Xarici valyutada götürülən kreditlər və cəlb edilən əmanətlər tam qanunidir! | Banco.az

Xarici valyutada götürülən kreditlər və cəlb edilən əmanətlər tam qanunidir!

Müsahibimiz AtaHolding ASC-nin Hüquq departamentinin rəhbəri, eyni zamanda AtaBank ASC-nin İdarə Heyəti sədrinin hüquq məsələləri üzrə müşaviri, Azərbaycan Risk Peşəkarları Assosiasiyasının Direktorlar Şurasının və Azərbaycan Vəkillər Kollegiyasının üzvü Qorxmaz Ağayevdir.

Manatın məzənnəsində korreksiya müyyən iqtisadi sahələrdə müsbət effekt versə də, bir çox bazar iştirakçıları bu və ya digər şəkildə zərərlə üzləşdilər. Aydın məsələdir ki, fəaliyyəti əsasən pul vəsaitləri ilə bağlı əməliyyatlar üzərində qurulmuş bank sektoru və digər maliyyə institutları daha çox zərərə məruz qaldılar. Bu vəziyyət bank sektoru və onun müştərilərini üz-üzə    qoydu və onların artan templə gedən əməkdaşlığına mənfi təsir göstərdi. Bundan əlavə devalvasiyadan sonrakı günlərdə müxtəlif televiziya kanallarında, internet resurslarında və sosial şəbəkələrdə öhdəliklərin hansı məzənnə ilə ödənilməsi, xarici valyutada öhdəliklərin qanuni olub-olmaması barədə ekspertlərin bəzən ziddiyyətli şərhlər və təklifləri bank sektoru və onun müştəriləri arasında olan gərginliyi bir az da artırdı.

Belə bir vəziyyətdə bank sektoru və onun müştərilərinin üzərinə böyük bir məsuliyyət düşür –əməkdaşlıq şəraitində çıxış yolları tapmaq. Çünki müştərilər bilməlidirlər ki, kreditlərin ödənilməsində gecikmələr onların kredit tarixçəsinə mənfi təsir edə, o cümlədən kreditlərin kütləvi şəkildə ödənilməməsi bank sistemini, yenidən kreditləşməni, əmanətlərin qaytarılmasını, pul köçürmələrini, dövlət büdcəsinə iri vergi ödənişlərini və nəticə etibarilə ölkə iqtisadiyyatını təhlükə ilə üz-üzə qoya bilər. Banklar da həmçinin müsbət tarixçəli müştərilərinə sahib çıxmalıdırlar, kreditlərdə restrukturizasiyaya getməli, kredit faizlərini aşağı salmalı, gərginliyin artmaması üçün digər tədbirlər görməlidirlər. Həmçinin banklar devalvasiya ilə bağlı müştərilərlə yaranacaq mübahisələrin məhkəmə vasitəsilə həlli imkanları baradə qərarlar verərkən tələsməməli, daha çox müştərilərlə danışıqlar vasitəsinə müraciət etməlidirlər və bu prosesdə peşəkarların xidmətindən istifadə etməlidirlər. Çünki məhkəmə presedenti sonradan qarşısıalınmaz proseslərə rəvac verə bilər. 

Təbii ki, ekspertlərin səsləndirdikləri ekspert rəyləri, tövsiyələri və təklifləri də olduqca vacibdir. Bu rəylər vəziyyətdən çıxış yollarında, heç şübhəsiz ki, böyük rol oynacaqdır. Lakin bu rəylərdə hansısa hesablanmamış səhvlər vəziyyəti gərginləşdirə bilər. Çünki məsələ çox həssasdır. Bununla belə əlamətdar haldır ki, Azərbaycanda bazar iqtisadiyyatına keçid başlayan gündən bəri bəlkə də ilk dəfə iqtisadi və mülki xarakterli qanunvericiliyin bir müddəası bu səviyyədə kütləvi müzakirə predmeti olmuşdur. Heç şübhəsiz ki, bu hadisə nəinki bank və kommersiya subyektləri, həmçinin adi vətəndaşların da hüquqi mədəniyyətinin inkişafına xeyli təsir edəcəkdir.

Səsləndirilən bəzi hörmətli ekspertlərimizin rəylərinə dair mən də öz rəyimi verməyi özümə borc bilirəm.

Ən çox səsləndirilən fikirlərdən biri – kreditlərin xarici valyutada verilməsinin qanunvericiliyə zidd olması və bu səbəbdən bağlanmış müqavilələrin etibarsız sayılacağı ilə bağlı mövqedir. Bu mövqeni müdafiə edən mütəxəssislər Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin III hissəsinə (Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi birbaşa qadağan edilir) və Mülki Məcəllənin 439.1-ci maddəsinə (Rezidentlər arasında pul öhdəliyi manatla ifadə olunmalıdır) istinad edirlər.

Hesab edirəm ki, bu mövqe qanunvericiliyin mənasi və tətbiqi təcrübəsinə, xarici valyutalarla beynəlxalq əməliyyat praktikasına ümumən uyğun deyildir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Ölkə ərazisində “Yeganə Ödəniş Vasitəsi” manatdır. Yəni bütün ödənişlər manatla aparılmalıdır, həmçinin müqavilədə manatla göstərilməlidir. Lakin manat özü-özlüyündə təkcə ödəniş vasitəsi deyildir, o həmçinin əşyadır. Belə ki, Mülki Məcəllənin 135.1-ci maddəsinə görə, pullar əşya sayılır. Burada da pul dedikdə təkcə manat başa düşülməməlidir. Başqa sözlə, pullar burada hansı ölkə tərəfindən tədavülə buraxılmasından asılı olmayaraq fiziki obyekt kimi əşya hesab edilərək mülkiyyətin predmeti kimi tanınırlar. Bunun davamı olaraq Mülki Məcəllənin “Əşyaların mülki dövriyyəsi” adlanın 136.1-ci maddəsi qeyd edir ki, əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. Göründüyü kimi, əşyaların, o cümlədən pulun SƏRBƏST şəkildə özgəninkiləşdirilməsi və bir şəxsdən başqasına keçməsi tam qanunidir. Bu qaydadan Mülki Məcəllə yalnız bir istisnanı qeyd edir – müvafiq əşyanın dövriyyədən çıxarılması və ya onların dövriyyəsinin məhdudlaşdırılması. Həmin maddənin 136.2-ci və 136.3-cü bəndlərində birmənalı olaraq qeyd edilir ki, mülki dövriyyədən çıxarılmış əşyalar və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar qanunvericilikdə birbaşa göstərilməlidir. Ölkəmizdə belə əşyaların dəqiq siyahısını 23 dekabr 2003-cü il tarixli qanunlarda tapmaq mümkündür. 23 dekabr 2003-cü il tarixli “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunularında hər hansı pulun və ya xarici valyutanın adı çəkilmir. Bu isə o deməkdir ki, Azərbaycan ərazisində hər hansı pul və ya xarici valyuta sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. Həmçinin, Mülki Məcəllənin 739, 944 və 954-cü maddələrində müvafiq olaraq kredit, əmanət və bank hesabı müqavilələrinə verilmiş anlayışlarda da pulun bu əqdlər üzrə məhz əşya kimi mülkiyyət predmeti olması və onun bu rejimdən irəli gələrək qaytarılmalı (sərəncam verilə bilən) vəsait kimi təsnif edilməsi göz qabağındadır. Bunun təsdiqi olaraq Mülki Məcəllədən çıxarışı təqdim edirəm:

Ən sərfəli kredit üçün müraciət et

739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Beləliklə mülki hüquq münasibətləri baxımından xarici valyutanın Azərbaycan Respublikası ərazisində dövriyyəsinə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 439.1-ci maddəsində (Rezidentlər arasında pul öhdəliyi manatla ifadə olunmalıdır) nəzərdə tutulmuş tələb isə görülmüş iş, göstərilmiş xidmət və satılmış mal müqabilində sifarişçi və ya satıcı qarşısında yaranan ödəniş öhdəliyinə, yəni pulun ödəniş funksiyasına aid tələbdir. Kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul onun hansı valyuta növünə aid olmasından asılı olmayaraq müqavilənin predmetini təşkil etməklə, ödəniş vasitəsi kimi yox, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Necə ki, satılmış mal, göstərilmiş xidmət və görülmüş iş kimi. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin III hissəsi ilə müəyyən edilmiş qadağa da (Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi birbaşa qadağan edilir) xarici  valyutanın mülkiyyət və müqavilənin predmeti kimi yox, ödəniş vasitəsi kimi istifadəsi hallarını tənzimləyir.

Valyuta və bank qanunvericiliyi də xarici valyutanın ölkə ərazisində xüsusilə də kredit, hesab və əmanət münasibətlərində dövrəyyəsinə dair qadağalar nəzərdə tutmamışdır. Belə ki, 21 oktyabr 1994-cü il tarixli “Valyuta Tənzimi haqqında” Qanunun 4-cü maddəsi “Valyuta sərvətləri üzərində mülkiyyət hüququ” adlanır və bu maddədə deyilir: “Azərbaycan Respublikasında valyuta sərvətləri həm rezidentlərin, həm də qeyri-rezidentlərin mülkiyyətində ola bilər. Onlar, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, valyuta sərvətləri ilə hər hansı əqdlər bağlamaq və əməliyyatlar aparmaq hüququna malikdirlər. Azərbaycan Respublikasında valyuta sərvətləri üzərində mülkiyyət hüququ digər mülkiyyət obyektləri üzərində mülkiyyət hüququ ilə yanaşı dövlət tərəfindən müdafiə olunur.” Həmçinin Mərkəzi Bankın 27 may 2002-ci il tarixli Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında Qaydalarının 2.1 və 2.2.1-ci maddələri ölkədaxilində valyuta sərvətləri ilə kredit və depozit əməliyyatlarının qanuniliyini tam olaraq təsdiqləyir. Mərkəzi Bankın Banklarda hesabların açılması qaydaları da xarici valyutada ssuda, əmanət və cari hesabların banklarda açılması və əməliyyatlara icazə verir.

Yuxarıda göründüyü kimi, Azərbaycan Respublikası ərazisində mülkiyyət və müqavilənin predmeti kimi xarici valyutaların dövriyyəsinə nə Konstitusiya, nə Mülki Məcəllə və nə də valyuta qanunvericiliyi hər hansı qadağa qoymur. Bu normativ hüquqi aktlar pulun kredit və əmanət müqaviləsinin predmeti kimi Azərbaycan Respublikası ərazisində leqal dövriyyəsi təcrübəsini bir daha təsdiqləyir.

Mülki Məcəllənin 439.7-ci maddəsi ətrafında cərəyan edən fikir çəkişmələri də bu müstəvidə həll edilməlidir. Bu maddənin tələbləri müqavilənin predmeti olan hissədə verilmiş kredit və ya qəbul edilmiş əmanətə tətbiq oluna bilməz. Bu vəsait götürüldüyü valyuta növündə və məbləğdə tam geri qaytarılmalıdır. Kredit və ya əmanətə hesablanmış faizlər isə xidmətə görə mükafat (əvəz) hesab edildiyindən 439.1 və 7-ci maddələrin, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin III hissəsinin təsiri altına düşə bilər.

Çıxış yolu kimi həmin maddənin 439.2-ci maddəsinə istinadlar da düzgün deyildir. Belə ki, bu maddə birmənalı olaraq xarici fiziki və ya hüquqi şəxsin iştirakı ilə bağlanmış müqavilələr üzrə xarici valyutanın ödəniş vasitəsi kimi istifadəsi hallarına şamil edilir.

Mülki Məcəllənin əmanət və kredit müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən müddəalarında da söhbət verilmiş borcun və ya əmanətin ödənilməsindən yox, məhz qaytarılmasından gedir. Həmin maddələri bir-bir oxumaqla bir daha buna şahid olmaq olar ki, müqavilənin predmeti olan əsas məbləğin hər yerdə qaytarılması, faizin isə ödənilməsi terminlərindən istifadə edilmişdir.

Ümid edirəm ki, belə bir vəziyyətdə müştərilər və bank sektoru öz müqavilə üzrə vəzifələrinə nizam-intizamla və ləyaqətlə yanaşacaqlar. Məsələdən çıxış yollarını məhkəmə çəkişmələrində yox, masa ətrafında əməkdaşlıq şəraitində keçən müzakirələrdə tapacaqlar.

Ən sərfəli krediti almaq üçün müraciət et