Sığorta şirkətlərinin mənfəəti niyə azalıb? | Banco.az

Sığorta şirkətlərinin mənfəəti niyə azalıb?

Azərbaycanda sığorta bazarının həcmi sürətlə artsa da, sığorta şirkətlərinin mənfəəti azalmağa başlayıb. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov məlumat verib. Onun sözlərinə görə, mənfəətin azalması əsasən sığorta ödənişlərinin artması ilə bağlıdır. Belə ki, son illər icbari sığorta növləri inkişaf etdiyindən və geniş yayıldığından icbari sığorta ödənişlərinin həcmi də əhəmiyyətli dərəcədə artıb.

Orxan Bayramov mövcud vəziyyəti həm də əhalinin sığorta sahəsində biliklərinin artması, insanların maariflənməsi ilə izah edib: “Nəticədə insanlar öz hüquqlarını daha yaxşı bilir və hadisə baş verdikdə daha yaxşı tələb edirlər. İndi insanlar hər hansı problem olanda məhkəməyə müraciət etməkdən və bu prosesdə öz hüquqlarını sona qədər qorumaqdan çəkinmirlər. Bu da ödənişlərin artımına səbəb olur”.

Bundan başqa, istənilən sahədə olduğu kimi, sığorta sahəsində də yeni məhsulların yaradılması üçün investisiya qoyuluşu tələb olunur. ASA sədrinin sözlərinə görə, həmin vəsaitlərin geri qayıtması üçün müəyyən vaxt lazımdır. Yəni, yeni məhsullar üzrə mənfəət tədricən əldə olunur.

Ən sərfəli kredit üçün müraciət et

Sığorta şirkətlərinin mənfəətini azaldan digər mühüm amil isə ölkə iqtisadiyyatında baş verən proseslər və irimiqyaslı investisiya layihələrin həyata keçirilməsidir. Nəticədə, həm keyfiyət, həm də kəmiyyət baxımından iqtisadiyyatda sığorta xidmətlərinə tələbat artır.

Orxan Bayramov bildirib ki, sığorta şirkətləri artan tələbata cavab vermək, iri layihələri sığortalamaq üçün müəyyən rezervlərə malik olmalıdırlar. Nəticədə, onlar vəsaitlərinin bir hissəsini rezervlərin yaradılmasına yönəldirlər ki, bu da son nəticədə onların mənfəət göstəricilərinə təsir edir: “Ümumiləşdirsək, bütün bu amillərin təsiri ilə şirkətlərin öz xərclərini artırması son nəticədə onların mənfəətinə təsir edir. Amma fikrimcə, bu faktorlardan bəziləri gələcək illərdə şirkətlərin mənfəətlərinin artımına səbəb olacaq”.

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et