Türkiyədə vətəndaşlara fərdi pensiya yığımlarından pul götürmək imkanı yaradılacaq | Banco.az

Türkiyədə vətəndaşlara fərdi pensiya yığımlarından pul götürmək imkanı yaradılacaq

Türkiyə Cümhuriyyətinin Böyük Millət Məclisinə təqdim edilən 2019-2023-cü illərə aid İnkişaf Planında qarşıya qoyulmuş mühüm hədəflərdən biri də vətəndaşların öz vəsaitlərinə ölkə daxilində qənaət etmələrinə şərait yaradılmasıdır. Plana əsasən, vətəndaşların qənaət edərək yığdıqları vəsaitlərin istehsal sənayesindəki prioritet sektorlara və istehsala qoyulan sərmayələrin maliyyələşdirilməsinə yönəldilməsinə üstünlük verilir. Bu mənada, uzunmüddətli yığımların təşviq edilməsi və fərdi pensiya gəlirlərinin artırılması məqsədilə dövlət pensiya sistemi ilə yanaşı, əlavə sistemlərə qoşulmaq da diqqət mərkəzindədir. Belə hesab edilir ki, Fərdi Pensiya Sistemi üzvlərinin sayının artması sistemdə qalmaq müddətinin və fond məbləğlərinin artmasına şərait yaradacaq.

Gənclər arasında uzunmüddətli yığımların cəlbediciliyini artırmaq üçün Fərdi Pensiya Sistemindəki dövlət dəstəkləri yaşa görə fərqləndiriləcək və sistemə üzv olanların qısamüddətli ehtiyaclar ucbatından sistemdən çıxmalarının qarşısının alınması üçün tədbirlər görüləcək. Bu məqsədlə səhiyyə, evlənmə, təhsil, əmlak sahibi olmaq kimi ehtiyaclara görə fərdlərə sistemdən çıxmadan öz yığımlarının bir hissəsini ala bilmək imkanı veriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Fərdi Pensiya Sistemi (Bireysel Emeklilik Sistemi) vətəndaşların aktiv fəaliyyət dövründə yığımlarını uzunmüddətli investisiyaya yönəldərək pensiya yaşına çatdıqda həyat standarlarını qoruya bilmələri üçün əlavə gəlir mənbəyi yaradan özəl pensiya sistemidir və bu sistemə qoşulmaq könüllüdür. 

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et