Sizin şəxsi bankirə ehtiyacınız varmı? | Banco.az

Sizin şəxsi bankirə ehtiyacınız varmı?

Böhran dövründə, valyutaların kurslarının tez-tez dəyişməsi, daşınmaz əmlak bazarındakı durğuluq və müxtəlif iqtisadi sahələrdəki resessiya sizin də şəxsi sərvətinizə və gəlirlərinizə təsirsiz ötüşmür. Belə mərhələdə aktivlərin qorunması və artırılması, həmçinin onların sizin övladlarınız üçün mənfəətli olacaq şəkildə yatırım edilməsi çox əhəmiyyətli şəkildə gündəmə gəlir. Söhbət sərvətin qorunub artırılmasından gedəndə isə, yada məhz kapital idarəçiliyi və prayvit bank xidmətləri düşür.

Düzgün maliyyə və investisiya qərarları vermək üçün sizə şəxsi bankir məsləhəti lazım olacaq.

Şəxsi bankirin olması niyə vacibdir?

Kompleks yanaşma. Əgər Sizin bir bankda əmanət hesabınız, digər broker şirkətində investisiya hesabınız və başqa bir institutda isə ailə trastınız varsa, hətta ən vacib maliyyə  planlarında da təsadüfi qərarlara yol verilə bilər. Prayvit banka müraciət etmənin ən başlıca səbəblərindən biri odur ki, siz bu investisiya vasitələrinin və aktivlərinin istənilən biri haqqında sadəcə bir insanla əlaqə  saxlaya və danışa bilərsiniz, amma bundan ötrü siz yetərincə zəngin olmalısınız ki, şəxsi bankirinizin olmasına iddia edə biləsiniz.

Bu bankların yaratdığı əlavə dəyər heç də müştərilərə verilən limitsiz kartlar ilə ölçülmür, yəni onlar sadəcə ənənəvi məhsullar üzərindən rəqabər aparmır. Dünyada prayvit bank sektoru üzrə rəqabətin kəskinləşməsi maliyyə dünyasının bu sahəsində son illər ərzində əhəmiyyətli dərəcədə inkişafa gətirib çıxarmışdır.

Bəs, sizin bütün maliyyənizin yeganə bir çətir altında birləşdirilməsi doğrudan da yaxşı ideyadır?

Bu gün bu sualla daha çox istifadəçilər üzləşir, bunun bir səbəbi də prayvit banklara çıxışın sanki nisbətən yüngülləşməsidir. Əgər əvvəllər, yalnız yüksək xalis sərvəti olan insanlar bu xidmətlərdən yararlanırdısa, onların da xalis sərvəti 10 milyon dollar çox olmalı idisə, bu gün prayvit banklar öz klublarına 1 milyon cıvarında sərvəti olanları da qəbul edirlər.

Müsbət tərəflər: Fərdi yanaşma və üstünlüklər

Payvit bankinqi bir satış məhsulu kimi müştərilərə ən çox cəlbedici edən və üstünlüyü danılmaz olan – aşkar rahatlıqdır – yəni siz bir alış məntəqəsindən öz maliyyə ehtiyaclarınıza uyğun bütün məhsulları almaq imkanını qazanırsınız. Çünki bu bank institutlarının müştərilərinə təqdim etdiyi xidmət menyusu öz əhatəliliyinə görə seçilir ( depozit hesabları, kredit xətləri, investisiyalar, trastlar, yatırımlar, alternativ investisiyalar).  İnvestorlar pulla bağlı suallarına dəqiq cavab almaq üçün hara müraciət etməli olduqlarını yaxşı bilirlər. Burada onlar öz portfellərindəki aktivlərin müxtəlif aspektlərini necə balanslaşdırmalı olduqlarını öyrənirlər.

Digər amil fərdi təmasdır. Geniş kütləyə xitab edən və bir izdiham müştərisi olan ənənəvi banklardan fərqli olaraq, prayvit banklar daha az müştəriyə xidmət edir. Ona görə də onlar işlədikləri insanlarla daha sıx münasibət qura bilir və qurmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bəzən üzərindən sakitcə keçilən üstünlüklərdən biri də müştərilərin əsas məsələlər ilə bağlı daha çox sövdələşmək imkanının olmasıdır, məsələn: depozit sertifikatlarının dərəcələri və ya ipoteka faizləri və s, yəni müştərilərin vacib nüanslarda sövdələşərək razılığa gəlmək imkanı olur.  Məsələ ondadır ki, banklar qazanclarının əhəmiyyətli hissəsini şəxsi müştərilərdən menecment haqqı və komissiya şəklində alırlar, yəni xidmətə görə ödənilən haqlardan qazanırlar. Buna görə də onlar müştərini bankda saxlamaq üçün digər məqamlar ilə bağlı sövdləşməyə və razılaşmağa hazırdırlar.

Əks tərəflər: Maraqların toqquşması, çıxışın çətinliyi

Təbii ki, bütün yumurtaları bir səbətə qoymağın riskləri var, amma prayvit bankinqdə həmin səbətləri daha yaxşı diversifikasiya etmək mümkündür, sadəcə bəzi ekspertlər buna bir az şübhə ilə yanaşır. Doğrudanmı prayvit bankirlər sizin aktivlərinizi hamıdan yaxşı idarə edəcək? Bəs, nəyin bahasına, yəni hansı qiymətə? Bu məsələdə bəzi ekspertlər düşünür ki, siz maliyyə aktivlərinizin idarəsini, diversifikasiyası və s, aspektlərdə nəzərə almaqla, yaxşı bir maliyyə planlayıcısına həvalə edə bilərsiniz. Bu zaman seçim sizin əlinizdədir, maliyyə planlayıcı və ya şəxsi bankir?

Prayvit bankinq ilə bağlı səsləndirilən digər incə məqam isə, bank ilə münasibətləri bitirməyin çətinliyi ola bilər. Məsələn, əgər sizin adı bir riteyl bankda əmanət hesabınız varsa, siz onu rahatlıqla bağlayıb başqa bir banka xidmət üçün keçə bilərsiniz. Amma bütün maliyyə vəziyyətinizdən xəbərdar olan bankirlə əlaqələri kəsmək bəzən çətin görünür. Əlbəttə siz, onun xidmətlərindən tam razı qalsanız, bu ehtiyac ümumiyyətlə yaranmaya bilər.

Şəxsi bankir – prayvit banklar tərəfindən təqdim olunan standart xidmətlər sırasındadır, bu müştərilərin müraciətlərinə individual yanaşma tətbiq etmək imkanı verir, əsas üstünlük isə yüksək operativlik, müştəriyə qarşı diqqətlilik və hər zaman əlçatan olmaqdır. 

Qeyd etmək lazımdır ki, prayvit banking  - sadəcə şəxsi müştərilərə göstərilən VİP-xidmət deyil. VİP müştərilər də bankların məhsul və xidmətlərindən yararlanır, əksər hallarda onlara daha yüksək vəzifəli bank əməkdaşları xidmət göstərir, amma yenə də bu xidmətlər kompleks şəklində həyata keçirilmir və məhsullar ənənəvi, pərakəndə bank məhsulları sırasından kənara çıxmır. Prayvit bankinq isə sizə şəxsi bankirə sahib olmaq imkanı verir ki, bununla da siz öz maliyyə məsələlərinizin həllində ən yüksək standartlara cavab verən yanaşmalar qazanmış olursunuz.

Prayvit bankinq yüksək korporativ idarəetmə və peşəkar hazırlıq səviyyəsi tələb edir, ona görə heç də bütün banklar bu tip xidmət göstərmək iqtidarında olmur.  

Ən sərfəli krediti almaq üçün müraciət et