaf etdirməyə. Ağızdan-ağıza, reklamdan-reklama bu günə gəlib çıxdı.

İndi hesab.az-ın 115 min istifaadəçisi var. Ən böyük portallardan biridir. Milyonlarla AZN bu gün portal vasitəsi ilə ödənilir. Hər ay dayanmadan böyüyürük

GoldenPay/Hesab.az-ın gələcək planları hansılardır? İstifadəçiləri hansı yeniliklər gözləyir?

GoldenPay olaraq biz artıq şirkətlərin saytlarında online ödəmələrin qurulmasından daha çox, öz hesab.az portalımızın inkişafında maraqlıyıq. Biz indi hesab.az-ı online ödəmələr portalından online xidmətlər portalına çeviririk. Artıq portalımıza müştərilər təkcə online ödəmələr üçün deyil, digər xidmətlər əldə etmək üçün də gələcəklər. Məsələn, sığorta almaq üçün (Bu xidmət artıq var). Avtomobil üçün. İcbarı sığortanı və ya səyahət sığortasını müştərilər artıq rahat şəkildə portaldan əldə edə biləcək.

Təxminən 1 ay sonra kinoteatrlarımızdan birinə hesab.az-da bilet almaq mümkün olacaq. Yayın sonunda isə elektron cüzdanımız yaranacaq. Qısası, bütün ağlınıza gələ biləcək xidmətlər bir portalda cəmləşəcək. Arzumuz budur. İPO qabağı isə bütün sənədlər və məlumatlar daha detallı şəkildə hazırlanıb sayta yerləşdiriləcək. Orada ən önəmli sənəd isə bizim növbəti 3-5 il üçün planımız olacaq.

İPO-dan söhbət düşmüşkən, sizin şirkət ölkədə ilk dəfə İPO (səhmlərin açıq yerləşdirilməsi) həyata keçirəcək? Bu sahədə birinci olaraq, hansı hissləri keçirirsiniz?

Doğrudur, 2013-cü ilin dekabr ayının 5-də biz İPO etmək fikrində olduğumuzu bəyan etdik. Açığı, hal-hazırda bununla bağlı heç bir hissim yoxdur. Biz artıq bu məsələ ilə bağlı 100 min AZN-ə yaxın vəsait sərf etmişik. Proses isə hələ də davam edir. Çox əziyyətlidir, 1-ci olmaq xüsusi ilə. Bu işdə Bakı Fond birjasının, broker və auditorumuzun da zəhməti böyükdür. Adicə, MMC-dən (məhdud məsuliyyətli cəmiyyət) ASC-yə (açıq səhmdar cəmiyyət) çevrilmək prosesinin özü belə yetərincə uzun çəkdi. Çox güman ki, İPO olduqdan sonra sevincli olacağam. Amma indi düzü heç bir hiss keçirmirəm. Bircə onu deyə bilərəm ki, bizdən sonra ölkədə İPO keçirmək fikrinə düşən bir şirkətə bu iş daha rahat gələcək.

Uğurlu İPO-dan sonra fəxr edəcəyimə əminəm. Çünki bunun maliyyə bazarına, ölkəmizə və start-uplara gözəl nümunə olacağına inanıram.  

Necə hesab edirsiniz, start-up qurmaq istəyən hər bir insanın oxumalı olduğu kitab və ya görməli olduğu “film” hansılardır? Yəni sizə bir zamanlar stimul verən bir mənbə olubmu?

Sözün düzünü desəm, bəlkə də güləcəksiniz, amma mən fantastik fimlərə baxmağı çox sevirəm. Onlar mənə həmişə ideyalar verir. Yəni, o filmlərdəki  texnologiyaları, imkanları əgər təsəvvür etmək mümkündürsə, deməli, nə vaxtsa həyata keçirmək də mümkün olacaq.

Kitablar ilə bağlı isə deyim ki, məşhur və müvəffəqiyyət qazanmış insanların həyatları haqqında yazılmış kitabları oxumağı tövsiyyə edərdim. Onlardan öyrənəcək çox şeylər var. İnşallah bir gün Stiv Cobs kimi mənim haqqımda da əsərlər yazılar, kitablar dərc olunar, kimlərsə oxuyar, faydalanar. Görək, o qədər önəmli iz qoyub gedə biləcəyikmi?

Ən çətin məqamlarda özünüzü necə motivasiya edirsiniz?

Gözəl sualdır. Düzünə qalsa, özümü missiyam ilə motivasiya edirəm. Hər birimiz doğulur və ölürük. Doğuluş və ölüm arasındakı zamana həyat deyilir. Bizə ruh və şüurun verilməsi elə-belə deyil. Hər birimizin bir məqsədi və həyatda missiyası vardır. Ola bilsin ki, kimsə hələ həyatda öz missiyasının nə olduğunu dərk etməyib. Həyatımızda bitməzdən öncə görməli olduğumuz işlər var. Mən öz missiyamın nə olduğunu bilirəm və həmişə ruhdan düşəndə, yorulanda, özüm onu yadıma salıb güclənirəm. İnşallah, arzularıma çatmaq mənə qismət olacaq.

Gərək gözünü heç zaman öz arzularından və missiyalarından çəkməyəsən

Start-up yaratmaq istəyən, lakin ilkin maliyyə çətinliyi olan gənclərə necə kömək etmək olar? Hansı sahədə yenilik etmək istəyənlərə öz dəstəyinizi təklif edə bilərsiniz?

Məncə ölkəmizdə bu işin ən asan hissəsi elə maliyyədir.

Əsas ideyanı həyata keçirməyi bilməkdir. Bunun üçün komandanın olması önəmlidir. Məsələn, mənim müavinlərim məni ideal olaraq tamamlayır. Üzdə olan mənəm, amma onlar olmasaydı, indi  GoldenPay olmazdı.

Əgər ideyanı reallaşdıra biləcəyinizə əminsinizsə, onda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında İKT Fonduna baş vura bilərsiniz. Venture kapital şirkətlərinə də müraciət etmək olar. Bazarda artıq bir neçə belə şirkət mövcuddur. Həqiqətən də maliyyə önəmli deyil.

Bir də pul olan kimi həmən qaçıb super şərait, super ofis, özünə kabinet, şirkətə maşın, yüksək maaş və s. lazım deyil. Bu zaman sizə verilmiş pulu tez itirə bilərsiniz. Pulla daha diqqətlə rəftar lazımdır, ekonomiya ilə xərcləmək lazımdır.

Qaldı ki, mənim start-up-çılara dəstək göstərməyimə, mən və şirkətimin üzvləri daima start-up-lara dəstəyik. Təlimlərdə, forumlarda və ya konfranslarda aktiv iştirak edirik. Çox zaman “Start-up weekend”-lərinin, müsabiqələrinin jüri heyətində olmuşam. Əlimizdən gəldiyi qədər öz təcrübəmizi onlarla bölüşürük.

Yeni biznes yaradan insanlara, əsasən də elektron məkanda yaradılan bizneslərə ən vacib məsləhətiniz nə olacaq? Sizcə, bu sahədə nəyi qətiyyən etmək olmaz?

Qısa şəkildə deyəcəyəm: İdeyalarına inansınlar və ruhdan düşməsinlər. Beyinlərini həmişə o işin uğuru yolunda işlətsinlər. Mütləq bir şeylər alınacaq. İnam, zəhmət və istək olandan sonra qalan məsələlər öz-özünə həll olunacaq. Buna bəzən “the secret”  və ya “american dream”  deyirlər. Amma mən yoxlamışam, bu mümkündür. Çox çətin ola bilir bəzən, amma mümkünsüz deyil. Birdə mütləq yaxşı komanda və partnerların olmalıdır. Gözəl bizneslər tək qurulmur.

Banco.az-ı izləyirsinizmi? Saytımız haqqında fikirləriniz və istifadəçilərə tövsiyələriniz varmı?

Səmimi olsam, saytları çox oxumuram. Nettrends-dən istifadə edirəm, mənə lazımı məlumatlar özü gəlir. Ona görə də saytları çox izləmirəm, amma sizin saytda bəzən məni maraqlandıran məqalələr olur. Əlbəttə ki, onları oxuyuram. Xəbərlər isə özü “e-mail”-imə gəlir.

Könül Soltanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et