“Starling” onlayn bankın yaradıcısı Anne Boden | Banco.az

“Starling” onlayn bankın yaradıcısı Anne Boden

Anne Boden bank sektorunda yüksək vəzifə tutan bir neçə qadından biridir.

Anne Boden bildirir ki, Uelsdə yaşayarkən onun karyera hədəfləri “hər hansı ofisdə işləmək” dən ibarət idi. Maliyyə sektoruna daxil olmaq onun planları içərisində yox idi. “Mən yəgin ki öz şəxsi bankımı quracağımı gözləmirdim. Ancaq bu edilməli idi.”

2014-cü ildə “Starling” onlayn bankını yaratmamışdan əvvəl Boden 30 ildən çox maliyyə sektorunda işləmişdi. O, İsveçrənin çoxmillətli investisiya bankı “UBS” və Şotlandiya Royal Bankında yüksək vəzifələrdə çalışmış, lakin maliyyə böhranı nəticəsində bank sektorunun inqilaba ehtiyacı olduğu qənaətinə gəlmişdi.

2012-ci ildə o, İrlandiyanın kommersiya bankı olan “Allied Irish Bank” da bankı borclardan xilas edib gəlirliliyi təmin etmək üçün baş əməliyyat direktoru vəzifəsinə təyin edildi. Bankdakı təcrübəsi onu hərəkətə keçməyə təşviq etdi.

“İrlandiyada müşahidə etdiklərim olduqca dəşhətli idi. Banklar böyük məbləğdə borclar götürmüş, insanlar yaxşı işləməyən maliyyə sistemindən əziyyət çəkir və ümidsizliyə qapılmışdılar. Biz bankın gəlirliliyini yenidən təmin edə bildik, lakin mən çox yaxşı bilirdim ki, daha çox işlər görməliyəm”, o dedi.

Yeni onlayn bank yaratma ideyası həmkarları tərəfindən ilk olaraq şübhə ilə qarşılandı. Hazırda heç bir fiziki filialı olmayan və yalnız onlayn xidmət göstərən “Starling” 100.000 – dən çox müştəriyə sahibdir. Bank bu yaxınlarda “Smart Money People” saytı tərəfindən ən yaxşı bank seçildi.

“Bu yeni bankı ilk dəfə açanda insanların əksəriyyəti bacara bilməyəcəyimi düşünürdülər, lakin mən buna nail oldum. Mən böyük bankların yaşadıqları böhranları, hüquqi sistemlərini və bank bürokratiyasını təcrübədən keçirdim. Müşahidə etdim ki, insanlar mövcud sistemi dəyişdirməyə çalışırlar və bu uzun və vəsait tələb edən prosesdir. Mən başdan başlamaq istəyirdim.”

Ən sərfəli kredit üçün müraciət et

“Starling” bankı müştərilərə daha vacib seçimlər təklif edir. “Böyük banklara diqqət yetirsəniz onların arasındakı yeganə fərq filiallarında yerə sərilmiş xalçanın rəngi olduğunu görərsiniz”, o deyir.

Universitetdə informasiya texnologiyaları fakültəsini bitirən Boden karyerasına Britaniyanın kommersiya bankı Lloyds Bankda texnologiya departamentində işə düzəlməklə başladı. O dövrdə cinsi ayrı-seçkilik kəskin hal almışdı. “Filial iki hissəyə bölünmüşdü; qərarlar qəbul edib idarəçiliyi yerinə yetirənlər – kişilər, işlərin təfərrüatları ilə məşğul olanlar isə qadınlar idi.”

Bankda vəzifəcə yüksəlmək qadın işçilər üçün xarakterik olmasa da, Boden buna nail oldu. Standard Chartered Bank və UBS də tutduğu rəhbər vəzifələrin ardınca o, Niderlandın ABN Amro bankı və Şotlandiya Royal Bankı üçün 34 ölkə üzrə bank əməliyyatlarını yerinə yetirirdi.

Şirkətlər tərəfindən qadın işçilərin vəzifələrə cəlb edilməsi göstəricisi artsa da, Boden maliyyə və texnologiya sektorunda çalışdığı 35 il ərzində cinsi ayrı-seçkiliyin həqiqətən azalmadığını bildirir.

Bodenin fikrincə banklarda ayrı-seçkiliyin azaldılması maliyyə böhranının qarşısını almaq üçün əsas təşkil edir. “Maliyyə böhranı eyni tərzdə düşünən insanlara görə yaranır. Onlar həqiqətən mübarizə aparmayan insanlardır. Mən düşünürəm ki, insan və fikirlərin müxtəlifliyi biznes üçün yalnız müsbət nəticələrə səbəb olacaq.”

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et