Yeni nəsil nəzarət-kassa aparatları uçot sistemində üstünlüklər yaradacaq | Banco.az

Yeni nəsil nəzarət-kassa aparatları uçot sistemində üstünlüklər yaradacaq

Yaxın vaxtlarda Azərbaycan ərazisində yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqinə başlanılacaq. İqtisadçı-ekspert Qalib Toğrul bu aparatların üstünlüklərini şərh edir.

Yeni nəsil NKA-lar Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş proqram aparat kompleksidir. Əvvəlkilərdən fərqli olaraq, bu kassa aparatları kassa çeki vurulduğu anda məlumatları nəzarət mexanizmi qurğusunun yaddaşında saxlamaqla yanaşı, Vergilər Nazirliyinin informasiya bazasına ötürür. Yeni nəsil kassa aparatlarının mühasibat uçotunun aparılması, vergidən yayınmanın qarşısının alınması, vergi inzibatçılığının təkmilləşdirilməsi və texniki baxımdan bir çox üstünlükləri vardır.

Yeni kassaların tətbiqinin istehlakçılar üçün də böyük faydası var. Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdən sonra fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınan mallara (neft və qaz məhsulları istisna olmaqla) görə nağdsız qaydada ödənilən ƏDV-nin 15 faizinin, nağd qaydada ödənilən ƏDV-nin isə 10 faizinin qaytarılması nəzərdə tutulur. Bu qayda yalnız yeni nəsil kassa aparatları ilə aparılan ödəmələr zamanı keçərlidir. Aparatlar mühasiblərin işinin yüngülləşməsinə də kömək edəcək. Əgər pərakəndə ticarət və ictimai iaşə müəssisəsi uçotu avtomatlaşdırılmış qaydada, məsələn, 1 C proqramı ilə aparırsa, o zaman NKA mühasibin işini xeyli asanlaşdıracaq.

Yeni nəsil kassa aparatlarının mühasibat uçotunun aparılması,
vergidən yayınmanın qarşısının alınması, vergi inzibatçılığının
təkmilləşdirilməsi və texniki baxımdan bir çox üstünlükləri var

Ən sərfəli kredit üçün müraciət et

Yeni nəsil nəzarət-kassa aparatları malların uçotu ilə bağlı proqram təminatı ilə təchiz edilib. Bu, hesabatlılığın aparılması üçün lazımi məlumatların kassanın yaddaşından mühasibat proqramlarına avtomatik yüklənməsinə imkan verəcək. Proqramların inteqrasiyası mümkün olduğundan məlumatların əllə daxil edilməsinə ehtiyac qalmayacaq.

Vergidən yayınmanın qarşısının alınmasında yeni NKA-ların əvəzsiz rolu var. Onlar dövriyyənin tam şəkildə qeydə alınmasına imkan verəcək, bu da xüsusilə dövriyyəsi böyük olan pərakəndə ticarət və ictimai iaşə müəssisələrində vergitutma bazasının genişlənməsi sahəsində əhəmiyyətli dərəcədə səmərə verəcək. Bu aparatların daha bir üstünlüyü məcburi nişanlanması tələb olunan malların uçotunun aparılmasını təmin etməsidir. Həmin malların istehsaldan və ya idxaldan başlayaraq son istehlakçıya çatdırılması prosesinin sonuncu həlqəsi üçün onlayn kassalar mühüm rol oynayır. Məcburi nişanlanmış mal istehlakçıya satıldıqda nəzarət-kassa aparatından keçir və bu, məhsulların saxtalaşdırılmasının qarşısının alınması baxımından çox vacibdir. Yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə Vergilər Nazirliyində yaradılmış məlumat bazası ilə məhsulun vətəndaşa satılması anına qədər hərəkətini, müəssisənin dövriyyəsini izlətmək mümkün olduğundan, vergi inzibatçılığı xərcləri də aşağı düşür, xronometraj metodu ilə müşahidə aparmaq, səyyar vergi yoxlaması keçirmək zərurəti azalır.

Xatırladaq ki, Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq bütün pərakəndə ticarət və ictimai iaşə müəssisələri onlayn kassaları Nazirlər Kabinetinin təsdiq etdiyi dördmərhələli qrafikə uyğun tətbiq etməlidirlər.

Ən sərfəli krediti almaq üçün müraciət et