Yeni iş axtaranlar üçün 5 tövsiyə | Banco.az

Yeni iş axtaranlar üçün 5 tövsiyə

Yeni bir işə girmək və ya iş yerini dəyişdirmək istəyirsinizsə, bu prosesdə yaşana biləcək çətinliklərdən xəbərdarsınız. Uğur qazanmaq üçün bu çətinliklərlə mübarizə aparmaq və səy göstərmək lazımdır. Eyni zamanda yeni iş tapmaq üçün rəqiblərinizin önünə keçməlisiniz. Bunu etmək üçün faydalı ola biləcək 5 tövsiyəni sizinlə paylaşırıq. 

  1. Nə istədiyinizə qərar verin – Yeni işinizin uzunmüddətli olmasını istəyirsinizsə, sevdiyiniz və uğurlu ola biləcəyinizə inandığınız sahələri axtarın. Hansı sahədə daha xoşbəxt və uğurlu olacağınızdan əmin deyilsinizsə, karyera məsləhətçilərindən istifadə edə və ya veb-saytlarda testlər vasitəsilə özünüzü daha yaxşı tanıya bilərsiniz. Komanda işi? Araşdırma etmək? Problemi həll etmək? Sizə ən uyğun olanı seçin. Etmək istədiyiniz işdə kifayət qədər təcrübəli olmadığınızı düşünürsünüzsə, bu sahə ilə bağlı kurs və təlimlərə gedin. Bu mövzuda fikir sahibi olan insanlarla məsləhətləşin. Hədəflədiyiniz sahə ilə əlaqədar könüllü işlərə qoşulmaq da faydalı ola bilər.
  2. Zəngin, amma başa düşülən CV hazırlayın – Təhsil, təlim və seminarlar, hobbiləriniz və nailiyyətləriniz sizə müsbət fayda verəcək. Ancaq CV-ni başa düşülən şəkildə hazırlamasanız, bütün bunlar boşa getmiş sayılacaq. Aydın və dəqiq hazırlanmış CV hər zaman diqqət çəkir.
  3. Sosial mediadan düzgün istifadə edin – Son zamanlarda sosial media profillərinin iş müraciətlərində dəyərləndirildiyinin şahidi oluruq. Paylaşımlarınız sizə müsbət və ya mənfi yöndə geri dönə bilər. Yaradıcılığınızı və xüsusi zövqlərinizi əks etdirən məlumatlar işəgötürənlər tərəfindən müsbət qiymətləndirilə bilər.
  4. Bütün mənbələri dəyərləndirin – Elanlar, sosial şəbəkələr, şirkətlərin insan resursları səhifələrini izlədiyiniz kimi, Linkedin sosial şəbəkəsində profil yaratmaqla şirkətlərin sizlə əlaqə qurmasına imkan tanıyın. Olmaq istədiyiniz sahəyə aid sərgilərə qatılın. Bu, şirkətlərlə tanışlıq və özünüzü göstərmək baxımından çox vacibdir.
  5. Özünüzə güvənin – Özünə inamın artırılmasının ən təsirli üsulu qarşıya hədəf qoymaq, onun arxasınca getmək, zəruri olduqda məsuliyyət almaq və yaxşı sosial dəstəyə sahib olmaqdır. İş görüşməsində nə qədər özünüzə inansanız o qədər yaxşı nəticə göstərə bilərsiniz. Lakin bunu təkəbbürlə qarışdırmaq olmaz. Boş iddialar yerinə nailiyyət və təhsilinizi paylaşaraq əmin olduğunuz tərəflərinizi ortaya qoymaq daha faydalıdır. 

Pərvanə Aslanova, Banco.az 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et