Tədiyə balansı nədir? - Misallar ilə İZAH | Banco.az

Tədiyə balansı nədir? - Misallar ilə İZAH

Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir.  Başqa sözlə, tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Tədiyə balansı ölkə rezidentlərinin müəyyən dövr ərzində qeyri-rezidentlərlə apardığı iqtisadi əməliyyatların məcmusunu əks etdirən statistik hesabat sistemidir.

İnstitusional vahidin rezidentlik statusu onun hər hansı bir ölkənin iqtisadi ərazisini öz iqtisadi maraqlarının mərkəzi seçməsi və bu əraziyə sıx bağlılığı ilə müəyyən edilir. Tədiyə balansı 4 hissədən ibarətdir:

1. Cari əməliyyatlar balansı;

2. Kapitalın və maliyyənin hərəkəti balansı;

3. Ehtiyat aktivlərin dəyişməsi və

4. Balanslaşdırıcı maddələr.

Tədiyə Balansının tərtibi

Tədiyə balansı ölkə rezidentlərinin müəyyən dövr ərzində qeyri-rezidentlərlə apardığı iqtisadi əməliyyatların məcmusunu əks etdirən statistik hesabat sistemidir.

İnstitusional vahidin rezidentlik statusu onun hər hansı bir ölkənin iqtisadi ərazisini öz iqtisadi maraqlarının mərkəzi seçməsi və bu əraziyə sıx bağlılığı ilə müəyyən edilir. Tədiyə balansı ikili yazılış prinsipi əsasında tərtib olunur. Bu zaman hər hansı əməliyyat eyni dəyər ifadəsi olan iki əks işarəli yazı ilə qeyd olunur. Bu yazılardan biri «müsbət» işarəsi ilə kredit bölməsində, digəri isə «mənfi» işarəsi ilə debet bölməsində əks olunmaqla hər bir mübadilənin mədaxil və məxaric tərəflərini göstərir.

Malların və xidmətlərin ixracı, əldə olunmuş gəlirlər və transfertlər, aktivlərdə azalma və öhdəliklərdə (passivlərdə) artma kredit yazılışı vasitəsi ilə balansda əks olunur.

Malların və xidmətlərin idxalı, ödənilmiş gəlirlər və köçürülmüş transfertlər,aktivlərdə artma və öhdəliklərdə azalma debet yazılışı vasitəsi ilə balansa daxil edilir.

Tədiyə balansının hesablarındakı yazıların çoxu tərəflər arasında iqtisadi qiymətlilər mübadiləsi gedən əməliyyatları əks etdirir: belə iqtisadi qiymətlilərə real resurslar (mallar, xidmətlər, gəlirlər, pul yardımları) və maliyyə resursları (aktivlər və öhdəliklər) aiddir. Bu prinsip əsasında tədiyə balansı 4 hissəyə bölünə bilər:

- Cari əməliyyatlar hesabı – buraya ölkənin xarici ticarəti (idxal-ixrac), əldə edilmiş və göstərilmiş xidmətlər, əldə edilmiş və ödənilmiş faktor gəlirlər (əmək haqqı, divident, faiz, renta və digər bu tip ödənişlər) və cari transfertlər (pul baratları, humanitar yardımlar, qrantlar və s.) aiddir.

- Kapitalın və maliyyənin hərəkəti hesabı – Kapital hesabı əsasən ölkənin qalan dünya ilə istehsal edilməmiş qeyri-maliyyə aktivlər üzrə əməliyyatlarını (məsələn, ölkədə xarici səfirliyə satılmış torpaq sahəsi), həmçinin kapital yönümlü digər transfertləri (məsələn, avadanlıq formasında edilmiş humanitar yardım), Maliyyə hesabı isə müxtəlif növ sərmayə axınlarını, yaranmış maliyyə öhdəliklərini və tələblərini ifadə edir (birbaşa və portfel investisiyalar, kreditlər, depozitlər və digər).

- Ehtiyat aktivlər – bu maddə Cari əməliyyatlar, Kapital və maliyyənin hərəkəti hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Məsələn, əgər Cari əməliyyatlar balansının kəsirini maliyyələşdirmək üçün xaricdən kredit cəlb etmək mümkün deyilsə, bu kəsir Mərkəzi Bankın valyuta ehtiyatları hesabına valyuta bazarına müdaxilə etməklə örtülür. Yuxarıda qeyd olunmuş mühasibatlıq yazılışı qaydalarına əsasən kredit tərəfi “müsbət” işarə ilə aktivin azalmasını, debet tərəfi isə “mənfi” işarə ilə aktivin artmasını ifadə edir.

-Balanslaşdırıcı maddələr – Konseptual baxımından hər bir əməliyyatın kredit və debet tərəfi olduğundan, balansın yekununda ikili yazılış qaydası üzrə məcmu kredit əməliyyatlarının yekun həcmi məcmu debet əməliyyatlarının yekun həcminə bərabər olmalıdır. Praktikada isə heç bir ölkənin tədiyə balansının tərtibatında buna nail olmaq mümkün deyildir. Xüsusilə ölkənin xarici iqtisadi əlaqələrinin sürətlə genişlənməsi şəraitində bir sıra əməliyyatların dəqiq qeydiyyatını aparmaq daha da çətin olur (informasiyanın tam olmaması, informasiya mənbələri arasında vaxt intervalı, qiymətləndirmələrdə kənarlaşmalar və s.). Əksər hallarda bir əməliyyatın kredit və debet tərəflərini qeyd etmək üçün müxtəlif informasiya mənbələrindən istifadə olunur. Bu mənbələrin biri və ya bir neçəsi natamam olduqda kredit və debet tərəfləri bir birinə bərabər olmur və nəticədə müəyyən fərq yaranır. Bu fərqlər cəmi yekunda balanslaşdırıcı maddələr rolunu oynayır.

Ən sərfəli kredit üçün müraciət et

Tədiyə balansında əməliyyatların qeydə alınmasına dair NÜMUNƏLƏR:

MİSAL 1.

 “A” ölkəsi xaricdən 100 dollarlıq avadanlıq alır:

Bu əməliyyatın iki tərəfi var:

- xaricdən ölkəyə fiziki resurs olan avadanlıq gətirilir;

- və bunun müqabilində xaricə 100 dollar ödəniş edilir.

Dollar valyuta olaraq ABŞ mərkəzi bankının öhdəliyidir və məntiqi olaraq “A” ölkəsinin ABŞ mərkəzi bankına nəzərən aktivi sayılır.

Beləlikə, bu əməliyyatın nəticəsi olaraq Cari əməliyyatlar balansının debet tərəfində idxal əməliyyatını qeydə almaq üçün 100 dollar, xaricə 100 dollarlıq ödəniş (başqa sözlə “A” ölkəsinin 100 dollarlıq maliyyə aktivinin azalmasını) isə Kapital və maliyyə hesabının kredit tərəfində yazılır.

MİSAL 2.

“A” ölkəsi aldığı avadanlığı quraşdırmaq üçün xaricdən mütəxəssis dəvət edir: Dəvət olunmuş mütəxəssis “A” ölkəsi üçün qeyri-rezidentdir. Belə ki, mütəxəssisin daimi yaşayış yeri, iqtisadi maraqlarının mərkəzi xarici ölkə olaraq qalır, onun “A” ölkəsində qalıb uzunmüddətli yaşamaq niyyəti yoxdur. Bu səbəbdən qeyri-rezidentin “A” ölkəsinin rezidentlərinə göstərdiyi xidmət və bunun qarşılığında əldə etmiş olduğu gəlir, eləcə də “A” ölkəsinin rezidentləri ilə apardığı digər əməliyyatlar tədiyə balansının predmetidir. MİSAL 1-dəki prinsipə uyğun olaraq, qeyri-rezident mütəxəssisə edilmiş ödəniş nəticəsində “A” ölkəsinin maliyyə aktivinin azalması Kapital və maliyyə hesabında kreditdə, “A” ölkəsinin xidmət idxalı kimi isə Cari hesabda debetdə əks olunur.

MİSAL 3.

 Xarici mütəxəssis “A” ölkəsində qaldığı qısa müddət ərzində mehmanxana, yemək, geyim və s. üçün xərclər həyata keçirir. Bu xərcləmələrin cəmi “A” ölkəsinin tədiyə balansının Cari hesabında turizm xidmətlərinin ixracı kimi qeydə alınır. Digər tərəfdən, xarici mütəxəssis tərəfindən xərclənən vəsaitlər hesabına “A” ölkəsinin maliyyə aktivlərininin həcmi yüksəlir və bu Kapital və maliyyə hesabının debet tərəfində eyni məbləğ qədər qeyd olunur.

MİSAL 4.

Xarici mütəxəssis və ya qeyri-rezident işini bitirərək bir neçə aydan sonra öz ölkəsinə qayıdır. Gedərkən o özü ilə ölkəsində satmaq üçün bəzi məhsullar və səsvermə hüququ olmamaqla hər hansı bir yerli müəssisənin səhmlərini alır.

Yenidən tədiyə balansının elementi olaraq iki iqtisadi hadisə baş verdi. “A” ölkəsi ixrac əməliyyatını reallaşdırdı (Cari əməliyyatlar balansı) və portfel investisiyası formasında xarici investisiya cəlb etdi (Kapital və maliyyənin hərəkəti hesabı). Hər iki halda maliyyə aktivlərinin artımı Kapital və maliyyənin hərəkəti hesabının debet tərəfində göstərilir.

MİSAL 5.

 Xarici mütəxəssis öz ölkəsinə qayıtmaqla tədiyyə balansına daxil ediləcək əməliyyatlar silsiləsi bitmir. “A” ölkəsinin müəssisəsi səhmlərinin bir hissəsini qeyrirezidentə satdığından “A” ölkəsinin qalan dünya qarşısında öhdəliyi yaranmışdır və bunun müqabilində investisiya gəliri ödəməyə başlayır. Bu əməliyyat “A” ölkəsinin tədiyə balansının Cari hesabının gəlirlər bölməsinin debet tərəfində, ödəniş nəticəsində maliyyə aktivlərinin azalması isə Kapital və maliyyə hesabının kredit tərəfində yazılır.

Mənbə: cbar.az 

Ən sərfəli krediti almaq üçün müraciət et