SOCAR-ın Türkiyədəki müəssisəsi Azərbaycana və qardaş ölkəyə mənfəət gətirəcək | Banco.az

SOCAR-ın Türkiyədəki müəssisəsi Azərbaycana və qardaş ölkəyə mənfəət gətirəcək

“İlin sonunadək BP ilə müştərək əsasla 1,8 milyard dollaradək dəyəri olan bir layihənin təməlini qoymaq niyyətindəyik”.

Bunu müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdir müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, Türkiyədə yeni neft kimya kompleksinin FEED layihəsinin hazırlanması üçün tender elan olunub, nəticələri də yaxın aylarda açıqlanacaq. Həmin layihə mənfəət baxımdan təkcə Azərbaycan üçün yox, Türkiyə üçün də böyük əhəmiyyət daşıyır. Belə ki, yeni kompleks işə düşəndən sonra qonşu ölkənin ildə 1 milyon ton saflaşdırılmış tereftal turşusunun (PTA) idxalına ehtiyacı aradan qalxacaq.

“Bununla yanaşı, hər il 800 min tonu idxal olunan paraksilol da bundan belə bizim müəssisədə istehsal olunacaq. Bu layihə bizim Türkiyədəki hazırda “Star” Neftayıram Zavodu və “Petkim”dən ibarət olan sənaye kompleksimizin inteqrasiyası prosesində mühüm rol oynayacaq, çünki yeni tikiləcək müəssisədə öz məhsulumuz olan “Star”da emal olunan reformat xammal qismində istifadə olunacaq”, - İ.Əhmədov deyib.

O vurğulayıb ki, gələcək kompleksin artıq Əliağa yarımadasında mövcud olan SOCAR infrastrukturuna inteqrasiyası, habelə öz xammal mənbəyinə yaxınlığı layihənin yüksək gəlirli olmasının başlıca amilləridir: "Yeni “Merkuri” kompleksinin 2023-cü ildə istismara veriləcəyi nəzərdə tutulur".

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, SOCAR ilə BP 2018-ci il dekabrın 20-də Türkiyədə dünyamiqyaslı neft kimya kompleksinin inşası və idarə olunması üçün birgə müəssisə yaratmaq planının dəyərləndirmə prinsiplərinə dair müqavilə imzalayıb. Bu layihə ildə 1,25 milyon ton saflaşdırılmış tereftal turşusu (PTA), 840 min ton paraksilol (PX), 340 min ton benzol istehsal edəcək kompleksin inşasını nəzərdə tutur.

“Star” Neftayırma Zavodunun fəaliyyətindən danışan İ.Əhmədov bu il cəmi 8 milyon tonadək xam neftin emal olunacağı müəssisənin sayəsində Türkiyəyə hazırda idxal olunan bəzi neft məhsulları da istehsal olunmaqla ölkənin xarici ticarət kəsirini azaltmağa mühüm töhfə verəcəyini diqqətə çatdırıb.

Həmçinin “Star” zavodunda istehsalına başlanacaq daha bir neft məhsulu reformatın da yeni tikiləcək “Merkuri” neft-kimya kopmleksində daha dərin emal olunaraq yüksək əlavə dəyərə malik neft kimya məhsullarına çevriləcəyi qeyd olunub.

”Star” zavodu dizel, reaktiv yanacağı, maye qaz, neft koksu kimi yüksək əlavə dəyərə malik neft məhsulları istehsal edir. Bu məhsulların Türkiyə və başqa ölkələrdə satılması Azərbaycan üçün illik yüz milyonlarla dollar gəlir mənbəyi, Türkiyə üçün də xarici ticarət kəsirinin xeyli azalması deməkdir”, – müsahibimiz vurğulayıb. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et