Yaxın gələcəkdə dünyanın ən kasıb əhalisinin yaşayacağı qitə | Banco.az

Yaxın gələcəkdə dünyanın ən kasıb əhalisinin yaşayacağı qitə

Kasıblar və varlılar arasındakı uçurumun getdikcə artdığı Afrikada, yalnız 3 milyarderin ümumi sərvətinin təxminən 650 milyon insanın mal-mülkündən daha çox olduğu məlum olub.

Banco.az xəbər verir ki, İngiltərədə yerləşən Oxfam tərəfindən hazırlanan "İki qitənin hekayəsi" adlı hesabatda, qitədəki gəlir ədalətsizliyi xüsusi vurğulanıb. Cəmi 3 zəngin şəxsin sərvətinin 1,3 milyard əhalisi olan Afrika qitəsinin yarısından çox olduğu qeyd olunub.

"Forbes"in nəşr etdiyi iş adamlarının siyahısında yer alan Aliko Dangote, Nicky Oppenheimer və Johann Rupertin təxminən 28,8 milyard dollar sərvəti olduğu aşkarlanıb.

Afrikanın varlı şəxslərinin 75 faizi pullarını ofşor hesablarında saxladıqlarına görə, hər il 14 milyard dollar vergi itkisi yaranır. Bundan başqa hesabatda bütün Afrika ölkələrinin oxşar bərabərsizliklər, müstəmləkə tarixi, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının həyata keçirdiyi uğursuz iqtisadi siyasətlərin öhdəsindən gəlməyə çalışdıqları qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

***Ofşor (ing. offshore) — vergidən tamamilə azad olunmuş və nəzarəti zəif olan zonalardır. Burada qanunvericilik həm şirkətin təsisçilərini, həm də maliyyə mənbələrini gizlətməyə imkan verir. Beynəlxalq hesabatlarda maliyyəsi narkotik, silah alveri və çirkli pulların yuyulmasından əldə edilən şirkətlərin ofşor zonalarda qeydiyyatdan keçdiyi bildirilir.***

Oxfam direktoru Winnie Byanyima Afrikanın bu iqtisadi çətinlikdən qurtulmağının mümkün olduğunu bildirib.

"Afrika yüksəlməyə hazırdır. Ancaq bir neçə zəngin liderlərlə yanaşı hərkəsin hüquqlarını qoruyacaq humanitar iqtisadi siyasət həyata keçirildiyi zaman bu gerçəkləşəcək”

Hesabata görə, Afrikadakı əhalinin ən yoxsul 50 faizinin ümumi sərvəti təxminən 23 milyard dollardır.

Dünya Bankının məlumatına görə isə, 2030-cu ilə qədər dünya əhalisin kasıb kütləsinin 87 faizinin bu qitədə yer alacağı ehtimal edilir.

Aida İSAQ, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et