Sığorta şirkətlərindən 11-də yığım, 15-də ödəniş artıb | Banco.az

Sığorta şirkətlərindən 11-də yığım, 15-də ödəniş artıb

2015-ci ilin yanvar-may aylarında Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə, bazarın lideri “Paşa Sığorta” şirkəti olub. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, şirkət 5 ay ərzində 36 milyon manat sığorta haqqı toplayıb. Sonrakı yerləri tutan “Paşa Həyat Sığorta”nın yığımları 29,5 milyon manat, “Atəşgah Sığorta”nın yığımları isə 10,8 milyon manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk beşliyi “Atəşgah Həyat Sığorta” (18,5 milyon manat) və “Azərsığorta” (16,2 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə bazarın 59,7%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (124 milyon manat) düşür.

Ən az sığorta haqqı toplayanlar isə “Rəvan Sığorta” (816 min manat), “Başak İnam” (564 min manat), “Amrah Sığorta” (394 min manat), “Azərqarant” (135 min manat) və “Günay Sığorta” (41 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi 1,95 milyon manat olub və ümumi sığorta yığımlarının 0,9%-ni təşkil edib.

Ötən ay lisenziyası ləğv edilmiş “Era-Trans”, praktiki olaraq fəaliyyətini dayandırmış “Çartis Azərbaycan” sığorta şirkətləri isə təbii olaraq sığorta haqqı toplamayıb.

Ümumilikdə 27 sığorta şirkətindən 2-də sığorta haqlarının məbləği 20 milyon manatdan çox, 4 şirkətdə 10 milyon manatdan çox, 5 şirkətdə 5-10 milyon manat arasında, 8 şirkətdə 1 milyon manatdan 5 milyon manata qədər, 2 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 6 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 11-də sığorta haqlarının artımı, 16-da isə azalması baş verib.

Ən sərfəli kredit üçün müraciət et

Sığorta ödənişlərinin məbləğinə görə isə lider “Qala Həyat Sığorta” şirkətidir – 15,3 milyon manatla. Sonrakı yerləri tutan “PAŞA Sığorta”nın ödənişləri 11,6 milyon manat, “Atəşgah Sığorta”nın ödənişləri isə 6,3 milyon manat təşkil edib. Ödənişlərin məbləğinə görə, ilk 5-liyi “Atəşgah Həyat Sığorta” (5,5 milyon manat) və “AXA MBASK” (4,9 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə, ödənişlərin 58,5%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (43,6 milyon manat) düşür.

Ən az ödəniş edən şirkətlər isə “Era-Trans” (86,63 min manat), “Günay Sığorta” (41,15 min manat), “İpək Yolu Sığorta” (18,83 min manat), “Çartis Azərbaycan” (13,2 min manat) və “Azərqarant” (1432 min manat manat) olub. Bu şirkətlərin ümumi göstəricisi 161,24 min manat olub ki, bu da ödənişlərin 0,2%-ni təşkil edir.

Ümumilikdə 27 sığorta şirkətindən 2-də ödənişlərin məbləği 10 milyon manatdan çox, 2-də 5 milyon manatdan çox, 10-da 1 milyon manatdan 5 milyon manata qədər, 5 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 3 şirkətdə 100 min manatdan 500 min manata qədər, 5 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 15-də sığorta ödənişlərinin artımı, 12-də isə azalması baş verib. 

Ən sərfəli krediti almaq üçün müraciət et