Yeni qiymətləndirmə sistemi islahatların səmərəliliyini artıracaq | Banco.az

Yeni qiymətləndirmə sistemi islahatların səmərəliliyini artıracaq

Kənd təsərrüfatında kreditlərlə bağlı risklərin yeni, innovasiyalı dəyərləndirmə mexanizmi sayəsində yerli banklar üçün fermerlərə və aqrar şirkətlərə kredit ayırmaqla bağlı daha geniş imkanlar açılır. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Frankfurt Maliyyə Menecment Məktəbi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyilə hazırlanmış Azərbaycan Aqrar Kreditlərinin Dəyərləndirmə Sistemi (AzALES) bütün taxıl və heyvandarlıq məhsullarını əhatə etməklə kreditorlara mövcud riskləri daha dolğun qiymətləndirmək, sorğuları daha tez cavablandırmaq, kiçik fermer təsərrüfatlarının kredit almasını asanlaşdırmaq üçün münbit zəmin yaradır.

AYİB-nin məlumatında göstərilir ki, Azərbaycanda aqrosənaye sahəsinin çox böyük potensiala malik olmasına baxmayaraq, uzunmüddətli, etibarlı, ucuz başa gələn maliyyənin xüsusilə də ucqar bölgələrdə fermerlər üçün, habelə əmlak girovu qoymadan çətin əldə edilməsi üzündən bu sahənin inkişafı ləngiyir.
“Aqrobiznes kreditlərini dəyərləndirmək üçün banklara daha səmərəli sistemin təqdim olunması bu sahədəki xidmətlərin səviyyəsini yüksəltməyə kömək edəcək. Azərbaycanın maliyyə və aqrar sektorlarında hökumətin həyata keçirdiyi islahatların daha səmərəli nəticələrə gətirib çıxarmasına yeni sistemin müsbət təsiri olacağı gözlənilir”, - deyə AYİB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri İvana Duarte bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunub ki, AzALES Kənd Təsərrüfatı Nazirliyi nəzdində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən mərkəzləşdirilmiş qaydada istifadə edilərək dəstəklənəcək. Nəticədə maliyyə təşkilatları dürüst məlumatlara əsaslanaraq şəffaf və səmərəli üsulla aqrar kreditlər ayıracaq, həm də belə kreditlər ifrat borclanmanı istisna edən şərtlərlə veriləcək.

2014-cü ildə AYİB tərəfindən Türkiyədə də tətbiq edilən buna bənzər TARDES çərçivəsində indiyədək məcmu olaraq 2,6 milyard avro məbləğində aqrar kreditlərlə bağlı 460 min ərizə müsbət cavablandırılıb. Nəticə olaraq, aqrar sektorda problemli kreditlərin çəkisi də azalıb.

Xatırladaq ki, AYİB 2013-cü ildən etibarən Azərbaycandakı müxtəlif aqrar şirkətlərə 50 milyon avroyadək məbləğdə kreditlər ayırıb.

Ən sərfəli krediti almaq üçün müraciət et