Son bir ay ərzində özəl sektorda əmək müqavilələrinin sayı 11 minə qədər artıb | Banco.az

Son bir ay ərzində özəl sektorda əmək müqavilələrinin sayı 11 minə qədər artıb

Məcburi dövlət sosial sığorta haqları üzrə büdcə daxilolmalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,3 faiz artaraq 1 milyard 21,6 milyon manat təşkil edib. Bu sahədən daxilolmalar üzrə proqnozlar 113,8 faiz icra edilib. 

İqtisadçı ekspert Rəşad Əliyev bu artımı pozitiv nəticələrin təzahürü kimi qiymətləndirərək deyib ki, işsizlikdən sığorta üzrə göstəricilərdən fərqli olaraq, sosial sığorta ayırmalarının toplanmasında ciddi irəliləyişlərə nail olunub: "Vergilər Nazirliyinin dərc etdiyi növbəti statistik məlumatlarda pozitiv rəqəmlər çoxdur. Maraqlı məqamlardan biri də qeyri-büdcə təşkilatları üzrə daxilolmaların 18,9 faiz artaraq 667,5 milyon manata çatmasıdır. Bu sahədə proqnozlar 117,1 faiz icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 74,2 faiz artaraq 39 milyon manat təşkil edib, proqnozlar 116,5 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 87,8 faiz artaraq 28,9 milyon manat olub, proqnozlar 120,6 faiz icra edilib. Bu sahədə də əhəmiyyətli artımlar müşahidə edilir".

Ekspert vergi daxilolmalarında diqqət çəkən artımlara münasibət bildirərək qeyd edib ki, burada digər amillərlə yanaşı, minimum əməkhaqqının məbləğinin artırılmasının da təsirləri olub: "Statistik dövr yanvar-may aylarını əhatə edib. Məlumdur ki, martın 1-dən minimum əməkhaqqının məbləği 130 manatdan 180 manata qaldırılıb. Bundan əvvəl 150 min nəfərədək işçi 180 manatdan az əməkhaqqı alırdı. Minimal göstəricinin artımı təsirsiz ötüşmədi".

Ən sərfəli kredit üçün müraciət et

Büdcə daxilolmalarının artmasında minimum əməkhaqqının artırılmasının xüsusi rolunu qeyd edən R.Əliyev ayrı-ayrı sahələrdə aparılan "ağarma" proseslərinin də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Qeyri-neft sektorunda əmək müqavilələrinin sayı kifayət qədər artıb. Məsələn, 2019-cu ilin iyun ayının sonuna ilin əvvəli ilə müqayisədə bağlanmış əmək müqavilələrinin sayı 7,3 faiz, o cümlədən qeyri-dövlət sektorunda 14 faiz artıb. Bağlanmış əmək müqavilələrinin ümumi sayı üzrə artımın 75,7 faizi qeyri-dövlət sektorunun payına düşüb. Təkcə iyun ayı ərzində qeyri-dövlət bölməsində əmək müqavilələrinin sayında 11 minə qədər artım qeydə alınıb. Cari ilin 6 ayı ərzində qeyri-dövlət sektorunda əmək müqavilələrinin say artımının 26,3 faizi ticarət, 18,9 faizi xidmət, 18,7 faizi sənaye sektorunun payına düşüb".

R.Əliyev əmək müqavilələrinin sayında artımların əsasən "kölgə istisadiyyatı"nın mövcud olduğu sahələrdə baş verdiyini bildirərək qeyd edib ki, əldə olunan nəticələr Vergilər Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi islahatların uğurlu nəticəsidir.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et